Mashalli
رفتن به کانال در Telegram
Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
نمایش بیشتر1 854
مشترکین
+124 ساعت
-37 روز
-2330 روز
آرشیو پست ها
1 855
Bir az Azərbaycan tarixindən: 1931-ci ilə aid Azərbaycanın ərazi-inzibati bölgüsü (cədvəldə hər rayon üzrə kəndlərin sayı və əhalisi qeyd olunub). Yeri gəlmişkən, 1931-ci ildə ölkənin ən böyük kəndi Balakən idi - əhalisi 10 mini keçirdi (müqayisə üçün, Tovuz şəhərinin əhalisi 3 min idi), amma buna baxmayaraq kənd olaraq hesablanırdı (əsas meyarlardan biri əhalinin əsas hissəsinin fəaliyyət növü idi). O zaman ölkə üzrə cəmi 19 şəhər var idi.
p.s. mənbə: Перепись населения Азербайджана 1931 года. Вып. 2. Народность, пол, возраст, грамотность / Нар. комиссариат просвещения АССР. - Баку : Азернешр, 1932. - 280, [1] с. : табл.
1 855
Maraqlı faktlar sırasından: düzünü fikir verməmişdim, amma bu ilin may ayında bizim KİV-lər xəbər vermişdilər ki, "Azərbaycan mayın 26-da Ermənistana 5 911,21 dollar dəyərində, 1 ton 497 kiloqram çəkidə ekstruziya olunmuş polistirol köpük lövhələr ixrac edib". Ondan sonra məlum olmuşdu ki, bu ixracı həyata keçirən Rusiyanın Penoplex şirkətidir. Onlar müvafiq məhsulu Hacıqabulda istehsal edirdilər.
Görünür o zamandan bəri Ermənistan bazarı ilə davamlı əlaqələr əldə ediblər və artıq aydan-aya ixracı artırırlar.
p.s. İxrac "392590. Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən digər plastmas inşaat detalları" kodu üzrə həyata keçirilir. Yeri gəlmişkən, müvafiq kod üzrə bizim bu ilin 7 ayı ərzində idxalatımız 3 min ton təşkil edib. İxracımız isə 878 ton və bunun 15% Ermənistanın payına düşür.
1 855
Yeri gəlmişkən, xətlər arasında keçid bağlanandan bəri avqustun ikinci yarısında metrodan istifadə edən sərnişin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 milyon nəfər azalıb. Bu dövr ərzində AYNA-nın 6 ekspress marşrut xəttindən 962 min nəfər istifadə edib. Bəs qalan 1.5 milyon nəfər nə edib? Əlbəttə ki, digər marşrutlara təzyiq artıb, nəticədə bütün digər istiqamətlər üzrə avtobusların yüklülüyü artıb.
Yeri gəlmişkən, "28 May" stansiyası bu söhbətdən daha az zərər hiss edib (azalma cəmi 15.5% təşkil edib). Sərnişin sayının ən çox azalan stansiyaları əsasən Yasamala aiddir. Deməli bu istiqamətdə gedən avtobuslarda ciddi sıxlıq yaranıb. Əks istiqamətdə stansiyalar daha az hiss ediblər. Misal üçün, Gənclik üzrə sərnişin axını cəmi 7.7% azalıb.
1 855
Maraqlı faktlar sırasından: 2026-ci ilin sentyabrın 15-də Bakı nəqliyyatından 2.66 milyon sərnişin istifadə edib. Bu əvvəlki ilin eyni günü ilə müqayisədə 1.1% çoxdur. Əsas məsələ metro ilə bağlıdır - metro üzrə itki 32.2% təşkil edib. Təxmin etmək olar ki, AYNA-nın əldə etdiyi 18%-lik artımın əhəmiyyətli hissəsi (bəlkə də bütövü, iki xətt arasında əlaqə bağlı olduğu üçün eyni adamlar iki fərqli avtobusdan istifadə etməli olurlar) metro hesabına baş verib.
1 855
Varlandıqca qeyri-etik davranışlar artır
Yenə də mənim “sevdiyim” davranış iqtisadiyyatına qayıdaq. Deməli 2012-ci ildə Pol Piff və həmkarları isbat etdilər ki, daha yüksək sosial status qeyri-etik davranışlara yol açır. 2012-ci ildə dərc olunan “Higher social class predicts increased unethical behavior” (“Daha yüksək sosial sinif qeyri-etik davranışların artacağını proqnozlaşdırır”) məqalədə müəlliflər qeyd edirlər ki, daha yuxarı sinif aşağı sinif ilə müqayisədə daha çox qeyri-etik münasibət göstərməyə meyllidir. Bunu fərqli yeddi eksperiment əsasında müəyyən ediblər.
Eksperimentlərdən biri avtomobillər ilə bağlı idi. Belə ki, Kaliforniyada çox istifadə olunan yol kəsişmələrində dayanıb, avtomobillərin hərəkətini, tənzimlənməyən piyada keçidlərini və s. müşahidə edirdilər. Gördükləri maşınları marka, istehsal ili və dəyərinə görə beş qrupa böldülər. Məlum oldu ki, bahalı maşın sahibləri daha tez-tez yol vermirdilər (30% halda, ucuz maşınlar üçün bu göstərici 7% idi), piyadaları buraxmırdılar (46% halda) və s.
Yeri gəlmişkən, mən piyada olduğumdan tez-tez tənzimlənməyən piyada keçidlərindən istifadə edirəm və bir çox hallarda müşahidə edirəm ki, yaxınlıqda polis və ya kamera olmadığı halda, sürücülərin demək olar ki, yarısı piyadanı buraxmır və ya buraxmamağa cəhd edir. Ən maraqlısı odur ki, bu daha çox konkret olaraq “zebra”-nın olub-olmamasından asılıdır. Yəni yolun kənarında nişana deyəsən çox az adam baxır, insanlar daha çox yolda olan “zebra”nı görürlər. Sadə bir müşahidəni nümunə olaraq göstərə bilərəm. Evimin yaxınlığında nişansız “zebra” var idi və orada demək olar ki, hamı saxlayırdı. Amma eyni zamanda yol nişanı olan, amma “zebra”nın demək olar ki, silindiyi yerdə sürücülər daha az hallarda piyadalara yol verirdilər. Nəsə özüm başladım iqtisadiyyat haqqında “davranış”cıl danışmağa.
Nəsə, daha altı eksperiment fərqli sahələr ilə bağlı idi – konfetdən başlamış danışıqlara kimi situasiyalar təşkil olunmuşdu. Hər vəziyyətə maliyyə vəsaitləri daha çox olanlar daha çox qaydaları pozurdular, məlumatı gizlədirdilər və s. Necə deyərlər, niyə varlılar daha qeyri-etik davranışa meyllidirlər? Düşünmək üçün bir məlumatdır.
