ar
Feedback
2 474
المشتركون
لا توجد بيانات24 ساعات
-47 أيام
-1830 أيام
أرشيف المشاركات
Bəs xalq təqvimindəki “quyruq dondu” bununla necə əlaqələnir? Məhz burada iki ayrı mübahisə bir-birinə qarışır. Birinci mübahisə dondu – doňdu arasındadır və sırf fonetik-tarixi məsələdir. İkinci mübahisə isə “quyruq dondu” – “quyruq doğdu” arasındadır ki, artıq etnoqrafiya, xalq astronomiyası və təsərrüfat təqvimi ilə bağlıdır. Azərbaycanın müxtəlif bölgələrindən toplanmış folklor materiallarında hər iki variant yaşayır. Qarabağdan toplanmış mətnlərdə açıq şəkildə “Quyruq doğdu deyil, quyruq dondu” deyərək bunu avqustda gecələrin sərinləşməsi və kəsilmiş qoyunun quyruq yağının bərkiməsi ilə izah edirlər. Qərbi Azərbaycan folklor materiallarında da eyni izaha rast gəlirik: havalar soyuduqca heyvanın quyruq yağı bərkiyir və buna görə həmin dövr “quyruq dondu” adlandırılır. Ancaq başqa, kifayət qədər qədim bir ənənə “quyruq doğdu” formasını müdafiə edir. Həsən bəy Zərdabinin yazılarında “Quyruq” göydə heyvan quyruğuna bənzədilən ulduz dəstəsinin adı kimi izah olunur. Xalq həmin ulduzların görünməsi, yəni köhnə dillə desək, “doğması” vasitəsilə yayın ikinci yarısının başlanmasını müəyyənləşdirirdi. Bəşir Əhmədovun etimoloji lüğətində də “quyruq doğdu” ifadəsi ulduzun doğması ilə əlaqələndirilir. Maraqlıdır ki, “Azərbaycan dilinin izahlı lüğəti” ənənəsində quyruq doğmaq ifadəsi verilsə də, onun əsli kimi quyruq donmaq göstərilib; eyni zamanda Firidun bəy Köçərli, Süleyman Rəhimov və Mir Cəlaldan gətirilən ədəbi nümunələrdə “quyruq doğdu” formasına rast gəlinir. Bu özü göstərir ki, məsələni bircə “doğru” variantla bağlamaq çətindir: xalq dilində iki izah uzun müddət yanaşı yaşayıb. Üstəlik, bəzi bölgələrdə üçüncü variant – “quyruq doldu” da qeydə alınıb. Burada məntiq qoyunların yayın sonuna doğru kökəlməsi, quyruqlarının piylə dolmasıdır. Ona görə üç məsələni bir-birindən ayırmaq lazımdır: donmaq – doňmaq eyni sözdür; fərq tarixi tələffüzdədir; donmaq – doğmaq isə iki tamam ayrı feldir və “quyruq” ifadəsinin mənşəyi haqqında iki ayrı xalq-etnoqrafik izah yaradır; dolmaq – həmin təqvim anlayışının üçüncü regional variantıdır. Bir incə məqam da tarixlə bağlıdır. “Quyruq dondu”nun konkret günü barədə mənbələr yekdil deyil: bəzi ənənələr 5-6 avqustu, bəziləri 15-17 avqustu, bəziləri isə ümumən avqustun ikinci yarısını göstərir. Buna görə bunu müasir astronomik təqvimdə saatı və günü dəqiq müəyyən edilmiş hadisə kimi təqdim etmək doğru olmaz. O, hər şeydən əvvəl xalq təqviminin mövsümi sərhədidir – gündüzün hələ yay olduğu, gecənin isə yavaş-yavaş payızı xəbər verdiyi çağdır. Beləliklə, “Bu gecə quyruq donur” deyəndə mən bir müşahidəni dilə gətirmək istəyirəm: Yayın hökmü qırılmağa başlayır, dağ gecələri uzanır, şeh artır, su soyuyur, elat arana dönmə hazırlaşır. Və bunu da nənə-babalarımızın tələffüzü ilə desəydik, belə səslənərdi: “Bu gejə quyruq doňur”. Sözün mənası dəyişməzdi. Sadəcə onun içindən Azərbaycan türkcəsinin çox qədim bir səsi – əsrlər boyu yaşayıb ədəbi dildə səssizcə n-yə çevrilmiş ŋ, sağır nun – yenidən eşidilərdi…

