İbrahim Nebioglu
Відкрити в Telegram
2 440
Підписники
-124 години
-67 днів
-2530 днів
Архів дописів
2 440
Bəlkə “Ofey”in əsas mənası da elə buradadır. Bu ad yalnız rəsmləri “Richard Feynman” şöhrətindən qorumaq üçün seçilmiş təxəllüs deyildi; istər-istəməz Feynmanın özünə də başqa bir sahədə daha sərbəst görünmək imkanı verirdi. Orada böyük fiziklə yanaşı başqa bir adam da üzə çıxırdı: baxmağı öyrənən, qadın gözəlliyindən təsirlənən, səhv edən, öz zövqünü sınaqdan keçirən və hələ də dünyaya maraqla yanaşan adam.
Fizikada Feynman təbiətin görünməyən qanunlarını axtarırdı. “Ofey” isə görünən dünyanın qarşısında dayanmışdı. Bəzən bir üzü anlamaq, bəzən bir bədənin xəttini tutmaq, bəzən də sadəcə baxmaq üçün. Bəlkə insanın öz məşhur adından kənarda saxladığı sahə onun haqqında elə həmin addan daha çox şey danışa bilir.
2 440
Bu məqam Feynmanın fizika ilə münasibətini də xatırladır. O, hadisənin adını bilməyi onu anlamaq hesab etmirdi. Termin məsələnin bəzən yalnız başlanğıcı idi. Feynman fizikada “burada əslində nə baş verir?” deyə soruşur, rəsm qarşısında isə sual bir qədər dəyişirdi: “Mən əslində nə görürəm?” Elm və sənəti iki tam ayrı dünya kimi təsəvvür etməyimiz bu baxımdan bir qədər sünidir. Yaxşı alim üçün təxəyyül və müşahidə nə qədər vacibdirsə, yaxşı rəssam üçün də diqqət və struktur hissi bir o qədər vacibdir.
Ancaq “Ofey” imzalı əsərlərə baxanda başqa bir xətt də aydın görünür: erotika.
Feynmanın qadın fiqurları sadəcə akademik çılpaq model çalışmalarından ibarət deyil. Onların bir qismində qadın bədəninə yönəlmiş maraq açıqdır; pozanın seçimi, bədən xəttinin vurğulanması, modelin təqdim olunma tərzi göstərir ki, rəssam qarşısındakı bədəni yalnız anatomiya və proporsiya məsələsi kimi görmür. Bununla belə, bu rəsmləri erotik sənətin daha açıq, qəsdən təhrikedici nümunələri sırasına qoymaq da doğru olmazdı. Erotizm çox vaxt süjetdə deyil, baxışdadır: Feynmanın qadın bədəninə diqqətlə və müəyyən heyranlıqla baxmasında.
Bu fərq vacibdir. Çılpaq bədən Qərb rəssamlıq ənənəsində özlüyündə erotika demək deyil; əsrlər boyu anatomiya, ideal forma və insan bədəninin plastikası rəssamlığın əsas mövzularından olub. Feynmanın bəzi işlərində isə akademik müşahidə ilə şəxsi cazibə hissinin sərhədi bulanıqlaşır. Onun qadınlara marağını bioqrafiyasından da bildiyimiz üçün həmin rəsmlərə baxarkən müəllifin şəxsi temperamentini tamamilə kənarda saxlamaq çətindir. “Ofey” qadın bədənində xətt, kölgə və forma görürdü, amma həmin bədənə laqeyd bir müşahidəçinin gözü ilə baxmırdı.
Əslində bu, Feynmanın rəssamlığını daha maraqlı edir. Çünki rəsm ona yalnız görməyi öyrətmirdi, görməyin heç vaxt tam neytral olmadığını da göstərirdi. Alim müşahidə zamanı öz arzu və gözləntilərini mümkün qədər kənarda saxlamağa çalışır: təbiəti olduğu kimi anlamaq istəyirsənsə, nəticəni əvvəlcədən gözlədiyin və ya arzuladığın istiqamətə çəkməməlisən. Sənətdə isə müşahidəçini gördüyündən belə asanlıqla ayırmaq mümkün deyil. Rəssam hansı modeli seçirsə, hansı pozanı maraqlı hesab edirsə, nəyə daha uzun baxırsa, özündən də nəsə əsərə keçirir. Bu mənada “Ofey” imzalı qadın rəsmləri təkcə modellər haqqında deyil, onlara baxan Feynman haqqında da məlumat verir.