Soruşa bilərsiniz ki, niyə mən 2012-ci ildə yazılmış məqalə haqqında burada yazıram. Məsələ sadədir, P. Piff və həmkarları 2026-ci ildə iqtisadiyyat üzrə İqnobel mükafatını alıblar.
1 855
Planlama haqqında
Deməli bir müddət əvvəl AAYDA biz tərəflərdə demək olar ki, bütün küçələrdə asfaltı yenilədi. Bundan sonra bir ay keçdi və deyəsən indi yadlarına düşdü ki, lükları açmaq lazımdır. Görünən odur ki, indi onların işləmə prinsipi dəyişib: əvvəl asfaltlayırlar, sonra lükları açırlar.
İş prinsipinə dair sözüm yoxdur, amma bu işlərin planlanması maraqlı gəldi. Deməli şəhərin mərkəzində yolun ortasında olan lükların açılmasını sentyabrın 15-i günorta saatlarına salıblar. Belə şəraitdə iş rejimini dəyişdir ya yox, heç bir effekti olmayacaq.
1 855
Yəni məktəb bizdən nə tələb edir? İtaətsizlik etsən, cəzalandırılacaqsan, qaydalara əməl etsən, mükafatlandırılacaqsan. Bununla da uşaqlara cəmiyyətdə özlərini “təvazökar” göstərməyin lazım olduğunu aşılamaq idi. Başqa sözlə müəllif israr edir ki, məktəb dünyanın necə dəyişməyi deyil, insanın bu dünyadaki vəziyyəti ilə necə barışmalı olduğunu öyrədir – mövcud qaydalara əməl et, kənar nəsə istəsən icazə istə və s. Bu tərəfi bəllidir. Amma reallıq ki, bir qədər başqadır. Yəni çox belə dərinə getsən, kazarmada, məktəbdə, həbsxanada və s. orta cəhətlər tapmaq mümkündür, amma bu onların eyni məqsəd daşıdığı demək deyil, sadəcə bəzi üsullar prinsipcə bir çox sahələrdə effektiv istifadə oluna bilər. Yəni dərs zamanı danışmaq üçün əl qaldırmaq qaydası sadəcə dərsin daha effektiv keçirilməsinə xidmət edə bilər (yəni sadə icazə istə söhbəti deyil).
Başqa tərəfdən müəllif özü də qeyd edir ki, bəlkə də hökumət itaətli cəmiyyət qurmağa çalışırdı, amma reallıqda başqa bir şey alındı – kütləvi təhsil, sosial mobillik, yeni imkanlar, tənqidi düşüncə və s. Bu da əksinə demokratik dəyişiklikləri stimullaşdırdı. Prinsipcə şəxsi fikrimcə, reallıq hardasa ortada idi. Cəmiyyət təhsil tələb edirdi, artıq nadan olmaq kifayət deyildi – bu həm bir çox imkanlardan məhrum edirdi, inkişafı dayandırdı və daha da qeyri-sabitliyə gətirirdi. Dövlətlər bütün əhaliyə təhsil verilməsini maksimal olaraq imkan çərçivəsində uzadırdılar. Hər vəchlə bundan qaçmağa çalışırdılar, amma dözülməz vəziyyətə çatanda, elita və əhali arasında fakitki olaraq müəyyən bir razılaşma əldə olunurdu və elitalar təhsili cəmiyyətlə paylaşırdılar. Əlbəttə ki, elitalar maksimal olaraq təhsil sistemini öz əllərində saxlamağa cəhd edirdilər, amma vaxtilə bir rus diplomatın dediyi kimi “hökumətin qəbul etdiyi pis qərarlardan bir xilas yolu var: onların pis icra olunması”. Bu təkcə Rusiyaya aid deyil, yəni hökumətlər çox şeyi düşünürlər, amma reallıqda onu istədikləri kimi yerinə yetirmək alınmır. Vaxtilə məktəblərdə mövcud olan sərt nəzarət və cəza sistemi vasitəsilə daha çox azadlıq ruhu aşıladı (təəccüblü deyil ki, Rusiyada ilk demokratların əhəmiyyətli hissəsi dini məktəblərdən çıxıb. Məhz bu məktəblər ən sərt nəzarət və cəza sisteminə malik idilər).
Nəsə, nəticə belədir ki, məktəb bilik verir, amma onun yaranma məqsədi itaət idi. Məqsədinə nail oldumu? Bunu müəyyən etmək üçün müəllif belə bir üsul təklif edir: əgər məktəbli 11-12 ildən sonra zəif biliklər çıxırsa, bəlkə elə bu da məqsəd idi?
Başqa tərəfdən bizdə isə tədris ili başlar-başlamaz daha çox nəqliyyat məsələləri müzakirə olunur, nəinki tədris və təhsil sistemi.. bəlkə elə bu göstəricidir?
1 855
Tədris ilin başlamasına dair
Məktəb nədir? Qorxu ya idarəetmə alətidir? Ya əksinə qorxu ilə mübarizə alətidir? Ya real olaraq cəmiyyəti gələcəyə aparan yoldur? Əslinə qalsa məktəbin funksiyasına dair daim müzakirələr gedirdi. Mövcud məktəb sistemi və ümumiyyətlə təhsil sistemi hansı məqsəd daşıyır? Tədris sistemi cəmiyyəti inkişaf etdirir ya hökumətin təzyiq aləti kimi çıxış edir? Suallar çoxdur və cəmiyyət olaraq inkişaf məhz bu suallara cavablardan asılıdır. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətinə belə bir müzakirələr hələ ki, xas deyil. Bizdə deyəsən klassik məktəb və tədris sistemi daha çox ən azı təhsil funksiyası yerinə yetirmək uğrunda mübarizə aparır. Görünən odur ki, bu mübarizədə uduzur, amma yenə də mübarizəyə davam edir. Sağ olsun, Təhsil nazirliyi, DİM və digər qurumlar, əllərinə düşən bütün imkanlardan istifadə edərək, tədris sistemini məhv etməyə çalışırlar, amma hələ ki, sağdır və hələ ki, tunelin sonunda hansısa bir işıq görsənir. İndi bu nəyin işiğıdır demək çətindir.
Məktəbə yanaşmada, adətən əldə etdiyi təhsilin keyfiyyətindən asılı olaraq, insanlar iki qrupa bölünürlər. Bir qrup deyir ki, məktəb vasitəsilə gələcəyi dəyişdirmək mümkündür, başqası isə deyir ki, məktəb və məktəb sistemi bizi köləlikdə saxlamağa yönəlib. Bəs hansı mövqeyi doğrudur? Yadımdadır ki, məktəbdə oxuduğum dövrdə İvan İliçin “Məktəblərdən azadolma” kitabı ilə tanış olmuşdum. Şəxsən mənə ciddi bir təsiri yox idi, amma ilk dəfə sistemdən fərqli bir mövqe ilə rastlaşdım. Ondan əvvəl düşünürdüm ki, məktəbin mövcudluğu artıq bizim üçün üstünlükdür, amma sən demə buna dair də fərqli mövqelər var və hərəsinin öz sübutları var.
