en
Feedback
Tarixçi

Tarixçi

Open in Telegram

Maraqlı tarixi faktlar

Show more
5 135
Subscribers
+424 hours
+217 days
+1430 days
Posts Archive
1967-ci ilin qışında Kemerovoda yüksək vəzifəli məmur, lap yaxın zamanlarda SSRİ kənd təsərrüfatı nazirinin müavini təyin olu
1967-ci ilin qışında Kemerovoda yüksək vəzifəli məmur, lap yaxın zamanlarda SSRİ kənd təsərrüfatı nazirinin müavini təyin olunacaq Aleksandr Rudoy güllələnərək edam edildi. Onun edamının dəqiq tarixi məlum deyil. Cinayət işi hələ də məxfidir. O, siyasi motivlərə və ya korrupsiya cinayətlərinə görə deyil, qətl və zorlama ittihamlarına görə ən ağır cəzaya məhkum edilmişdi. Aleksandr Rudoy SSRİ-də seksual cinayətə görə məhkum edilən ən yüksək vəzifəli məmur sayılır. Haqqında məqaləni tərcümə etdim https://pressklub.az/az/arasdirma/ordenli-qatil-yuksek-vezifeli-manyak-nece-ele-kecdi-337725-az

1978-ci il sentyabrın 4-də Ramazan bayramı idi. Bayram namazı qılındıqdan sonra sayı yarım milyona çatan insan kütləsi Tehranda yürüş etdi. Onlar "Allahu əkbər, Xomeyni rəhbər", "Hüseyn sərvərimiz, Xomeyni rəhbərimiz" şüarlarını səsləndirirdilər. Deyilənə görə, şah şəxsi helikopterində bu nümayişi heyrət və məyusluqla izləyirdi. Etirazlar bayram günündəki sayda olmasa da sonrakı 3 gündə davam etdi. Tehranın cənub hissəsində məskunlaşan kasıblar etirazlarda xüsusən fəal iştirak edirdilər. Şah sentyabrın 8-ə keçən gecə Tehranda və ölkənin daha 11 iri şəhərində hərbi vəziyyət elan etdi, kütləvi aksiyalar qadağan olundu. İran ordusunun ən nüfuzlu generalı Qulaməli Oveysi Tehranın hərbi qubernatoru təyin edildi. Kökəncə azərbaycanlı, ata tərəfdən Qaraqoyunlu hökmdarı Qara Yusifin, ana tərəfdən isə Qacarların nəslindən olan general Oveysi maraqlı fiqur idi. Qərb diplomatları və hərbçiləri onun peşəkarlığını yüksək qiymətləndirirdilər. Dindar, namaz qılan və oruc tutan olmasına baxmayaraq, Qulaməli Oveysi monarxiyanın qatı tərəfdarı idi. Hərbi vəziyyətin elan edildiyi elə ilk gündə İran inqilabında geriyə dönüşü və əvvəlki status-kvonun bərpasını mümkünsüz edən önəmli hadisə baş verdi. Sentyabrın 8-də günorta saatlarında minlərlə insan Tehranın Jalə meydanında növbəti etiraz aksiyası keçirdi. Onlar hərbi vəziyyət elanından xəbərsiz idilər, yoxsa etinasız yanaşmışdılar, məlum deyil. Etirazçılar tezliklə əsgərlər tərəfindən mühasirəyə alındılar və atəşə tutuldular. Nəticədə xeyli adam həlak oldu. General Oveysi "Qara cümə" adını alacaq hadisəni "Allaha və əsgər şərəfimə and olsun ki, ilk atəş qarşı tərəfdən açıldı" deyə şərh edirdi. Şahbanu Fərəh Diba Pəhləvi də öz xatirələrində günahı qarşı tərəfdə görür. Bəlkə də belə idi, amma hakimiyyət etimadını itirmişdi, ona inanan yox idi. Müxalifət "Qara cümə" zamanı yüzlərlə, hətta minlərlə nümayişçinin öldürüldüyünü iddia edirdi. O zamanTehranda olan tanınmış fransız filosofu və psixoanalitiki Mişel Fuko İtaliyanın "Corriere della sera" qəzeti üçün yazdığı məqalədə Jalə meydanında 4000 insanı öldüyünü bildirirdi. Sanballı qəzetdə iddia edilən bu miqdar Qərbdə geniş əks-səda doğurdu, şaha nifrət, əleyhdarlarına isə rəğbət qazandırdı. Halbuki, artıq İslam Respublikası zamanı Şəhid ailələri fondunun apardığı araşdırma "Qara cümə"də 88 nəfərin həlak olduğunu aşkar etdi. Ancaq məlum səbəblərdən bu nəticələr ictimailəşdirilmədi. Tədqiqatçıların fikrində, Jalə meydanındakı hadisələr bir ildən çox davam edən etirazlarda xüsusi yer tutur. Bu hadisənin doğurduğu istər daxili, istər beynəlxalq rezonans İran monarxiyasının taleyini həll etdi.