Burada təxəllüsün yaratdığı maraqlı paradoks meydana çıxır. Feynman “Richard Feynman” adını rəsmin altından silmişdi ki, tamaşaçı rəsm əsərini müəllifin şöhrətindən asılı olmadan qiymətləndirsin. Amma imzanı gizlətmək baxışı gizlətmək demək deyildi. “Ofey”in qadın fiqurlarında Feynmanın estetik zövqü, qadın gözəlliyinə marağı və ümumən həyat iştahı qalırdı. Adını əsərdən çıxarmaq mümkün idi, özünü isə tam çıxarmaq yox.
Rəssamlıq macərasının başqa maraqlı tərəfi Feynmanın yenidən naşı olmağa razı olmasıdır. Fizikada dünyanın ən güclü alimlərindən biri olmaq ona ağ kağız qarşısında xüsusi imtiyaz vermirdi. Nobel mükafatı perspektivi düzəltmir, Feynman diaqramlarını yaratmaq insan əlini düzgün çəkməyi öyrətmir. Rəsm qarşısında yenə baxmaq, səhv etmək, məşq etmək lazım idi. Uğur qazandıqca başqa sahədə başlanğıc nöqtəsinə qayıtmaq çox adam üçün çətinləşir; insan öz nüfuzunun əsirinə çevrilə bilir. Feynmanda isə güclü bir həvəskar azadlığı vardı: hər şeyi yaxşı bacarmaq və hər marağı peşəyə çevirmək məcburiyyəti yox idi.
2 440
OFEY
Bu gün pis-yaxşı Fiziologiya və Tibb üzrə Nobel mükafatını az da olsa müzakirə elədim. Səbrsizliklə sabahkı günü – Fizika üzrə mükfata kimin və ya kimlərin layiq görüləcəyinə şahid olacağıq…
Mən isə bu əlamətdar gün ərəfəsində sizi ənənəvi olaraq bir fiziklə bir qədər də yaxından tanış etmək istəyirəm. Desəm bu fizikin adı Ofey-dir, deyəsəcksiniz ki, o kimdir…
Bu yazını illər əvvəl yazsam da ilk dəfə paylaşıram. Qoy bu yazı da mənim bütün fiziklərə həduyyəm olsun. İçində bir az erotika var, amma narahat olmağa əsas yoxdur…
***
Riçard Feynmanın bioqrafiyasında fizika ilə ilk baxışda heç bir əlaqəsi olmayan maraqlı bir epizod var. Kvant elektrodinamikasının yaradıcılarından biri, Nobel mükafatı laureatı və XX əsrin ən məşhur fiziklərindən biri həyatının müəyyən dövründə ciddi şəkildə rəsm çəkməyi öyrənir. Portretlər, insan fiqurları, qadın modelləri çəkir, əsərlərini sərgiləyir, hətta bəzilərini satır. Amma rəsmlərinin altında “Richard Feynman” yox, “Ofey” yazır.
Bu ad təsadüfi deyildi. Feynmanın öz xatirələrində danışdığına görə, rəsmlərini satmaq məsələsi ortaya çıxanda onu bir sual düşündürürdü: insanlar bu əsərləri rəsm olduqları üçün alacaqlar, yoxsa məşhur fizikin çəkdiyi rəsmlər olduğu üçün? “Richard Feynman” artıq sadəcə bir ad deyildi. Onun arxasında Nobel mükafatı, Kaltek, Feynman diaqramları və böyük elmi şöhrət dayanırdı. Rəsmin altında həmin adı görən adam istər-istəməz yalnız rəsmə baxmayacaqdı; müəllifin bioqrafiyası da baxışına qarışacaqdı. Feynman bunu istəmirdi.
Dostu Dadli Rayt (Dudley Wright) ona fransız dilindəki “au fait” ifadəsi ilə bağlı bir söz oyunu təklif etmişdi. Feynman bunu fonetik şəkildə “Ofey” formasına saldı və rəsmlərini belə imzalamağa başladı. “Au fait” standart fransızcada daha çox “məsələdən xəbərdar”, “işin mahiyyətinə bələd” mənasına gəlir; Feynmanın xatirələrində ifadəyə verilən məna isə dəqiq lüğəvi qarşılıqdan çox zarafat və söz oyununun məhsuludur. Əsas məsələ sözün tərcüməsində yox, həmin adın Feynman üçün gördüyü işdə idi: o, öz məşhur adını əsərlə tamaşaçı arasından çıxarmağa çalışırdı. Fizik dili ilə desək, sanki eksperimentdən nəticəyə təsir edə biləcək güclü bir amili kənarlaşdırırdı. Görək, “Feynman” adı olmayanda rəsm özü nə qədər yaşayacaq.