Yaxşı bəs yuxarıda qeyd etdiyim hansı mövqe reallığa daha yaxındır? Elə məktəbdən biz bilirik genişmiqyaslı təhsil sistemi əsasən XVIII–XIX əsrlərdə yaranmağa başladı. Dərs zamanı bizə deyilir ki, bu demokratik dəyişikliklərin və sənayeləşmənin nəticəsi idi. ABŞ tədqiqatçısı Aqustina Paglayan bununla razı deyil. “Raised to Obey: The Rise and Spread of Mass Education” (“İtaət ruhunda tərbiyə: Kütləvi təhsilin yaranması və yayılması”) adlı kitabında Avropa və Amerikada ibtidai təhsilin iki əsr ərzində inkişafı ilə bağlı məlumatlara əsaslananaraq israr edir ki, icbari ibtidai təhsil sistemini yaradan əsas amil elitaların xalq kütlələrindən qorxması idi. A. Paglayan iddia edir ki, əksər ölkələrdə uşaqlar kütləvi məktəbə demokratik dəyərləri əldə etməzdən xeyli əvvəl çıxış əldə ediblər. Yəni cəmiyyətin mübarizəsi nəticəsində yox, ondan əvvəl hökumətlər ibtidai təhsilin genişlənməsini təmin ediblər.
Düzdür bunu sübut etmək üçün qəribə aparatdan istifadə edir. Misal üçün, qeyd olunur ki, Prussiya xalq məktəbləri sistemi mütləq monarxiya dövründə yaranıb, ABŞ-nin Massaçusets ştatı təhsil haqqında ilk qanunu 1647-ci qəbul edib və s. Buna görə Paqlayan iddia edir ki, məktəb azad vətəndaşların deyil, öz təbəələrinə nəzarət etmək istəyən dövlətin aləti idi.
Faktiki olaraq Paqlayan deyir ki, hökumət belə düşünürdü: “bizdə böyük sayda narazı kütlə var. Bu qeyri-sabitliyə gətirir, bəs cəmiyyəti sabit etmək üçün nə lazımdır? Gəlin onu tərbiyə edək”. Yəni dövlətlər məktəblərə tərəqqi istədikləri üçün deyil, inqilabdan qorxduqları zaman yatırım edirdilər. Buna kütləvi iğtişaşlar, üsyanlar və qiyamlar səbəb olurdu. Onun fikrincə, məktəb tənqidi düşüncəni inkişaf etdirmək üçün yaradılmış bir məkan kimi deyil, “dövlətə və onun qanunlarına itaət etməyi öyrədən mürəkkəb bir sistem” kimi qurulurdu.
1 855
AYNA: "Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-ə çatdırılacaq".
Görünür sabah bunu təmin etmək üçün bu gün avtobusların sayı azaldılıb. Gənclikdən Nizamiyə kimi gəzdiyim ərazilərdə bütün dayanacaqlar (hətta adətən heç kimin olmadığı dayanacaqlarda) insanlarla dolu idi. Hətta gəzdiyim dövrdə bir sıra marşrutlar üzrə heç bir avtobus belə görmədim.
1 855
Qəribə faktlar sırasından: #MeToo gənc qadın tədqiqatçılar tərəfindən yazılan işlərin sayının azalmasına gətirdi. Bunu Marina Gertsberg "The Unintended Consequences of #MeToo: Evidence from Research Collaborations in Economics and Finance" ("#MeToo hərəkatının gözlənilməz nəticələri: İqtisadiyyat və maliyyə sahəsindəki tədqiqat əməkdaşlıqlarından əldə edilən sübutlar") məqaləsində iddia edir.
Müəllifin iddiasına görə #MeToo hərəkatı qadınları qorumaq baxımından müsbət məqsəd daşısa da, bəzi gözlənilməz nəticələrə də səbəb olub:
— #MeToo-dan sonra gənc qadın tədqiqatçıların kişi həmkarları ilə yeni layihələrə başlama ehtimalı azalıb;
— Xüsusilə eyni universitet və ya institutda çalışan daha yüksək vəzifəli kişilərlə əməkdaşlıqda nəzərə çarpır;
— Bunun nəticəsində qadınların məqalələrinin sayı azalıb. Amma daha az layihə etmələrinin qarşılığında layihələrin keyfiyyəti və ya karyera nəticələri yaxşılaşmayıb;
— Gənc kişilərdə isə belə azalma müşahidə olunmayıb. Hətta onların yüksək vəzifəli kişi həmkarları ilə əməkdaşlığı müəyyən qədər artıb.
Bəs bunun səbəbləri nədir? Bəzi yüksəkvəzifəli kişilər qadın həmkarı ilə əməkdaşlıq edərkən cinsi təqibdə ittiham olunmaq riskini əvvəlkindən daha yüksək qəbul etməyə başlayıblar. Bu ehtiyat xüsusilə yeni və əvvəlcədən formalaşmış etimad münasibəti olmayan əməkdaşlıqlarda daha güclü ola bilər. Bununla belə, aydın qaydaların olduğu yerlərdə bu problem daha az olub. Məsələn, iş yerində cinsi təqibin nə olduğu, hansı davranışların qəbuledilməz olduğu və insanların necə davranmalı olduğu aydın şəkildə izah edilirsə, qadınlarla kişilər arasında əməkdaşlıq o qədər də azalmayıb. Başqa sözlə sosial normalar sürətlə dəyişəndə, yeni vəziyyətdə insanlara necə davranmalı olduqlarını izah etməsələr, gözlənilməz problemlər yarana bilər.
Qısa olaraq desək, qadınları cinsi təqibdən qorumaq üçün dəyişən sosial normalar, bəzi kişilərin qadınlarla peşəkar əməkdaşlıqdan çəkinməsinə və nəticədə qadınların karyera imkanlarının azalmasına (bu hələ akademik sahədir. Digər sahələrdə vəziyyət necədir, bəlli deyil) səbəb oldu, çünki hər hansi bir inkişaf və artım əməkdaşlıqdan, təcrübə mübadiləsindən, şəbəkələşmədən və s. keçir. Əgər bu olmasa, artım da çətinləşir. Ona görə bu sahədə məlumatlılığın artırılması vacib amillərdən biridir.