QUYRUQ DA DONARMI? Uşaqlığım iyul-avqust aylarında əsasən Qazax camaatın ənənəvi olaraq getdiyi yaylaqlarda, ya da Dilicanda kirələnən molokan evlərində keçərdi. Bakıdan gəlmiş şəhər uşağı üçün çadırlarda yaşaması, gecə yağan yağışın musiqi kimi gələn qəribə gözəllikdəki səsi, dağların ekzotikası, tay-tuşlarımla səhərdən axşama kimi oyunlar, füsunkar təbiətin qoynundakı müxtəlif əyləncələr, ana nənəmin qardaşımla məni “hör-höyüş” suyunda çimizdirməsi, rayonda yaşayan qohumlarımızla axşam yeməkləri, dağlarda daha yaxşı tutur deyə atamın gecə gec saatlara qədər “Amerikanın səsi” radiosunu dinləməsi kimi xatirələrim hafizəmdə silinməz izlər buraxardı. Avqustun 24-nü 25-nə bağlayan gecə isə xüsusi bir epizod olaraq yaddaşımda əbədi yer tutub. O gecə “Quyruğun donduğu” gecə idi. Əvvəllər nənəmin həvəslə dilə gətirdiyi bu ifadənin ancaq ona aid olduğunu düşünürdüm. Ancaq yaşım irəlilədikcə bu maraqlı təbiət hadisəsinin çox ciddi bir məsələ olduğunu anladım. Sonralar – sosial şəbəkələr erası başlayanda quyruğun donması haqqında yazanda ömründə “Biləcəridən o yana” çıxmayan “obrazovolski” və “tolstoyevskilər” tökülüşürdülər üstümə ki, heç quyruq da donarmı… Bu sabah da “quyruq dondu” ifadəsi yenidən yadıma düşdü. Və düşündüm ki, bəlkə bu gün mübahisələrə nöqtəni qoyaq? Dedim, bu məsələyə aid bir şeylər yazım ki, yəqinlik hasil olsun. Quyruq donurmu? Başqa bir mübahisə mövzusu olan “dondu” demək doğrudur, yoxsa qədim tələffüzü qoruyaraq “doňdu”?.. Bəzən belə bir fikir irəli sürülür ki, donmaq və doňmaq ayrı-ayrı mənalar daşıyan iki sözdür. Doğrusu, əvvəllər mən də elə düşünürdüm. Ancaq dil tarixinin verdiyi cavab kifayət qədər açıqmış, sadəcə bir qədər araşdırmağa ehtiyac varmış: Donmaq və doňmaq iki ayrı söz deyil; eyni qədim türk felinin iki fonetik şəklidir. Məsələnin açarı “sağır nun” adlanan səsdədir. Dilçilikdə “velyar nazal” adlandırılan və “IPA”-da, yəni Beynəlxalq Fonetik Əlifbada [ŋ] işarəsi ilə göstərilən bu səs adi n deyil. İngilis dilində sing sözünün sonunda eşitdiyimiz səs ona yaxındır. Azərbaycan dilinin bir sıra dialekt və şivələrində bu səs bu gün də yaşayır. Dilçilik araşdırmalarında onun xüsusilə qərb şivələrində – Qazax, Tovuz, Borçalı, Göyçə, eləcə də Şəki, Zaqatala, Qax, Oğuz, Naxçıvan və başqa bölgələrdə müxtəlif dərəcədə qorunur. Daha maraqlısı budur ki, “donmaq” felinin özündə qədimdən məhz bu səs olub. Qədim türk mənbələrində söz “toŋ” şəklində qeydə alınıb və “donmaq, buz bağlamaq, soyuqdan bərkimək” mənasını verib. XI əsrin böyük türk dili abidəsi “Divanü lüğat-it-Türk”də də “toŋ-“ və toŋ formaları həmin semantika ilə işlənir. Görkəmli türkoloq Gerard Clauson qədim türk toŋ- felini birbaşa “to be frozen hard” – “bərkiyəcək dərəcədə donmaq” kimi izah edir. Bu qədim kök türk dillərinin böyük bir hissəsində bu gün də asanlıqla tanınır. Qazaxcada “тоңу – tonu”, qırğızcada “тоңуу – toŋuu”, türkməncədə “donmak”, özbəkcədə “to‘ngmoq”, uyğurcada “toŋmaq” işlənir. Azərbaycan dilində isə tarixi inkişaf nəticəsində /ŋ/ səsi ədəbi dildə adi /n/ ilə əvəzlənib və donmaq forması normaya çevrilib. Başqa sözlə, türkmənin “doňmak"ı ilə azərbaycanlının “donmaq”ı etimoloji baxımdan eyni sözdür. Deməli, “doňub” “başqa cür donmaq”, “donub” isə başqa hadisə demək deyil. Doňub qədim və ya dialektal tələffüzü daha dəqiq əks etdirir; donub isə müasir Azərbaycan ədəbi dilinin formasıdır. Ədəbi mətn yazırıqsa, normativ forma donmaq, dondu, donub, donurdur. Dialekt nitqini, tarixi fonetikanı və ya etnoqrafik koloriti göstərmək istəyiriksə, doňmaq, doňdu, doňub yazılışı şərti işarə kimi işlədilə bilər. Burada başqa bir mühüm incəlik də var. “ŋ iki səs, yəni n+g” deyil. O, ayrıca bir samitdir. Dilin arxa hissəsinin yumşaq damağa yaxınlaşması ilə yaranır. Buna görə “doňmaq” sözünü dongmaq kimi oxumaq da doğru deyil. “Sağır nun” adının yaranması da onun adi n səsindən fərqli eşidilməsi ilə bağlıdır.