Rəssamlığa gəlişi də Feynmanın xarakterinə uyğun olmuşdu. Tanışı, erməni əsilli rəssam Jirayr Ambarsum Zortyan (1911-2004) ilə danışmışdılar ki, Zortyan ona rəsm çəkməyi, Feynman isə ona fizika öyrədəcək. Türkiyənin Kütahya şəhərində doğmuş, uşaq ikən ailəsi ilə Amerikaya köçmüş, Yel univeristetində sənət oxumuşdu. Kaliforniyada rəssam və muralist kimi tanınan Zortyan buradakı rançosunda bohem həyat tərzi məşhur sənətçilər, musiqiçi və alimlərlə keçirtdiyi məclislərlə tanınırdı. Feynmanla da belə tanış olmuşdular.
Zamanla iki fərqli dünyalardan olan Feynman və Zortyan arasında qızğın mübahisələr yaşanırdı: Feynman rəssamların elmin gözəlliklərindən xəbərsiz olduğunu deyir, Jirayr Ambarsum isə alimlərin təbiəti tənliklərə parçalayaraq onun spontan gözəlliyini itirdiklərini müdafiə edirdi. Nəticədə Feynman çıxış yolu təklif etdi: Zortyan ona rəsm çəkməyi, o isə rəssama fizika öyrədəcəkdi; ancaq bu anlşamadan sonra rəssamdan bir şey çıxmadı – fizikanı anlamadı. Feynman isə rəsmetməyi bacaran fizik kimi də tanındı.
Feynman öz üzərində işləməyə başladı və çox keçmədən anladı ki, rəsm çəkmək yalnız əlin yox, gözün məşqidir. Biz insan üzlərinə hər gün baxırıq, amma həmin üzü çəkməli olanda məlum olur ki, onu əslində çox az görmüşük. Gözlərin arasındakı məsafə, çənənin xətti, yanağın işıq altında necə dəyişməsi kimi detallar gündəlik baxışımızdan asanlıqla yayınır. Beyin üçün üzü tanımaq kifayətdir; rəssam üçün isə iş məhz bundan sonra başlayır.
2 440
Karl Deisseroth, Peter Hegemann və Georg Nagel Fiziologiya və ya tibb sahəsində 2026-cı il #NobelMükafatı laureatları nevrologiyada yeni bir dövrün təməlini qoydular.
Optogenetikadan istifadə edərək tədqiqatçılar nevroloji və psixiatrik xəstəliklər üçün müvafiq olan xüsusi xatirələri, hissləri və davranışları idarə edən neyron dövrələrini aşkar edə bildilər. Klinik tibbdə tədqiqatçılar bu metoddan görmə qüsuru olan insanlarda görmə qabiliyyətini bərpa etmək cəhdlərində istifadə edirlər.
Optogenetika beyin haqqında anlayışımızı kökündən dəyişdirib. Hər gün yeni kəşflər gətirir və bəşəriyyətin ən böyük sirrlərindən birini - inanılmaz beynimizin necə işlədiyini həll etməyə kömək edir.
2 440
2026-cı il Fiziologiya və ya Tibb üzrə #NobelMükafatı Karl Deisserot (Stanford Universiteti, ABŞ), Peter Hegemann (Humbolt Universiteti, Almaniya) və Georg Nagelə (Vürsburg Universiteti, Almaniya) "işıqla induksiya olunmuş ion kanalları və optogenetika ilə bağlı kəşflərinə görə" verilib.
@ibrahim_nebioglu
2 440
1928-ci ildə İsgəndər Flemingin laboratoriyasında təsadüfən apardığı sadə bir müşahidə bəşəriyyət tarixini kökündən dəyişdirəcək möhtəşəm bir tibbi inqilabın təməlini qoydu. O, təsadüfən açıq qalan qabda inkişaf edən yaşıl küfün ətrafındakı bir çox yaygın bakteriyanı məhv etdiyini, xüsusən də insanlara sıkça yoluxan təhlükəli mikrobları öldürdüyünü heyrətlə fərq etdi. Bu yeni və son dərəcə heyecan verici maddənin gücünü görən Fleming ona ilk olaraq sadə və səmimi bir ad – "küf suyu" qoydu.
Lakin bir neçə ay sonra bu unikal maddənin elmi və tibbi əhəmiyyətini nəzərə alaraq adını dəyişdirdi və onu əbədiləşdirəcək "penisilin" adını verdi. O dövrdə bu böyük kəşf hələ dərhal lazımi diqqəti görməsə də, illər sonra elm adamlarının səyləri ilə minlərlə insanın həyatını xilas edən dərman vasitəsinə çevrildi. Bakterial infeksiyaların qarşısının alınmasında dönüm nöqtəsi olan bu möcüzəvi antibiotik saysız-hesabsız ölümcül xəstəliklərin müalicəsini mümkün qıldı. Flemingin illər əvvəl təsadüfən gördüyü o yaşıl küf ləkəsi tibb elmində tamamilə yeni bir ERA – antibiotiklər dövrünün başlanğıcını elan etdi.