1 855
Bazar günü oxumaq üçün: son dörd il ərzində Rusiyada hələ də mövcud olan sol hərəkatda (sol hərəkat haqqında əsas medialarda çox az danışılır, amma kifayət qədər siyasi məhbus və s. var) əsas mövzulardan biri "Nə etməli?" sualıdır. Bu suala cavab tapmaq üçün əslinə qalsa indiki dövrdə Çernişevski və ya Lenin formalaşmalıdır, amma hələ ki, yoxdur. Faktiki nəticədə Rusiya sol hərəkatında aşağı-yuxarı eyni işi (maarifçilik) yerinə yetirən bir neçə qrup var və onların sayı elə də çox deyil (düzdür, repressiyaların miqyasına baxanda əslinə qalsa daha şiddətlidir). Əslinə qalsa Lenin dövründə də belə tipli sol qrupların sayı az deyildi, amma hərəsi bu və ya digər formada mübarizə aparırdı (müəssisələrdə həmkarlar ittifaqları qururdular, gizli medialar yaradırdılar, bələdiyyələrə daxil olurdular, məktəblərdə təbliğat aparırdılar və s.). İndiki imkanlar çərçivəsində, niyəsə yalnız maarifçilik qaldı (hətta təbliğat belə yoxdur).
Nəsə link üzrə yuxarıda qeyd etdiyim suala Boris Kaqarlitski cavab verməyə cəhd edir. Onun fikrincə, "обязанность левых состоит в том, чтобы, вырабатывая свои предложения, выдвигая инициативы и формируя свою повестку, «заразить» ими общественное большинство, сделать их не «партийными» или идеологическими, а общими" ("Solun vəzifəsi öz təkliflərini ortaya qoymaq, təşəbbüslər irəli sürmək və öz gündəmini formalaşdırmaqla bu ideyaları cəmiyyətin əksəriyyətinə qəbul etdirmək, onları sırf «partiya» və ya ideoloji məsələlər olmaqdan çıxarıb, hamının ortaq tələbinə və ümumi gündəminə çevirməkdir").
Daha ətraflı burada: https://spichka.media/obraz-budushchego/
1 855
Maraqlı faktlar sırasından: 2026-ci ilin yanvar-iyulu ərzində Ermənistanın Türkiyəyə ixracatı 2.4 dəfə artıb. Düzdür söhbət hələ ki, cəmi 5 milyon dollardan gedir, amma maraqlı tendensiyadır. Türkiyənin Ermənistana ixracatı isə 4.3 dəfə artıb, amma hələ ki, ümumi həcmi 1 milyon dollar təşkil edir.
1 855
Statistik uçota dair
Bu yaxınlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti maraqlı bir məlumat paylaşıb. Məlumata görə, "rəqəmsal iqtisadiyyatın inkişafı və sosial media platformaları üzərindən gəlir əldə edən şəxslərin (blogerlərin və influenserlərin) fəaliyyətinin hüquqi çərçivədə tanınması, eləcə də uçotun şəffaflaşdırılması istiqamətində rəqəmsal vergi inzibatçılığını bir qədər də təkmilləşdirib". Xəbərin ilk cümləsini oxuyarkən mən düşündüm ki, indi hesabatlardan, yığılan vəsaitlərdən və s. danışılacaq, amma... "qurumun yaydığı məlumata görə, uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata "Rəqəmsal platforma təsirçisi" (kod 6312003) adlı yeni fəaliyyət növü əlavə edilib". Yəni sadəcə statistik uçot üçün faydalı olan bir dəyişiklikdi.
Mənə bəlli olmayan səbəbə görə, bu xəbəri bizim medialar "Azərbaycanda bloger və influenserlərlərdən vergi tutulacaq" başlığı altında paylaşmışdılar. Reallıqda onlar bundan əvvəl də vergi ödəyirdilər, sadəcə sistemdə fəaliyyət kodu seçərkən fərqli seçimlər edirdilər. İndi isə artıq birbaşa olaraq özlərini rəsmi "inflyuenser" və ya "rəqəmsal platforma təsirçisi" (nəsə çox uzundur. Gərək elə inflyuenser saxlayardılar) adlandıra bilərlər. Hələ ki, Vergi Məcəlləsinə bu fəaliyyət növü üzrə xüsusi bir verginin tətbiqinə dair maddə yoxdur, deyə onlar da bundan əvvəl olduğu kimi standart vergilər ödəyəcəklər.
Mənim üçün başqa bir şey maraqlı gəldi. Deməli DVX deyir ki, "onların iqtisadi fəaliyyətinin ayrıca uçota alınmasına və statistik məlumatların daha dolğun formalaşdırılmasına imkan yaradır". Bu günə kimi DVX tərəfindən fəaliyyət kodu üzrə təqdim olunan statistik məlumatlara rast gəlməmişəm. DVX saytında hətta mövcud olan statistik məlumatlar belə vaxtında yenilənmir. DSK-ya təqdim olunan məlumatlar fəaliyyət kodu və s. üzrə olmur. Yəni bu statistik məlumatı DVX nə üçün toplayır? Ümumiyyətlə niyə DVX statistik məlumatların təqdim edilməsi cəhətindən ən qeyri-şəffaf və qeyri-hesabatlı bir qurumdur?...
1 855
Deməli Den Arieli adlı nisbətən məşhur bir iqtisadçı var. Hətta azərbaycan dilində Vikipediyada ona həsr olunmuş bir səhifə də var. Mənim araşdırdığım sahədən həddindən çox uzaqdır (yazılana görə psixologiya və davranış iqtisadiyyatı sahəsində fəaliyyət göstərir) deyə yaxşı tanımıram. Mağaza rəflərində onun bir neçə kitabını görmüşdüm və daha çox "kouç" fason olduğunu düşünürdün. Sən demə iqtisadçı imiş və çox qəribə adlı bir kitabları var: "Predictably Irrational", "The Upside of Irrationality" və "The Honest Truth about Dishonesty". Elə sonuncusunu mən rəfdə görmüşdüm. Düzünü desəm bu davranış iqtisadiyyatı çox rahat sahədir, ürəyi istəyən hər bir şəxs ozünü "davranış iqtisadiyyatı" sahəsində məşğulam elan edir və bununla da ona iqtisadçı kimi baxırlar. Təxmin edirəm ki, bir çox hallarda heç elementar iqtisadi anlayışlardan belə xəbərdar deyillər.
Yeri gəlmişkən, Den Arieli bir dəfə səhiyyə üzrə İqnobel mükafatını da alıb. Onun iştirak etdiyi tədqiqat nəticəsində məlum oldu ki, bahalı plasebolar ucuz plasebolardan daha effektivdir. Təxmin edirəm ki, bu çox vacib bir tədqiqat idi. Düzünü desəm İqnobel mükafatının da müəyyən bir məntiqi var. Bu "first make people laugh, and then make them think" ("əvvəlcə güldürən, sonra isə düşünməyə məcbur edən nailiyyətlərə görə") məntiqidir. Amma düşünmürəm ki, onun tədqiqatı gələcəkdə kimisə düşündüməyə vadar edə bilər. Yəni İqnobel səviyyəsində də deyildi.