HƏSRƏT Xorxe Luis Borxes həsrəti təsvir etmək istəyir. Marsel Prustun bu sözlərini xatırlayır: “Bir yerin həsrətini çəkirik. Həqiqətdə isə o yerdə olduğumuz zaman dilimini axtarırıq”. Borxes bu fikri bir cümləlik hökmə çevirir: “Yerlərin deyil, zamanların həsrətini çəkirik”. İnsan yaddaşı həsrəti məkana bağlamağa meyllidir: uşaqlıq evi, köhnə küçə, bir şəhər, bir otaq, bir bağ. Bizə elə gəlir ki, həmin yerə qayıtsaq, itirdiyimiz nəsə geri qayıdacaq. Halbuki qayıdanda çox vaxt qəribə bir yadlıqla qarşılaşırıq. Küçə yerindədir, ev də bəlkə dəyişməyib, ağaclar hətta böyüyüb. Amma axtardığımız orada deyil. Çünki axtardığımız məkan deyil, o məkanda yaşadığımız zamandır. Daha dəqiq desək, həmin zamandakı özümüzük. Həsrətin faciəsi də bəlkə elə buradan başlayır. Məkan prinsipcə geri dönülə biləndir. Bakıya, İncə Dərəsinə, Fatmayıya, doğulduğun məhləyə, ata evinə qayıtmaq mümkündür. Zamana isə qayıtmaq mümkün deyil. İnsan qayıda biləcəyi yer vasitəsilə qayıda bilməyəcəyi zamana çatmaq istəyir. Bəlkə köhnə yerlərə qayıdarkən keçirdiyimiz o anlaşılmaz kədər də buradan gəlir. Yer bizə vəd verir, amma vədini yerinə yetirə bilmir. Qapı eyni qapıdır, pəncərədən düşən işıq bəlkə də eyni bucaq altındadır, küçənin döngəsi də əvvəlki kimidir. Ancaq o qapını açan adam artıq yoxdur, hətta o adam biz özümüz olmuşuqsa belə. Borxesin cümləsini bir qədər də irəli aparanda həsrətin ən ağır tərəfi görünür: insan keçmişdəki insanları və yerləri deyil, onlarla birlikdə mümkün olmuş öz varlığının bir formasını itirir. Uşaqlıq evinin həsrəti evin həsrəti deyil; o evdə hələ həyatda olan insanların, baş verməmiş ayrılıqların, qarşıda sonsuz görünən həyatın və bütün bunların içində yaşayan əvvəlki “mən”in həsrətidir. Ona görə də bəzi yerlərə qayıtmaq təsəlli vermir. Əksinə, itkini daha görünən edir. Yaddaşın içində zamanla məkan bir-birinə yapışmışdı; qayıdış onları ayırır. Məkanı tapırıq. Zamanı tapa bilmirik. Və bəlkə həsrət elə bu iki şey arasındakı məsafənin adıdır. ----------- XX əsr dünya ədəbiyyatının ən böyük yazıçılarından, ədəbiyyatın zaman, yaddaş, sonsuzluq və gerçəklik haqqında düşüncə sərhədlərini dəyişdirən dahi Xorxe Luis Borxesin (1899 – 1986) doğum günüdür.