Bu elm adamının səbirli tədqiqatları və əzmkarlığı sayəsində tibb dünyası heç vaxt olmadığı qədər güclü bir müalicə vasitəsi qazandı. Əldə edilən bu uğur illər keçdikcə tibb sahəsində çalışan digər elm adamlarına da yeni tədqiqatlar aparmaq üçün böyük ilham mənbəyi oldu. Elm tarixində edilən hər kiçik təsadüf və səbirli səy düzgün qiymətləndirildikdə necə qlobal miqyasda böyük bir möcüzəyə çevrilə bilərdi. Məhz bu əvəzsiz və həyat qurtaran kəşf Flemingə haqlı olaraq 1945-ci ildə Nobel Fizyoloji və Tıp Ödülü qazandırdı. Bu gün hər dəfə sadə bir infeksiyadan sağalandıqda, əslində tarixin bu unudulmaz elmi zəfərinə və Flemingin o böyük kəşfinə borcluyuq.
2 440
Kimyada ən cəlbedici adlardan biri David Liudur. Onun base editing və prime editing texnologiyaları DNT-ni əvvəlki gen redaktəsi üsullarından daha dəqiq dəyişdirməyə imkan verir. Əgər Nobel bu istiqamətə getsə, metafora demək olar hazırdır: insan əvvəl kitab yazırdı, sonra kompüterdə mətn redaktə etməyi öyrəndi, indi isə həyatın öz mətnində hərf dəyişdirməyə başlayıb.
Digər ehtimallar sırasında zülallarda uzaq məsafəli elektron ötürülməsini araşdırmış Harry Gray və Jay Winkler, həmçinin öz-özünə təşkil olunan molekulyar təbəqələrin – self-assembled monolayers – yaradılmasında mühüm rol oynamış David Allara, Ralph Nuzzo və Jacob Sagiv var. Kimya Nobelinin daimi problemi isə başqadır: kəşf kimyada başlayır, biologiyaya keçir, tibbdə tətbiq olunur və bir müddətdən sonra heç kim onun hansı kafedraya aid olduğunu dəqiq bilmir. Nobel Komitələri isə bunu müəyyənləşdirməyə məcburdur.
Ədəbiyyat: Murakami yenə çamadanını hazır saxlaya bilər
Burada elm bitir, metafizika başlayır. Bukmeker siyahılarında bu il ön sırada çinli avangard yazıçı Can Xue görünür. Onun arxasında artıq Nobel proqnozlarının daimi sakininə çevrilmiş Haruki Murakami, avstraliyalı Gerald Murnane, kanadalı şair və esseist Anne Carson, meksikalı Cristina Rivera Garza, ispan Enrique Vila-Matas və amerikalı Thomas Pynchon kimi adlar gəlir. Müxtəlif bukmekerlər sıralamanı dəyişir, amma həmin adların bir çoxu siyahılarda təkrar-təkrar görünür.
Murakaminin vəziyyəti artıq ayrıca ədəbi janrdır. Təxminən hər Nobel mövsümündə adı favoritlərin arasındadır, jurnalistlər hazır məqalələri yeniləyirlər, oxucular gözləyirlər, İsveç Akademiyası isə başqa zərfi açır. Bir gün Nobel alsa, xəbər “Murakami Nobel aldı” yox, “nəhayət aldı” başlığı ilə çıxacaq. Can Xue isə bu il bukmeker bazarında ən ciddi favoritlərdən biridir. Amma ədəbiyyat Nobelində proqnoz verməyin bir qanunu var: özünüzdən çox əminsinizsə, çox güman ki, yanılırsınız. İsveç Akademiyası sürprizi mükafatın qeyri-rəsmi yeddinci nominasiyasına çevirib.
Sülh: Nobel həftəsinin ən siyasi günü
9 oktyabrda Osloya baxacağıq və burada proqnozlar elmdəkindən qat-qat təhlükəlidir. Son ekspert müzakirələrində Beynəlxalq Cinayət Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi, Papa XIV Leo, BMT-nin xüsusi məruzəçisi Francesca Albanese, Sudandakı Emergency Response Rooms könüllü şəbəkəsi və Save the Children kimi ad və təşkilatlar çəkilir. Hətta Beynəlxalq Kosmik Stansiyanın bəşəriyyətin əməkdaşlıq simvolu kimi mükafatlandırılması ehtimalı da səsləndirilib.