Nəsə, bu yaxınlarda sosial elmlərə həsr olunmuş Datacolada bloqu onun araşdırmasını replikasiya (yəni təkrar) etməyə çalışıb. Ümumiyyətlə bu layihənin əsas məqsədi əsasən sosial elmlər sahəsində akademik tədqiqatları araşdırıb, onları replikasiya edib, istifadə edilən verilənləri yoxlamaqdır. Deməli D. Arielinin tədqiqatlarından biri artıq bir dəfə replikasiya oluna bilmədi. Bu dəfə Datacolada onun istifadə etdiyi üsulu və verilənləri yoxlamağa qərar verdi. Layihə çərçivəsində "Procrastination, Deadlines, and Performance: Self-Control by Precommitment" ("Prokrastinasiya, Son Tarixlər və Fəaliyyət: Əvvəlcədən öhdəlik yolu ilə özünə nəzarət") tədqiqatı yoxlanılmışdı.
Müvafiq məqalə çox məşhur idi. Belə ki, bu tədqiqata 2 mindən çox istinad verilmişdi. ChatGPT deyir ki, 2 mindən çox istinad müvafiq tədqiqatı avtomatik olaraq "təsiredici" edir. Tədqiqatın nəticələrinə görə bir sıra əməliyyatlar üzrə son tarixləri (deadline) mövcud olan dövr üzrə bərabər bölmək lazımdır. Yəni sənin beş tapşırığın varsa, onların son tarixini bir tarixə qoymaq düzgün deyil. Sadəcə o dövrə qədər olan zamanı bərabər bölmək daha effektivdir. Tədqiqatın mövzusunu eşidən kimi mən təxmin etdim ki, tamamilə mənasız və boş məqalədir. Nəsə bu Datacolada ilk əvvəl nəticələrini təkrar etməyə cəhd etdi və bu alınmadı. İndi isə verilənləri yoxladı və... yenə də alınmadı. Tədqiqatçılar hesab edirlər ki, bu məqalədə istifadə olunan verilənlər "istədikləri nəticələri əldə etmək üçün ciddi şəkildə dəyişdirilmiş və ya uydurulmuş".
İndi bu yalnız bir tədqiqatdır (müəllifə dair eyni tipli ittihamlar əvvəllərdə də səslənirdi). Təxmin edirəm ki, "davranış iqtisadiyyatı" adı altında dərc olunan tədqiqatların əhəmiyyətli hissəsi ya uydurulub, ya da reallığı əks etdirmir. Ümumiyyətlə bu anlayış altında fəaliyyət göstərən iqtisadçıların əhəmiyyətli hissəsi mənim üçün ciddi sürətdə astroloqlardan fərqlənmir. Onlar da astronomiya aparatından istifadə etməyə çalışırlar, bunlar da iqtisadi elm aparatından istifadə edirlər. Düzdür bir müddət əvvəl qeyd etdiyim kimi davranış iqtisadiyyatı müəyyən qədər konkret qısa müddət ərzində verilən qərarların tədqiqində çox vacib rol oynayır, amma tədqiqatların əhəmiyyətli hissəsi qısa olaraq mənasız mövzulara həsr olunub. Onları yığışdırsaq, nə elm zərər çəkəcək, nə insanlar bu barədə öyrənəcəklər.
1 855
Sadə insanlar ölür, amma iri şirkətlərin/varlıların/oliqarxların qazancları daha sürətlə artmağa davam edir - bütün dövrlərə aid müharibələrin sadə təsviridir. Əslinə qalsa əgər məktəbdə hər hansı müharibə haqqında danışılanda məhz bu faktor və bu təsvir istifadə olunsa, düşünürəm gələcəkdə müharibə ehtimalı azala bilər, amma hələ ki, bütün dünyada (Azərbaycan da, əlbəttə ki, burada istisna deyil) müharibə xüsusi bir hadisə kimi təsvir olunur.
Nəsə.. Rusiya-Ukrayna müharibəsi çərçivəsində, Rusiya tərəfində baş verən korrupsiya haqqında biz davamlı olaraq məlumatları əldə edirik. Bunu həm Rusiya hökuməti özü edir (periodik olaraq bu və ya digər məmuru və ya iri sahibkarı həbs edir), həm də kifayət qədər geniş yayılmış rus təhqiqatçıları vasitəsilə öyrənirik. Bəs Ukrayna tərəfində vəziyyət necədir? Müharibədən əvvəl korrupsiya səviyyəsinə görə Ukrayna Rusiyadan ciddi sürətdə fərqlənmirdi. Düzdür bir çox maraqlı təşəbbüslər mövcud idi (Prozorro və s.), amma buna baxmayaraq korrupsiya geniş yayılmışdı, büdcə vəsaitləri qeyri-effektiv xərclənirdi və s.
Müharibə başlayandan Ukrayna tərəfi bir çox məlumatlari gizlətdi. Hansı dərəcədə bu doğrudur, deyə bilmərəm, çünki fikrimcə əksinə müharibə zamanı hər şey daha da şəffaf olmalıdır, amma bu addıma getdilər. Nəticədə ölkə səviyyəsində antikorrupsiya təhqiqatları aparmaq çətinləşdi. Bunu hətta NABU kimi dövlət qurumu hiss etdi. Hər bir halda periodik olaraq iri korrupsiya qalmaqalları haqqında məlumatlar Ukraynadan da gəlir. Bəs hərbi xərclərdə vəziyyət necədir? Bu yaxınlarda New York Times dövlət silah satınalmaların auditinin nəticələrini əldə etməyə müvəffəq oldu (burada və burada tanış ola bilərsiniz). Yalnız rəsmi auditin nəticələrinə görə məlum oldu ki, dövlət büdcəsi 2024 və 2025-ci illərdə 1.2 milyard dollar itirib (2026-ci il üçün dövlət büdcəsində müdafiə xərclərinin ümumi həcmi 66 milyard dollar həcmində planlaşdırılıb). Bu yalnız iki ili əhatə edən rəsmi məlumatdır. Təsəvvür edin ki, daha da dərin təhqiqat aparılsa (təkcə hərbi sursat yox, həm təminat və s.) hansı həcmdə itkilər müəyyən olunacaq.