photo content

photo content

ÇALIŞIN 2030-a QƏDƏR ÖLMƏYİN! Xərçəng Fərdiləşəndə “Kitab Adam” layihəsi çərçivəsində Bakıda Ürfan Məmmədli ilə söhbət edərkən “Çalışın 2030-cu ilə sağ qalın, çünki tibb 3-4 ilə elə inkişaf edəcək ki, bütün dərdlərin davası tapılacaq” demişdim. Bizim sosial-şəbəkələrin “növbətçi qaragüruhu” boş-boş fikirlər səsləndirdilər. Bu kiçik qeydlərimi onlara cavab olaraq yazmıram… Bu ayın ortalarında Amerika şirkətləri “Moderna” və “Merck” bir xəbər açıqladılar və yer yerindən oynadı. Xəbər ilk baxışdan elmi-fantastikaya bənzəyir: dəri xərçənginin ən təhlükəli forması olan melanomaya qarşı fərdi hazırlanmış bir mRNA peyvəndi, geniş yayılmış immunoterapiya dərmanı “Keytruda” ilə birlikdə tətbiq edildikdə, xəstəliyin geri qayıtmasını əhəmiyyətli dərəcədə yavaşlatdı. 1137 xəstənin iştirak etdiyi böyük bir klinik sınaqda əldə olunan bu nəticə indiyədək bu sahədə görülən ən inandırıcı sübutlardan biri sayılır. Daha əvvəlki, kiçik miqyaslı sınaqda rəqəmlər daha da çarpıcı idi: peyvənd əlavə edildikdə, xəstələrin ölüm və xəstəliyin geri qayıtma riski, təkcə “Keytruda” alanlarla müqayisədə, demək olar ki, yarıya enmişdi. “Keytruda” artıq illərdir dünyada geniş istifadə olunan, xərçəng hüceyrələrinin immun sistemdən "gizlənmək" üçün qurduğu hiyləni pozan bir dərmandır. Xərçəng hüceyrələri bədənin öz mühafizəçilərini – T-hüceyrələrini çaşdırıb yatırtmağı bacarır; Keytruda isə həmin yatırdıcı siqnalı bloklayaraq immun sisteminə "oyan, düşmən buradadır" deyir. Yeni peyvənd isə bu oyanmış immunitetə konkret hədəf göstərir. Bu möcüzənin arxasında iki Nobel mükafatının izi var. 2018-ci ildə amerikalı alim Ceyms Allison və yapon alim Tasuku Honco məhz bu "immun əyləci açma" prinsipini kəşf etdikləri üçün Nobel mükafatına layiq görülüblər. “Keytruda” kimi preparatların əsası da elə bu kəşfdir. 2023-cü ildə isə macarıstanlı, Katalin Kariko və Dryu Vaysman isimli amerikalı alimlər uzun illər ciddiyə alınmayan mRNA texnologiyasını işlək hala gətirdikləri üçün Nobel mükafatı qazanıblar. Bu gün o iki kəşf bir-birinə calanıb, tək bir iynədə birləşir. Onəmli bir xüsusr: bu peyvəndi əczaxanada satılmayacaq. Çünki peyvənd cərrahiyyə əməliyyatı zamanı xəstədən götürülmüş şiş toxumasının öyrənilməsi və şişə məxsus, başqa heç kimdə təkrarlanmayan xüsusiyyətlərə uyğun, yalnız konkret o xəstən üçün laboratoriyada hazırlanan mRNA-nın sintez edilməsi yolu ilə yaradılır. Bu proses həftələr çəkir və nəticədə ortaya çıxan doza, sözün əsl mənasında, yalnız bir nəfərə aiddir – təkrarlana bilməyən, kütləvi istehsal oluna bilməyən, satıla bilməyən fərdi "resept". Bütün bunlar əslində tibbin son on ildə keçdiyi inqilabi yeniliklərə kiçik bir nümunədir. Bir zamanlar həkimlər hansısa konkret xəstəliyə minlərlər pasientə eyni dərmanı yazırdı; indi isə tibb get-gedər "fərdi tibb" adlanan bir dövrə keçir – hər insanın genetik xəritəsinə, hətta onun şişinin özünəməxsus mutasiyalarına görə ayrıca müalicə hazırlanır. Bu sürət o qədər böyükdür ki, bir neçə il əvvəl elmi fantastika sayılan şey bu gün klinik sınaq nəticəsinə çevrilib. Nəticələr Moderna səhmlərinin bir gündə iki dəfədən çox bahalaşmasına səbəb oldu; indi eyni metod böyrək, sidik kisəsi və ağciyər xərçəngləri üçün də sınaqdan keçirilir. Dostlar, çalışın 2030-a qədər ölməyin!

Putin suqsvanqa düşüb. Şahmatda istənilən gediş oyuncunun mövqeyini yaxşılaşdırmır, əksinə, mütləq şəkildə zəiflədir və məğlubiyyətə sürükləyir… Gürcüstan ilə Rusiya arasındakı yeganə quru sərhəd məntəqəsində – Kazbegi/Yuxarı Lars keçidində kilometrlərlə tıxac var. Səfərbərlik qorxusu ilə on minlərlə rus vətəndaşı ölkəni tərk edir, bəzən 40 saata qədər gözləməli olurlar. Bu dəhşətli mənzərə 2 həftəyə yaxındır davam edir. Eyni zamanda Ukrayna ordusu Rusiya dərinliyindəki hərbi obyektləri, neft emalı zavodlarını və logistika mərkəzlərini vurmağa davam edir. Müharibənin Rusiya iqtisadiyyatına vurduğu ziyan artıq milyardlarla dollarla ölçülür. Və bütün bunların fonunda Kremli narahat edən əsas siqnal: Putinin populyarlığı azalır. 20 sentyabrda Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək. İşğal olunmuş Ukrayna ərazilərində də seçki məntəqələri qurulacaq. Amma sərhəddəki tıxac, şəhərlərdəki partlayış səsləri və artan itkilər seçki ərəfəsində Kremlin nəzarət etdiyi "sabitlik" şousunu çətinləşdirir. Sual belədir: əgər vəziyyət bu qədər "nəzarət altındadırsa", niyə ölkədən bu qədər insan qaçır?

photo content
+2

NASA-nın Aretmis II missiyası tərəfindən çəkilən Ayın ilk görüntüləri. Necə də möhtəşəm və əsrarəngizdir! Bu günə qədər çəkilənlər arasındakı ən qeyri-adisidir...