Əlbəttə, Donald Trampın adı da müzakirələrdən kənarda deyil. Amma Reuters-in danışdığı Nobel ekspertləri onun 2026-cı ildə mükafat almaq şansını çox aşağı qiymətləndirirlər. Beləliklə, Tramp Nobel tarixində nadir statuslardan birinə iddia edir: laureat olmadan da Sülh Nobelinin əsas qəhrəmanlarından biri olmaq. Nobel Sülh mükafatının qəribəliyi də budur – bəzən mükafatı kimin alacağından əvvəl kimin almayacağı dünya xəbəri olur.
İqtisadiyyat: Google-dan mərkəzi banklara
12 oktyabrda həftəni iqtisadçılar bağlayacaq. Clarivate bu il Susan Athey və Hal Varianı informasiya texnologiyalarının iqtisadiyyatının təhlilinə verdikləri töhfəyə görə önə çıxarır. Varianın uzun illər Google-un baş iqtisadçısı olması da bu ehtimalı xüsusilə maraqlı edir: Nobel iqtisadiyyatı nəhayət rəqəmsal dünyanın iqtisadi arxitekturasına üz tuta bilər. Digər güclü ad Michael Woodforddur – pul siyasəti və mərkəzi bank nəzəriyyəsinin ən nüfuzlu simalarından biri. Sidney Winter isə iqtisadi dəyişmə və təşkilatların davranışını təkamül nəzəriyyəsi ilə izah edən işlərinə görə siyahıdadır.
Beləcə, sabahdan etibarən altı dəfə zərf açılacaq və altı dəfə dünyanın diqqəti bir neçə dəqiqəlik Stokholm və Osloya yönələcək. Proqnozların bəzisi düz çıxacaq, çoxu səhv olacaq. Murakami yenə gözləyə bilər, hansısa laboratoriyada isə telefonuna cavab verməyə gecikmiş bir alim həyatının dəyişdiyini öyrənəcək.
Nobelin yüz ildən artıqdır davam edən sehrinin bir hissəsi də elə budur:
Biz kimin qalib gələcəyini təxmin etməyə çalışırıq, Nobel isə çox vaxt bizə nəyə diqqət yetirməli olduğumuzu deyir.
@ibrahim_nebioglu
2 440
NOBEL ZƏRFLƏRİ AÇILIR
Nobel həftəsi başlayır. Əslində, “Nobel həftəsi” dediyimiz bu yeddi gün mükafatların verildiyi deyil, laureatların elan olunduğu həftədir; medallar dekabrın 10-da təqdim ediləcək. Amma Nobel dünyasında əsas həyəcan məhz indi yaşanır. Bazar ertəsi fiziologiya və ya tibb, çərşənbə axşamı fizika, çərşənbə günü kimya, cümə axşamı ədəbiyyat, cümə günü sülh mükafatının sahibi məlum olacaq. Son nöqtəni isə bir həftə sonra, 12 oktyabr bazar ertəsi iqtisadiyyat üzrə mükafat qoyacaq.
Bu, qəribə bir həftədir. Bəşəriyyət bir neçə gün ərzində hüceyrənin içindən kainatın quruluşuna, oradan şeir və ya romana, sülhə, ən sonda faiz dərəcələrinə qədər yol gedir. Bazar ertəsi dünyanın ən mürəkkəb bioloji mexanizmlərindən danışan alimlərə qulaq asacaq, cümə axşamı bir şairin və ya romançının insan ruhunu necə dəyişdirdiyini müzakirə ediəcək, ertəsi gün isə Oslodan gələn laureatın adı dünya siyasətində mübahisə yaradacaq. Nobel həftəsinin cazibəsi də bundadır: bir həftəlik təqvimə insan biliyinin, təxəyyülünün və vicdanının az qala bütün sahələri yerləşdirilib.
Təbii ki, bununla bitmir. Nobel yaxınlaşan kimi dünyanın ikinci, qeyri-rəsmi Nobel Komitəsi də işə başlayır: universitet professorları, elmi jurnallar, ədəbiyyat tənqidçiləri, bukmeker kontorları və sosial şəbəkələr. Hamı laureatı əvvəlcədən tapmağa çalışır. Problem ondadır ki, Nobel Komitələrinin həqiqi namizəd siyahıları 50 il gizli saxlanılır. Yəni bu gün “2026 Nobel namizədləri” adı altında oxuduğumuz siyahılar əslində namizədlər deyil, ehtimallar, elmi göstəricilər və bəzən də falçılıqdır.
Elmi sahələrdə bu “falçılığın” ən ciddi növünü “Clarivate” aparır. Onun “Citation Laureates” proqramı yüksək sitat göstəricilərinə və elmi təsirə əsaslanaraq Nobel səviyyəsində hesab etdiyi alimləri seçir. 2002-ci ildən bəri bu siyahıya düşənlərdən 89 nəfər sonradan həqiqətən Nobel alıb. Amma Clarivate özü də xəbərdarlıq edir: siyahı konkret həmin ilin Nobelini proqnozlaşdırmır.