Yəni ölkə müharibə aparır, gündəlik olaraq ərazi itkiləri ilə üzləşir, amma hərbi zavodlar keyfiyyətsiz məhsullar ilə təmin edir. Auditin nəticələrinə görə 10 ən iri təchizatçıdan 7-nə qarşı cinayət işləri mövcuddur. Yəni onlar üçün sadəcə qazanmaq usuludur. Ən maraqlı faktlardan biri dünyanın ən iri silah istehsalçılardan olan Czechoslovak Group ilə bağlıdır. Deməli türk şirkəti olan Arca Defense-dən raketlər alınmalı idi. Nəyə görə buna dair tender elan olunur - bəlli deyil. Yəni tenderin texniki sənədlərində də məhz bu müəssisənin istehsal etdiyi raketlər qeyd olunurdu. Amma tenderdə üç şirkət iştirak edir. Ən ucuz qiyməti Arca Defense, ən bahalısını isə Czechoslovak Group təqdim edir. Tenderin nəticələrinə görə Czechoslovak Group qalib gəlir. Onlar bu raketləri türklərdən alıb, ukraynalılara satırdılar. Arada vasitəçi pulu, cəmi-cümlətanı 130 milyon dolları, götürdülər.
Bu söhbət 2024-cü ildə baş tutub. Müvafiq ilin nəticələrinə görə, Czechoslovak Group-un təmiz gəliri iki dəfə artaraq, 4 milyard avronu keçdi. İlin nəticələrinə görə şirkət gəlirlərinin 43%-i məhz Ukraynanın payına düşürdü (hətta ilin nəticələrinə görə EBİTDA faizini belə 2% artırmağa müvəffəq oldu). Sağ olsun Ukrayna, şirkətin gəlirləri artmaqda davam etdi və 2026-ci ildə bu şirkət artıq birjaya çıxdı və onun sahibi rəsmi olaraq Forbes-un milyarderlər siyahısında ilk 100-lüyə düşdü. Kimsə dünyanın ən varlı 100-lüyə düşür, başqaları isə bu anda öz həyatlarını xilas etməyə çalışırlar.
p.s. yeri gəlmişkən, müharibə elə qazanclar vəd edir ki, burada heç kim müttəfiqin olub-olmamasına baxmır. Misal üçün, bu yaxınlarda məlum oldu ki, Serbiya silah şirkətlərinin mənfəətləri 3 dəfə artıb. Əsas amillərdən biri də Ukraynadır.
1 855
Dövlət Statistika Komitəsi İstehlakçı Qiymətlər İndeksini hesablayarkən müəyyən sayda məhsul və xidmətlərin qiymətinə əsaslanır. Hər il bu məhsul və xidmətlərin siyahısında dəyişikliklər olmalıdır. Hər şey əhalinin istehlak tərzindən asılıdır. Dövlət Statistika Komitəsinin istifadə etdiyi məhsul və xidmət səbəti müəyyən qədər suallar yaratsa da, o da illər keçdikcə dəyişir. Düzdür bunu biz DSK-nın rəsmi saytında dərc olunan məlumatlara əsasən deyirik. Bəlkə reallıqda əlavə məhsul və xidmətlər də nəzərə alınır.
DSK-nın saytının arxivindən istifadə edərək, hesabladım ki, 2001-2004-cü illərdə DSK-nın istifadə etdiyi məhsul və xidmət növlərin sayı 358 idi. 2005-ci ildə müvafiq rəqəm 586-ə kimi artdı. Siyahıda maraqlı yeniliklər var idi. Misal üçün, 2004-cü ildə "mal əti" qeyd olunub, amma artıq 2005-ci ildə bu məhsul iki əmtəə növünə - sümüklü və sümüksüz mal əti - bölünüb. 2004-2005-ci illərin siyahılarında donuz əti də var idi. 2004-cü ildə donuz ətinin hətta iki növü - adi donuz əti və konservləşdirilmiş donuz əti olaraq göstərilmişdi. 2026-ci ildə artıq donuz əti nəzərə alınmır. Rusiyada belə müqayisəni aparan tədqiqatların birində qeyd olunur ki, hər dövrün öz tələbinə uyğun olaraq siyahılar yenilənirdi. Görünür ki, 2000-ci illərin əvvəlində donuz ətinə tələbat (əlavə olaraq vetçina və bujanina da göstərilib) öz dövrünə və zamanına uyğun idi. 2026-ci ildə artıq donuz əti istehlak səbətinin vacib iştirakçısı deyil.
Bəs yaxşı bu 20 ildə hansı dəyişikliklər baş verib? İlk əvvəl siyahı bir qədər azalıb. 2005-ci ildə 586 əmtəə və xidmət göstərilmişdisə, 2026-ci ildə bu rəqəm 566 təşkil edib. Bəllidir ki, texnoloji inkişaf ilə bəzi məhsullara tələbat itib. Misal üçün, 2005-ci ilin siyahısında "kompakt-disklər, CR-rom-lar, DVD-disklər" qeyd olunub. İndiki dövrdə bu məhsullardan çox az adam istifadə edir (siyahıda onları flaş-kart əvəz edib). Amma bəzi istiqamətlər üzrə seçim azalıb. Müqayisə üçün, balıq məhsulları üzrə 2005 və 2026-ci illərin siyahısını görə bilərsiniz:
2005: "Kütüm, sazan, xəşəm", "nərə", "ağ balıq", "dondurulmuş stavrida, skumbriya, xek", "dondurulmuş kilkə", "hisə verilmiş nərə", "duzlu siyənək", "şprot balıq konservləri", "sayra, sardina balıq konservləri", "tomat sousunda balıq konservləri", "qara nərə kürüsü" (1 kq o zaman 238 820 AZM və ya indiki pulla 47.76 AZN) - yəni 11 mövqe.
2025: "təzə balıq", "dondurulmuş balıq", "hisə verilmiş balıq", "balıq konservləri (yağda)" və "tomat sousunda balıq konservləri" - 5 mövqe.
Başqa sözlə tomat sousunda balıq konservləri bu 20 ili siyahıda keçirən yeganə balıq məhsuludur. Göründüyü kimi balıq məhsulları cəhətindən seçimimiz iki dəfə azalıb. Düzdür indiki zamanda qara nərə kürüsünü hesabata salmaq mənasız olardı, amma Xəzər dənizin sahilində yerləşən ölkədə fikrimcə balıq seçimi daha çox olmalıdır. Eyni zamanda "təzə balıq" anlayışı nə deməkdir - bəlli deyil. Belə yolla kifayət qədər manipulyasiyalara əl atmaq olar. Balıqda seçimimiz azalsa da bəzi digər məhsullarda seçimimiz artıb - ağ kələm yerinə artıq ağ kələm, gül kələmi və brokkoli, meyvələrə kivi və s. əlavə olunub. Yeri gəlmişkən, həm də mədəniyyət cəhətindən seçimimiz standartlaşıb. 20 il əvvəl olan siyahıda pianino, tar və sintezator ayrı olaraq göstərilmişdi. İndiki siyahıda yalnız "musiqi aləti" mövcuddur.