Burada üç müxtəlif “bilməmək” vəziyyətini ayırmaq vacibdir. Birincisi, hələ bilmirik, amma yeni müşahidə və nəzəriyyələrlə öyrənə bilərik. İkincisi, müəyyən həqiqət prinsipcə mövcuddur, lakin onu müəyyən etmək üçün lazım olan məlumat əlimizdə deyil və bəlkə də artıq əldə edilə bilməz. Üçüncüsü isə əsl “Ignorabimus”dur: cavab insanın idrak və elmi izah imkanlarının prinsipial olaraq fövqündədir. Ən çətini məhz üçüncü hökmü sübut etməkdir. Çünki insan çox asanlıqla öz dövrünün elmi imkanlarını biliyin son sərhədi hesab edə bilər. Dünənin “mümkünsüz”ü dəfələrlə bugünün dərsliyinə çevrilib. Bununla belə, Dübua-Reymonun sualı köhnəlməyib. Əksinə, süni intellekt dövründə ona yeni bir məna əlavə olunur. Gələcəkdə süni intellekt insan ağlının bütövlükdə qavraya bilmədiyi, lakin təcrübə ilə təsdiqlənən elmi modellər və nəzəriyyələr yaratsa, qəribə vəziyyət yarana bilər: Biz həmin nəzəriyyənin doğru nəticələr verdiyini görəcəyik, lakin onun daxili məntiqini və səbəb əlaqələrini tam qavraya bilməyəcəyik. O zaman elmi biliklə insanın həmin biliyi anlaması arasında indiyədək alışmadığımız bir məsafə yarana bilər. Bəlkə də “Ignorabimus”un əsas dərsi “insan heç vaxt hər şeyi bilməyəcək” hökmü deyil. Daha mühüm dərs budur ki, “bilmirik” ilə “bilmək mümkün deyil” eyni cümlə deyil. Birincisi elmin başlanğıcıdır, ikincisi isə sübut tələb edən çox ağır fəlsəfi iddiadır. Elm məhz bu iki qütb arasında inkişaf edir. Bir tərəfdə Emil Dübua-Reymonun ehtiyatlı “Ignorabimus”u dayanır: insan ağlının sərhədləri ola bilər. Digər tərəfdə Hilbertin inadkar cavabı səslənir: “Biz bilməliyik. Biz biləcəyik”. Elmin gücü bəlkə də bunlardan yalnız birini seçməsində deyil, hər ikisini yadda saxlamasındadır: bilmədiyini etiraf etmək və eyni zamanda bilməyəcəyinə heç vaxt tələsmədən qərar verməmək.