Tibb: arıqlama dərmanlarının arxasındakı elm Nobelə gedərmi?
Bu il ən parlaq ehtimallardan biri Daniel Drucker, Jens Juul Holst və Svetlana Mojsov üçlüyüdür. Onların GLP-1 hormonunun müəyyənləşdirilməsi və biologiyasının öyrənilməsindəki işi sonradan diabet və piylənməyə qarşı dərmanların elmi təməlini yaratdı. Ozempic və Wegovy kimi preparatlar indi artıq tibb sərhədlərini aşıb populyar mədəniyyətə daxil olub. Nobel Komitəsi GLP-1 xəttini seçərsə, dünyanın milyonlarla insanı ilk dəfə Nobel mükafatının mövzusunu laboratoriya terminindən deyil, aptek rəfindən tanıyacaq.
Başqa güclü istiqamət optik koherent tomoqrafiyanın yaradıcıları James Fujimoto, David Huang və Eric Swanson, eləcə də immun sistemində hüceyrə yapışma reseptorlarını müəyyənləşdirən Timothy Springer-dir. Yəni seçim çətindir: Nobel Komitəsinin qarşısında bir tərəfdə metabolizm, o biri tərəfdə gözün içinə baxmağa imkan verən texnologiya, üçüncü tərəfdə immunologiya dayanır. Nobel almaq üçün əvvəlcə təbiətin sirrini açmaq lazımdır; sonra isə Komitənin hansı sirri daha vacib sayacağını gözləmək.
Fizika: kvant yenə qapını döyür
Fizikada Clarivate-in diqqət çəkdiyi adlardan biri çinli fizik Qikun Xue-dir – kvant anomal Hall effektinin eksperimental müşahidəsinə görə. Digər güclü ad ETH Zürichdən Nicola Spaldindir; onun multiferroik materiallarla bağlı nəzəri işləri gələcəyin daha az enerji sərf edən elektronikasına yol aça bilər. Chihaya Adachi, Stephen Forrest və Mark Thompson isə yüksək səmərəli OLED texnologiyalarının inkişafında əsas fiqurlar kimi göstərilir.
Burada Nobelə xas bir ironiya var: hər səhər telefonunun OLED ekranına baxan milyardlarla insan bu texnologiyanın arxasındakı alimlərin adını bilmir. Fizika Nobelinin işi bir qədər də bundan ibarətdir – hamının istifadə etdiyi şeyin arxasında kimin dayandığını ildə bir dəfə dünyaya xatırlatmaq.
Kimya: DNT-də “redaktə düyməsi”
2 440
Sabah – 5 oktyabr 2026-da Nobel həftəsi başlayır.
- 5 oktyabr: Fiziologiya və ya tibb üzrə Nobel mükafatı
- 6 oktyabr: Fizika üzrə Nobel mükafatı
- 7 oktyabr: Kimya üzrə Nobel mükafatı
- 8 oktyabr: Ədəbiyyat üzrə Nobel mükafatı
- 9 oktyabr: Nobel Sülh mükafatı
- 12 oktyabr: İqtisadiyyat üzrə Nobel mükafatı
@ibrahim_nebioglu
2 440
Bu gün Sead Alagiç əməkli oldu – onu təqaüdə yola saldıq. 2007-ci ildən tanıyıram bu mahir pilotu. Aradan keçən 19 il ərzində onun birinci kapitan olduğu "Falcon 900" və "Challenger 300" kimi özəl jetlərdə çox uçmuşam. Bu illər ərzində "Sead kapitan"la söhbət etmək üçün çoxlu fürsətim olub.
Onunla siyasətdən futbola, mülki aviasiyadan klassik musiqiyə qədər müxtəlif mövzularda danışmış, müzakirələr aparmışıq. Ancaq "Sead kapitan"ın keçmişini də bildiyim üçün hərdən ona 1994-cü ildən əvvəlki həyatı haqqında da suallar vermişəm. Bir dəfə də olsun o illərlə bağlı mənə bir söz deməyib...
Əslən boşnak olan Sead Alagiç o illərdə hərbçi olub, müxtəlif qırıcı təyyarələrdə Bosniya savaşında vuruşub, Ana Vətəni üçün özünü odun-alovun içinə atıb. Başqa qaynaqlardan eşitdiyimə görə, o, Bosniyada qəhrəman kimi tanınır. Savaşın bitməsi və ordudan təxris olunmasından sonra "Sead kapitan" Türkiyəyə gələrək burada müxtəlif özəl şirkətlərdə özəl jetlərdə birinci pilotluq edib.