1 855
Maraqlı faktlar sırasından: Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-ci ilin yanvar-iyul aylarında "İstisu" zavodunun istehsal həcmi 5.4% azalıb. Mineral və qazlı su istehsal edən digər rayonlar arasında Gədəbəy rayonunu da qeyd etmək olar. Belə ki, keçən ilin eyni dövrü ilə müqayisədə istehsal həcmi 11 dəfə azalıb.
1 855
O gün izləyicilərdən biri AXC zamanı demokratiya haqqında soruşdu, nəsə 9 il əvvəl (rus dilində) yazdığım bir post yadıma düşdü:
Belə bir tarixi hekayə təsəvvür edin: Sən Rusiya ordusunun keçmiş rotmistrisən (təxminən kapitan rütbəsinə bərabərdir). Fevral inqilabından sonra həyatın az dəyişiklik görməyib. Hətta bir müddət şəhər dumasının deputatı da olmusan. Və nəhayət, 1919-cu ildə bütün bu müharibələrdən, döyüşlərdən uzaq bir yerə – Bakıya gəlib çıxmısan.
Elə burada daxili işlər naziri səni birbaşa Bakı şəhər rəisi təyin edir. Yəni şəhər polisinin başçısı. O vaxt indiki mənada “mer” yox idi — şəhərin başında şəhər dumasının rəhbəri, polisin başında isə şəhər rəisi (qradonaçalnik) dururdu.
Vəzifədə olduğun müddətdə yaxşı işləməyə çalışırsan. Hətta ingilis kəşfiyyatı öz məruzələrində sənin haqqında müsbət fikirlər də bildirəcək. Sərt olmamağa çalışırsan, amma bütün sənədləri imzalayırsan.
Bolşevikləri Denikinin yanına göndərmək lazımdır — bir qədər etiraz edirsən, amma yenə də imzalayırsan.
Qəzetlərin bağlanması barədə qərarları da imzalayırsan, baxmayaraq ki, bunun düzgün olmadığını düşünürsən.
Həmkarlar ittifaqlarına kömək etməyə çalışırsan. Tabeliyində olan polis əməkdaşlarının fəhlələri döydüyünü öyrənən kimi bunu dayandırmağa cəhd edirsən.
Fəhlə hərəkatının fəallarının ölkədən çıxarılıb Denikinin yanına göndərilməsinə mane olmağa çalışırsan, amma nəticədə onları ingilislərə təhvil verirsən.
Və sonra, 1920-ci ildə Bakıya Sovet hakimiyyəti gəlir.
Sən şəhərdən qaçmırsan. Halbuki nazir də, nazir müavini də ilk fürsətdə qaçıb gediblər. Sən isə düşünürsən ki, bolşeviklər üçün edə biləcəyin hər şeyi etmisən.
Amma əvvəlcə səni elə öz tabeliyində olanların ifadələri əsasında mühakimə edirlər. Həmin adamların fəhlələri döyməsinə vaxtilə mane olmağa çalışdığını isə, görünür, heç kim nəzərə almır.
Səni həbs cəzasına məhkum edirlər. Sənin vaxtilə qoruduğun, xilas etdiyin insanlar bu dəfə səni xilas etməyə çalışırlar.
Amma işə yenidən baxılması hər şeyi dəyişir.
Nəticədə həbs cəzası yox, güllələnmə hökmü çıxarılır.
p.s. söhbət Quda Qudiyevdən gedir. O 1919-cu ildə Bakı şəhər polisinin rəisi təyin olunur. Onun dövründə AXC-nın sosial-demokratlara qarşı ən sərt repressiyaları baş verir (misal üçün, əvvəllər onları sadəcə sərhədə kimi aparırdılar və buraxırdılar. Bu dövrdə artıq birbaşa Denikinə və ya ingilislərə təhvil verirdilər. Denikin də bir neçəsini asmışdı). Əli Bayramovun, H. Əliyevin və M.F. Musevinin də öldürülməsi onun dövründə baş verib. Hər üçünün ölümü birbaşa olaraq hüquq-mühafizə orqanları ilə bağlı idi.
1 855
- Апулей. Метаморфозы или Золотой осел. Москва. 1991. 192с. və Гай Валерий Катулл. Книга стихотворений. Москва. 1986. 302с. - evimdə qədim yunan və roma ədəbiyyatdan ibarət olan bir rəf var. Rəfdə olan qədim yunanlara aid olan kitabları vaxtilə oxumuşdum (Esxil, Evripid və s.). Qədim Roma mənim heç vaxt maraq dairəmə daxil olmayıb. Yunanlar ilə müqayisədə onları daha çox "varvar"sayağı hesab edirdim. Eyni zamanda heç xoşuma da gəlmirdi. Bir dəfə hardasa 12 il əvvəl düşündüm ki, gərək bu mövzuya da daxil olum və Tit Liviyin "Romanın tarixi" kitabından başladım. İlk əvvəl bir tarixini öyrənim sonra ədəbiyyatına keçərəm. Əvvəli pis deyildi, amma konsullara keçəndə o qədər ad dəyişimindən yoruldum ki, daha davam etmədim. Və onunla da mövzu bitdi. İndi düşündüm ki, gərək ikinci şans verim. Əlimə düşən iki kitabı götürdüm və oxudum. Nə deyə bilərəm? Romalılar üçün əsas mövzu seks və yemək idi.
Düzdür yunanlarda da bu mövzulara kifayət qədər həsr olunan ədəbiyyat var, amma romalıların bu mövzulara marağı həddindən artıq böyükdür (sentyabrda "Roma satirası" məcmuəsini də bitirdim. Orada hər 3-4 sətirdən biri ya seks, ya yemək haqqındadır). Yeri gəlmişkən, təsadüfi deyil ki, roma ədəbiyyatının əhəmiyyətli hissəsi rus dilində 1989-1991-ci illərdə yenidən nəşr olunub. Bu dövrdə artıq senzura zəifləmişdi və hər şey çapa gedirdi. Apuleyin əsəri, əlbəttə ki, daha çox parodiya, tənqid və s.-dir, amma Katullun şerləri konkret o dövrün müəyyən mənada etiketini göstərirdi. Misal üçün, Katullun tərrcüməsi 1986-ci ildə nəşr olunduğu üçün bir sıra şerləri senzuraya məruz qaldı. Mən də məcburən onları internetdə tapıb klassik tərcümədə oxumalı oldum. Misal üçün, bir şeri o öz yaxın dostuna həsr edib. Şer həddindən artıq homoerotikdir ki, sovet redaktorları heç redaktə edə bilməyiblər, sadəcə müvafiq sətirləri yığışdırdılar. Yei gəlmişkən, şerin mövzusu da qəribədir. Deməli Katullun məşuqəsi onun patronunun həyat yoldaşı idi. Müvəqqəti olaraq Katull səyahətə getməli oldu və öz məşuqəsini yaxın dostuna "tapşırdı". Qayıdanda məlum oldu ki, artıq məşuqəsi onun dostunu seçib. Katull da başqa variant tapmayıb, bu dostuna deyəsən 5-6 şer həsr edib. Hər şerdə də onu homoseksual göstərməyə çalışıb. Başqa tərəfdən düşünürəm ki, qədim bədii ədəbiyyatın nümunəsi olmasa idi, indiki Rusiyada hətta bu iki kitab ən azı "LQBT təbliğatına" görə qadağan olunanlar siyahısına düşəcəkdi. Ümumən isə sadəcə yüngül bir ədəbiyyatdır.