Dübua-Reymon üçün əsas çətinlik burada idi: maddənin hərəkətindən subyektiv təcrübəyə keçidi hansı mexanizmlə izah etmək olar? Maraqlıdır ki, yüz ildən artıq vaxt keçəndən sonra şüur fəlsəfəsində “şüurun çətin problemi” adlandırılan mübahisə yenə həmin sualın ətrafında gedir. Neyroelm beynin fəaliyyətini XIX əsrin alimlərinin xəyal edə bilməyəcəyi dəqiqliklə öyrənib, amma “niyə fiziki proseslər ümumiyyətlə şüurlu təcrübə yaradır?” sualı hələ də açıqdır. “Yeddi dünya sirri” Dübua-Reymon 1880-ci ildə Berlin Elmlər Akademiyasındakı “Yeddi dünya sirri” adlı çıxışında məsələni daha da genişləndirdi. O, maddə və qüvvənin mahiyyəti, hərəkətin və həyatın mənşəyi, təbiətdəki məqsədəuyğun görünən quruluş, şüurun, ağıl və dilin yaranması, azad iradə kimi yeddi böyük problemi nəzərdən keçirirdi. Bunların hamısını eyni dərəcədə həllolunmaz saymırdı, lakin bəzi sualların insan biliyi üçün prinsipial sərhəd təşkil etdiyini düşünürdü. “Ignorabimus”un böyük mübahisə yaratmasının səbəbi də bu idi. XIX əsrin ikinci yarısında elm yalnız yeni faktlar toplamır, dünyanı izah etmək hüququnu getdikcə daha çox öz üzərinə götürürdü. Belə bir vaxtda nüfuzlu təbiət aliminin “buradan o tərəfə keçə bilmərik” deməsi adi elmi fikir deyildi. Bu, elmin öz hakimiyyətinin sərhədlərini müəyyənləşdirmək cəhdi idi. Ancaq dərhal əks sual yarandı: bir problemin həqiqətən həllolunmaz olduğunu haradan bilə bilərik? Axı elm tarixində neçə dəfə “mümkünsüz” görünən şey sonradan adi tədqiqat obyektinə çevrilib. Bir vaxt ulduzların kimyəvi tərkibini Yerdən öyrənmək mümkünsüz görünə bilərdi; spektroskopiya bunu mümkün etdi. Atomun daxili quruluşuna nüfuz etmək əlçatmaz təsəvvür edilirdi; XX əsr fizikası onu bütöv bir elm sahəsinə çevirdi. Deməli, “bunu necə öyrənəcəyimizi bilmirik” ilə “bunu heç vaxt öyrənə bilmərik” arasında çox böyük məntiqi məsafə var. Dübua-Reymonun yaratdığı mübahisənin ən maraqlı tərəfi də məhz budur: insan öz idrakının son sərhədini həmin sərhədə çatmadan necə müəyyən edə bilər? Hilbertin cavabı: “Biz biləcəyik” “Ignorabimus”a ən məşhur etirazlardan biri böyük riyaziyyatçı David Hilbertdən gəldi. Hilbert, xüsusilə riyaziyyatda, əbədi həllolunmaz problem düşüncəsini qəbul etmək istəmirdi. 1900-cü ildə irəli sürdüyü məşhur problemlər proqramının arxasında da bu inam dayanırdı: dəqiq qoyulmuş riyazi problemin cavabı tapılmalı, yaxud onun həllinin mümkünsüzlüyü sübut edilməlidir. 1930-cu ildə Köniqsberqdə etdiyi məşhur çıxışını Hilbert bu sözlərlə bitirdi: “Wir müssen wissen. Wir werden wissen” – “Biz bilməliyik. Biz biləcəyik”. Bu, du Bois-Reymondun “Ignorabimus”una verilmiş ən yığcam və qüdrətli cavablardan biri idi. İki ifadəni yanaşı qoyanda elm tarixinin fundamental gərginliyi görünür. Dübua-Reymon deyirdi: bilməyəcəyik. Hilbert cavab verirdi: biləcəyik. Biri insan ağlının sərhədlərini xatırladır, digəri sərhəd kimi görünən hər şeyi aşmağa çağırırdı. Tarixin qəribə ironiyası isə budur ki, Hilbert bu sözləri dedikdən cəmi bir il sonra Kurt Gödel məşhur natamamlıq teoremlərini nəşr etdi. Gödel “insan heç vaxt həqiqəti bilməyəcək” kimi ümumi fikir sübut etməmişdi. Onun nəticəsi daha dəqiq idi: kifayət qədər güclü və ardıcıl formal sistemlərdə elə doğru hökmlər mövcuddur ki, həmin sistem daxilində onları sübut etmək mümkün deyil. Bir qədər sonra Alan Turing hesablana bilmənin öz sərhədlərini göstərdi: elə problemlər var ki, onlar üçün bütün hallarda işləyən universal alqoritm mövcud deyil. Dübua-Reymonun fəlsəfi “Ignorabimus”u ilə Gödel və Turingin riyazi nəticələrini eyniləşdirmək düzgün olmazdı. Amma onların arasında mühüm bir intellektual qohumluq var: Hər sərhəd texnoloji deyil. Bəzən sərhəd sistemin öz quruluşundan doğur. Ignorabimus bizə nə öyrətdi? Dübua-Reymonun bütün proqnozlarının doğru olub-olmaması bu gün artıq əsas məsələ deyil. “Ignorabimus”un elm tarixindəki əhəmiyyəti başqa yerdədir: o, elmi öz imkanlarının sərhədləri haqqında düşünməyə məcbur etdi.