Bir dəfə mərhum Natiq Əliyevlə (keçmiş energetika naziri) uçarkən güclü turbulansa düşdük. Pilotumuz Sead bəyin məharəti sayəsində o "girdabdan" çıxa bildik. Təyyarədən enəndə Natiq müəllim dedi ki, mən hələ belə abırlı xarici görünüşü olan pilot görməmişəm...
Bu gün komandası kapitan üçün kiçik bir mərasim təşkil etdi. Tort kəsildi, sonuncu uçuşdan çəkdiyi foto sərgiləndi. Hər kəs bir söz demək istədi, amma hamı duyğulandı, istədiyini tam söyləyə bilmədi – hər kəs qəhərləndi...
Yolun açıq olsun, Sead kapitan! Mən səninlə çox səyahət etdim, indi arzu edirəm ki, səninlə bir uçaqda – artıq iki köhnə dost kimi, sıravi sərnişin olaraq uzaq bir nöqtəyə, məsələn, Sidneyə uçaq. Və 19 saat 30 dəqiqə sürən bu səyahətdə keçmişlərdən və sabahlardan bol-bol söhbət edək.
Yolun açıq olsun, Qəhrəman Kapitan!
Retired but not tired!
2 440
🤖 Ağ Evdə "süni intellekt" zirvəsi və... tarixi səhv!
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə texnologiya nəhənglərinin rəhbərlərini — İlon Mask, Mark Zukerberq, Censen Xuanq, Sundar Piçai, Dario Amodei, Qreq Brokman və digərlərini bir araya gətirib.
Görüşün yekunu olaraq bir səhifəlik "Ağ Evin Superintellekt Razılaşması" imzalanıb. Sənədə əsasən, şirkətlər təhlükəsizliyə özləri nəzarət edəcəklərini öhdələrinə götürürlər: daxili nəzarət, xüsusi təhlükəsizlik qrupları, müstəqil audit və direktorlar şurasının nəzarəti.
📄 Maraqlı detal: Sənəd tamamilə könüllüdür və hüquqi qüvvəyə malik deyil. Tramp onu "mənəvi cəhətdən məcburi" adlandıraraq demək olar ki, Konstitusiya ilə müqayisə edib.
Amma hər şeyin ciddiliyinə kölgə salan bir məqam var — imzaların olduğu səhifə. Trampın imzasının altında onun vəzifəsi "President of the Unites States" kimi göstərilib ("United" əvəzinə səhvən "Unites" yazılıb). Beləliklə, bəşəriyyətin gələcəyini müəyyən edəcək superintellekt haqqında sənəddə ABŞ məmurları öz ölkələrinin adını belə səhvsiz yaza bilməyiblər.
2 440
ƏDƏDLƏRİN SUDA BATMAYAN HƏQİQƏTİ
Riyaziyyat tarixində elə anlar var ki, onlar təkcə ədədlərin təbiətini deyil, insan düşüncəsinin sərhədlərini də dəyişdirirlər. Pifaqor məktəbinin irrasional ədədlərlə bağlı hekayəsi belə anlardan biridir. Bu, yalnız elmi kəşfin deyil, həm də biliklə inancın necə toqquşa biləcəyinin təsirli nümunəsidir.
Pifaqor təkcə riyaziyyatçı deyildi. O, ədədlərin kainatın gizli quruluşunu açıqladığına inanan filosof idi. Onun yaratdığı “Pythagoreion” məktəbi müasir dövrdə bir elmi cəmiyyət kimi deyil, daha çox məbəd kimi xatırlanır. Burada ədədlər sadəcə hesab aləti deyil, varlığın təməli hesab olunurdu. Musiqidəki harmoniya müəyyən ədədi nisbətlərdən doğurdu. Göy cisimlərinin hərəkətində belə bir nizamın mövcud olduğuna inanılırdı. Kainatın özünün də sadə və gözəl riyazi qanunlarla qurulduğu düşünülürdü.
Pifaqorçulara görə hər şey tam ədədlərin nisbətləri ilə ifadə edilə bilərdi. Musiqinin harmoniyası, həndəsi fiqurların mükəmməlliyi, kosmosun ritmi – hamısı rasional münasibətlərdən ibarət olmalı idi. Bu fikir həm gözəl, həm də təhlükəli idi. Çünki gözəl nəzəriyyələr bəzən ehkama çevrilə bilir.
Sonra səhnəyə Hippas çıxır.
Məktəbin gənc və istedadlı üzvlərindən biri olan Hippas kvadratın diaqonalı üzərində düşünərkən gözlənilməz nəticəyə gəlir. Tərəfi 1 olan kvadratın diaqonalının uzunluğunu heç bir iki tam ədədin nisbəti ilə ifadə etmək mümkün deyil. Bu uzunluq bu gün bizim √2 kimi tanıdığımız ədəddir.