- Камю А. Посторонний. Москва. 2023. 128с. - düşündüm ki, elə bil kitab tapım ki, onu bir axşama bitirə bilim. İnternetdə bu əsərə rast gəldim və oxudum. Prinsipcə nəsə demək çətindir. Oxunmalı bir əsərdir, cəmiyyət normaları, yanaşmalar və s. Amma əsas dəst-xətt (həbs mövzusu) mənə niyəsə çox süni gəldi.
- Стрела времени. Москва. 1989. 448с. - mənim bir adətim var. Ən azı ildə bir dəfə fantastika hekayələrdən ibarət məcmuəni oxumalıyam. Ən böyük problem keyfiyyətli bir məcmuə tapmaqdır. Sağ olsun, bu yaxınlarda Rüfət bir məcmuəni xatırlatdı. Mən də onu tapıb, yüklədim. Bir çox hekayələri onsuzda çoxdan oxumuşdum, amma daha bir dəfə oxumaq çox böyük bir estetik zövq verdi.
1 855
- Cabbarlı C. Mən bir susmaz duyğuyam ki.. Bakı. 2019. 514s. - keçən ayın hesabatında da C. Cabbarlı haqqında yazmışdım. Elə keçən ay başladığımı avqust ayında davam etdirdim. Düşündüm ki, gərək C. Cabbarlının bütün hekayə və pyesləri ilə tanış olum. Evdə əlavə olaraq yalnız bu məcmuəni tapdım. Məcmuədə onun məqalələri, şerləri, hekayələri və pyesləri yer alıb. Qeyd etdiyim kimi C. Cabbarlı azərbaycan dilində must-read olan yazıçılardan biridir. O yazıçıdır ki, səni reallıq ilə tanış edir. Keçən dəfə dediyim kimi Sovet dövründə yazdığı pyesləri çox möhtəşəmdir. Amma bununla belə onun hekayələri daha da gözəldir. Misal üçün, "Dilarə" hekayəsi - mənə çox ciddi təsir edir. Çox maraqlıdır ki, biz bu hekayə ilə uşaqlıqda tanış oluruq. Əslinə qalsa uşaqlıqda (yəni məktəbdə) sən burada ciddi sosial podtekst görmürsən. Yəni standart olaraq müəllimə qulaq asırsan və müəllimin baxışlarından asılı olaraq o sənə nəsə izah edir. Amma yaşlandıqca daha ciddi problemləri görürsən, eyni zamanda hekayənin sonluğu da möhtəşəmdir, başa düşürsən ki, hələ ki, çıxış yoxdur. Və ən təəssüfləndirici məsələ ondan ibarətdir ki, Cabbarlının qeyd etdiyi bir çox problemlərdən çıxış indiyənə kimi yoxdur.
Yeri gəlmişkən, Cabbarlını oxuduqca başa düşürəm ki, əgər bizim cəmiyyətin intellektual təbəqəsinin ən azı 10% onun kimi tərəqqipərvər, feminist və s. olsa idi, cəmiyyətimiz tamamilə dəyişəcəkdir. Yoxsa indi biz 100 ildir ki, eyni problemlər haqqında danışırıq. Cabbarlını oxuduqca hiss edirsən ki, onun real həyatda mövqeyi və yazdığı mövqe fərqlənmirdi. Misal üçün, qadın hüquqları haqqında nə yazırdısa öz fikri idi, o hansısa konyuktura dalınca qaçmırdı. Müqayisə üçün, keçən ay oxuduğumu "Azərbaycan hekayələri" məcmuəsinə istinad edə bilərəm. Orada Sovet dövrü yazıçıları arasında ən azı 5-6 hekayə qadın hüquqlarına həsr olunub. Oxuyursan və prinsipcə görürsən ki, süjeti və s. yaxşıdır, oxumalıdır, amma bitirəndə sünilik hiss edirsən. Başa düşürsən ki, müəllif bu hekayəni yazıb, amma real fikirləri fərqlənir. Sovet dövründə o oturub, "qadınlar evdə oturmalıdır və uşaq doğmalıdır" yaza bilməzdi, ona görə də bu hekayə alınıb. Amma reallıqda onun fikirləri daha çox bu istiqamətdə idi. Yeri gəlmişkən, eyni məsələni Sovet dövrünə aid Azərbaycan filmlərində də görmək olur: mövzu qadın hüquqların genişlənməsidir, amma əməlli-başlı sünilik görsənir.
- Чехов А.П. Полное собрание сочинений и писем в 30 томах. Сочинения в 18 томах. Том 16-18 - nəhayət Çexovun bədii külliyyatını bitirdim. 18 cildi ilə tanış olmaq üçün mənə 17 ay (faktiki 12-dir, çünki 5 ayı Çexovdan "istirahət etmişəm") tələb olundu. Son üç cildi əsasən məqalələrdən, qeyd kitabçalarından və cavanlıqda anonim yazdığı hekayələrdən ibarət idi. Bu cildlərdə daha çox qeydlər bölməsini oxuyurdum. Məqalələri əsasən teatr həyatına həsr olunub və ona görə indi çox da ciddi maraq kəsb etmir. Sadəcə bir maraqlı faktı qeyd etmək istərdim ki, deməli Moskvada 1890-ci illərdə daimi olaraq fəaliyyət göstərən 12 teatr mövcud idi. Rəsmi olaraq 2026-ci ildə Bakıda cəmi 11 teatr fəaliyyət göstərir (bu rəqəmə 3-4 özəl teatrı da əlavə etmək olar). Moskvada indi bu rəqəm 150-ə bərabərdir. Qeyd kitabçaları müəyyən qədər maraqlıdır. Ən azı gördüm ki, mən də öz qeydlərimi Çexovsayağı aparıram - daim ideyalarımı köhnə qeyd kitabçasından yenisinə köçürdürəm və.. reallaşdırmıram.