IGNORABIMUS Elm tarixini adətən cavabların tarixi kimi oxuyuruq. İnsan ildırımın səbəbini bilmirdi – öyrəndi; göy cisimlərinin hərəkətini anlamırdı – onların qanunlarını tapdı; xəstəlikləri fövqəltəbii qüvvələrlə əlaqələndirirdi – mikroorqanizmləri kəşf etdi; atomu bölünməz hesab edirdi – onun daxilinə endi. Bu tarix insanda çox güclü bir inam yaradıb: indi bilmədiyimizi sabah biləcəyik. Amma burada daha çətin bir sual var: bilmədiyimiz hər şey doğrudanmı sadəcə hələ bilmədiyimiz şeydir? Yoxsa elə suallar mövcuddur ki, onların qarşısında problem biliyimizin azlığı deyil, insan idrakının öz sərhədidir? Başqa sözlə, “bilmirik” ilə “bilməyəcəyik” arasında prinsipial fərq varmı? XIX əsrdə alman fizioloqu Emil Dübua-Reymon (Emil du Bois-Reymond, 1818-1896) bu sualı elm qarşısında bütün kəskinliyi ilə qoydu və elm tarixinin ən məşhur ifadələrindən birini dövriyyəyə gətirdi: Ignorabimus – latınca “bilməyəcəyik”. Sonralar ifadə daha geniş şəkildə məşhurlaşdı: Ignoramus et ignorabimus – “Bilmirik və bilməyəcəyik”. Elmin öz sərhədləri ilə qarşılaşması 1872-ci il avqustun 14-də Leypsiqdə Alman Təbiətşünasları və Həkimlərinin toplantısında Dübua-Reymon “Təbiəti dərk etməyin sərhədləri haqqında” adlı məşhur məruzəsini oxudu. Bu məruzənin əhəmiyyətini anlamaq üçün XIX əsrin elmi atmosferini xatırlamaq lazımdır. Nyuton mexanikasının möhtəşəm uğurlarından sonra termodinamika, elektromaqnetizm, kimya və fiziologiya sürətlə inkişaf edir, Darvinin təkamül nəzəriyyəsi canlı aləmə baxışı dəyişdirirdi. Təbiətin getdikcə daha böyük hissəsi fövqəltəbii izahlardan çıxarılıb fiziki qanunların hakimiyyətinə verilirdi. Dübua-Reymon özü də bu inqilabın içində idi. O, təbiət elmlərinə kənardan şübhə edən filosof deyil, eksperimental fiziologiyanın aparıcı nümayəndələrindən, sinir və əzələlərdə elektrik hadisələrinin öyrənilməsinin öncüllərindən biri idi. Buna görə də onun “elmin sərhədləri var” fikri elmə qarşı etiraz deyil, elmin öz gücü haqqında verdiyi daxili sual idi: elm bu qədər uğurludursa, onun imkanları prinsipcə hara qədər uzanır? Burada çox mühüm fərq meydana çıxır. Elm hər gün “bilmirik” deyir və bu, onun zəifliyi deyil. Əksinə, elmi hərəkətə gətirən məhz bilməməkdir. Planetin orbitində anlaşılmazlıq görürük, xəstəliyin səbəbini bilmirik, maddənin müəyyən davranışını izah edə bilmirik – müşahidə aparır, təcrübə qoyur, nəzəriyyə yaradırıq. Ignoramus – “bilmirik” – elmin normal vəziyyətidir. Dübua-Reymon isə bundan daha radikal bir ehtimal irəli sürürdü: bəlkə bəzi suallar qarşısında ignoramus deyil, ignorabimus deməliyik. Yəni məsələ yalnız zaman, texnologiya və ya məlumat çatışmazlığında deyil; elə problemlər ola bilər ki, insan idrakı onları prinsipcə həll edə bilməsin. Hər şeyi bilən ağıl da nəyi bilməyəcək? Bu fikrin arxasında XIX əsrin mexaniki kainat təsəvvürü dayanırdı. Laplasın məşhur düşüncə təcrübəsinə görə, kainatdakı bütün hissəciklərin vəziyyətini və təbiətin bütün qanunlarını bilən fövqəladə zəka keçmişi də, gələcəyi də hesablaya bilərdi. Sonralar “Laplasın iblisi” adlandırılan bu hipotetik ağıl elmi determinizmin ən parlaq obrazına çevrildi: kifayət qədər məlumat varsa, sirr qalmır. Dübua-Reymon isə sualı bir addım irəli apardı: təsəvvür edək ki, belə bir zəka həqiqətən mövcuddur və kainatdakı bütün fiziki prosesləri bilir. O, doğrudanmı hər şeyi biləcək? Dübua-Reymonun cavabı mənfi idi. Onun fikrincə, ən azı iki fundamental problem qalırdı: maddə və qüvvənin son mahiyyəti nədir, habelə maddi prosesdən şüur necə yaranır? Xüsusilə ikinci sual bu gün də heyrətləndirici dərəcədə müasir səslənir. Təsəvvür edək ki, insan qırmızı rəngə baxarkən onun beynində baş verən hər şeyi bilirik: hansı neyronların aktivləşdiyini, elektrik impulslarını, sinapsların vəziyyətini, molekulyar prosesləri. Bütün bunları bilmək “qırmızını görməyin necə hiss edildiyini” izah edirmi? Ağrının fizioloji mexanizmini təsvir edə bilərik, amma ağrının ağrı kimi yaşanması həmin fiziki təsvirin harasında yerləşir?

photo content

"Lufthansa"nın Starlink texnologiyası ilə ilk uçuşu bu gün baş tutacaq. Airbus A320neo təyyarəsində Starlink sayəsində intern
"Lufthansa"nın Starlink texnologiyası ilə ilk uçuşu bu gün baş tutacaq. Airbus A320neo təyyarəsində Starlink sayəsində internetə çıxış ekonom sinifdən birinci sinfə qədər pulsuz olacaq.

Biz görülməmiş bolluq içindəki gələcəyə doğru irəliləyirik. Robotlar o qədər çox robot istehsal edəcək ki, insanların bütün e
Biz görülməmiş bolluq içindəki gələcəyə doğru irəliləyirik. Robotlar o qədər çox robot istehsal edəcək ki, insanların bütün ehtiyaclarını ödəyəcəklər. Robotdan nə istəyəcəyinizi belə bilməyəcəksiniz. Məhsul və xidmət bolluğu olacaq, robotların sayı insanları keçəcək. – İlon Mask

. Heç nəyə cəsarət etməyənin, heç nəyə umid etməyə haqqı yoxdur. — Şiller [Wallensteins Lager, Tübingen: 1800, s. 34]

Ayı Balayında...