İndi bu nəticə adi görünə bilər. Lakin həmin dövrdə o, Pifaqorçuların bütün dünyagörüşünü sarsıda biləcək qədər radikal fikir idi. Əgər Hippas haqlı idisə, deməli kainatın quruluşu haqqında qəbul edilmiş ən əsas prinsip doğru deyildi.
Hippas bunu riyazi yolla sübut etmişdi. Sübut göstərirdi ki, kvadratın diaqonalını heç bir iki tam ədədin nisbəti kimi yazmaq mümkün deyil. Bu, tarixdə irrasional ədədlərin ilk böyük zəfəri idi.
Bundan sonrakı hissə tarixlə mifin bir-birinə qarışdığı sahəyə aiddir. Rəvayətə görə, Pifaqor məktəbi bu kəşfi qəbul edə bilməmiş, Hippası susdurmuş, hətta onu dənizdə boğdurmuşdu. Tarixi mənbələr bu hadisəni təsdiqləmir. Lakin rəvayətin özü belə mühüm bir həqiqəti göstərir: yeni bilik bəzən insanların qurduğu düşüncə sistemlərini dağıdır və hər kəs buna hazır olmur.
Bu gün √2 sadəcə 1.41421356... kimi sonsuz və dövr etməyən onluq kəsrdir. Lakin fəlsəfi baxımdan o, daha böyük məna daşıyır. Bu ədəd göstərdi ki, riyazi gerçəklik insanın əvvəlcədən qurduğu sxemlərdən daha genişdir. Həqiqət bəzən ən möhkəm görünən nəzəriyyələrin sərhədlərindən kənarda yerləşir.
Pifaqor “Hər şey ədəddir” dedi,
Hippas isə “Və ədədlər düşündüyümüzdən daha böyükdür” deyə əlavə etdi.
Bəlkə də riyaziyyatın ən gözəl dərslərindən biri budur: biz həqiqəti yaratmırıq. Biz yalnız onu tədricən kəşf edirik. Həqiqət isə bizim ona hazır olub-olmamağımızdan asılı olmayaraq mövcuddur.
Hippasın hekayəsi sual verməyə qorxmayan insanın hekayəsidir. Çünki elmin tarixi cavablardan çox, doğru suallar verməyə cəsarət edən insanların tarixidir. Elmin inkişafı da məhz belə insanların sayəsində mümkün olmuşdur.
İrrasional ədədlərin kəşfi riyaziyyatın tarixində dönüş nöqtələrindən biri idi. O göstərdi ki, həndəsə və ədədlər sadə nisbətlərə həmişə tabe olmur. Daha vacibi isə budur ki, riyaziyyat ehkamları qoruyan deyil, onları sınaqdan keçirən bir düşüncə formasıdır.
Kainatın dili riyaziyyatdır. Lakin bu dil insanın əvvəlcədən qurduğu çərçivələrə həmişə sığmır. Hippasın hekayəsi də bizə məhz bunu xatırladır: həqiqət bəzən gözlənilməz olur, amma onun gücü də elə buradan gəlir.
@ibrahim_nebioglu
2 440
29 sentyabr akademik Azad Mirzəcanzadənin və atam – professor Nəbi Yaqubovun doğum günüdür. Azad müəllim atamın da, mənim də müəllimi və elmi rəhbəri olub.
Azad Mirzəcanzadə görkəmli alim, Azərbaycan elminin ən parlaq simalarından, böyük bir məktəbin banilərindən idi. Azad müəllim elmi biliklərlə yanaşı, tələbələrinə düşünməyi, mübahisə etməyi, həqiqət axtarışında inadkar olmağı öyrədirdi. O, təkcə kitab yazmır, laboratoriyada tədqiqat aparmırdı – həm də insan yetişdirirdi. Onun tələbələri bu gün dünyanın müxtəlif yerlərində elmi uğurları ilə tanınır, amma hər birinin qəlbində eyni bir borc var: Azad müəllimin yaratdığı məktəbə sadiq qalmaq.
Bu gün onların hər ikisini – müəllimim Azad Mirzəcanzadəni və həyat müəllimim Nəbi Yaqubovu böyük ehtiramla yad edirəm. Onların həyat yolu göstərir ki, elm həm də bir amal, bir missiyadır.
foto: Bu şəklin İrəvanda çəkildiyini ehtimal edirəm. Soldan 4-cü, başında papaq olan Azad Mirzəcanzadə, sağdan ikinci isə atam Nəbi Yaqubovdur.
https://t.me/ibrahim_nebioglu