SÖYÜŞÜ UCALDAN AFORİZM Tələbə vaxtı hansısa bir kitabda oxumuşdum: Daş atmaq yerinə söyüş söyən ilk insan Bəşəriyyətin yaradıcısıdır… Müəllifinin Ziqmund Freyd olduğu yazırdı. Ancaq illər sonra müəllif məsələsində kiçik bir nüans çıxdı ortaya. Hallüsinasiya və epilepsiya ilə bağlı bir məsələni araşdırarkən müəllifin Freyd deyil, məşhur ingilis nevroloqu Con Hülinqs Cekson (John Hughlings Jackson, 1835-1911) olduğunu öyrənmiş oldum. Müasir nevrologiyanın qurucularından olan Ceksonu “İngilis nevrologiyasının atası” sayırlar. Onun nəzəriyyələri sonradan Freydə təsir göstərib. Aforizmi daha dəqiq olsun deyə elə Con Ceksonun öz sözləri ilə yazmaq yaxşıdır. O, belə yazırdı: Düşməninə nizə atmaq əvəzinə söyüş yağdıran ilk insan sivilizasiyanın banisidir. Müəllifin kim olduğunu müəyyən etdik, amma daha ciddi məsələ, zənnimcə, başqa şeydir. Mənə belə gəlir ki, “Bəşəriyyətin yaradıcısı” sözü çox da korrekt deyil; bu ifadə insanlığın xaliqi mənasına gəlir. Daha uğurlu variant “sivilizasiyanın banisi”dir. Ceksonun fikri ilk baxışda söyüşü ucaldan zarafat kimi görünür. Əslində isə burada insanlığın keçdiyi nəhəng bir mənəvi mərhələ ifadə olunmaqdadır: qəzəblənən insanın əli ilə silahı arasına sözün girməsi. İbtidai insan düşməninə nifrətini daş, nizə və ya yumruqla bildirirdi. Hiss və hərəkət arasında heç bir maneə yox idi. Qəzəb birbaşa zorakılığa çevrilirdi. Lakin bir gün insan zərbə vurmaq yerinə qəzəbini sözlə ifadə etdi. Qarşısındakını yaralamadı, öldürmədi; ona söydü. Söyüş burada ədəbsizlikdən daha böyük bir hadisənin əlamətidir: insanın daxilində baş verən zorakı impuls ilk dəfə fiziki hərəkətə deyil, dilə çevrilmişdi. Deməli, sivilizasiya insanın aqressiyadan tamamilə xilas olduğu gün başlamadı. İnsanlıq aqressiyasını başqa vasitəyə keçirə bildiyi gün başladı. Daşın yerini söz, qarşıdurmanın yerini mübahisə, intiqamın yerini hökm, şəxsi gücün yerini qanun tutdu. Məhkəmə, parlament, diplomatiya, hətta ədəbiyyat da müəyyən mənada həmin ilkin dönüşün davamıdır: insan öldürmək əvəzinə danışır, vurmaq əvəzinə ittiham edir, hücum etmək əvəzinə dəlil gətirir. Bu fikrin paradoksu ondadır ki, söyüş özü mədəni davranış sayılmır. Lakin daşla müqayisədə söyüş artıq sivilizasiyaya doğru addımdır. O, insanın yaxşılaşdığını deyil, özünü saxlamağı öyrənməyə başladığını göstərir. Sivilizasiya insan təbiətindəki zorakılığı yox etmir; onu cilovlayır, qaydaya salır və sözə çevirir. Freydin bu fikri sitat gətirməsinin səbəbi də məhz budur. Onun üçün söz sadəcə düşüncəni ifadə edən vasitə deyildi; söz hərəkətin əvəzedicisi, insanın daxilində yığılan enerjinin zorakılığa çevrilmədən boşaldılması yolu idi. Psixoanalizin “danışaraq müalicə” prinsipi də buradan doğurdu: dilə gətirilən ağrı insanın daxilində kor qüvvə kimi fəaliyyət göstərməkdən qismən çıxır. Ancaq Ceksonun fikrinin başqa, daha narahatedici tərəfi də var. Daş sözə çevrilə bildiyi kimi, söz də yenidən daşa çevrilə bilər. Təhqir nifrətə, nifrət təbliğata, təbliğat isə zorakılığa yol aça bilər. Buna görə sivilizasiyanın həqiqi ölçüsü insanın sadəcə silahı yerə qoyması deyil; sözü də silah kimi işlətməməyi öyrənməsidir. Ceksonun dahiyanə aforizmini bir cümlə ilə belə açmaq olar: Sivilizasiya insanın içindəki vəhşiliyin yox olması ilə deyil, aqressiyanı fiziki hərəkətdən sözə keçməsi ilə başlayır; zorakılıq yox olmur, lakin dilin içinə köçür. @ibrahim_nebioglu

photo content

"Kitab Adam" layihəsindən