İran İslam inqilabının gedişində çox mühüm hadisə olan Jalə faciəsinin ildönümüdür.
İran İslam inqilabının gedişində çox mühüm hadisə olan Jalə faciəsinin ildönümüdür.

2003-cü il martın 8-də Tbilisidə izdihamlı dəfn mərasimi keçirilirdi. Mərhumla vida mərasimində prezident Eduard Şevardnadze
2003-cü il martın 8-də Tbilisidə izdihamlı dəfn mərasimi keçirilirdi. Mərhumla vida mərasimində prezident Eduard Şevardnadze başda olmaqla dövlət əyanları, eləcə də tanınmış mədəniyyət xadimləri, elm adamları və postsovet məkanının hər yerindən gələn kriminal avtoritetlər, qanuni oğrular iştirak edirdilər. Bəs bu rəngarəng, bir yerdə olmaması gərəkən kütləni bir yerə toplayan mərhum kim idi? Dörd gün əvvəl vəfat edən və həmin gün Gürcüstanın tanınmış xadimlərinin dəfn olunduğu Didube Panteonunda son mənzilə yola salınan bu şəxs heyrətamiz bioqrafiyaya malik idi. Caba İoseliani - filologiya elmləri doktoru, professor, yazıçı və dramaturq, 1980-ci illərin sonlarından siyasi və hərbi fiqur, prezident Zviad Qamsaxurdiyanın devrilməsi ilə nəticələnən qiyamın rəhbərlərindən biri, qısa müddət dövlət başçısı və bütün bunlarla yanaşı, “qanuni oğru” statuslu kriminal avtoritet. Yeni məqaləm https://pressklub.az/az/yazilar/professor-leqebli-qanuni-ogru-saxta-telebe-qiyamci-rehber-quldurbasi-deputat-782-az

Göksu çayı, Türkiyə. Antik dövrlərdə Kalikadnos, orta əsrlərdə isə Salef adı ilə tanınan çay Müqəddəs Roma imperatoru I Fridr
Göksu çayı, Türkiyə. Antik dövrlərdə Kalikadnos, orta əsrlərdə isə Salef adı ilə tanınan çay Müqəddəs Roma imperatoru I Fridrix Barbarossanın boğulması ilə məşhurdur. Göksu, mənbəyini Toros dağlarından götürən Gökçay və Gökdərə çaylarının qovuşmasından yaranır. Çay 260 km uzanaraq Mersin vilayətinin Silifke ilçəsində Aralıq dənizinə tökülür. Onun deltasında 300-dən çox quş yumurta qoyduğundan qoruq elan edilib. Üçüncü xaç yürüşündə (1189-1192) iştirak edən ingilislər və fransızlar Yaxın Şərqə dəniz yolu ilə getdilər. I Fridrix Barbarossa isə quru yola, Kiçik Asiya yarımadasından keçməyə üstünlük verdi. O, 1190-cı il iyunun 10-da Salef çayını keçərkən atdan yıxıldı. Zirehli geyimin ağırlığı 68 yaşlı imperatora ayağa qalxmağa imkan vermədi. Axın onu uzaqlaşdırdı. Cəngavərlər özlərini yetirəndə imperator artıq boğulmuşdu. P. S. Barbarossa - "kürən saqqal" deməkdir. Hitlerin SSRİ-yə hücum planı da I Fridrixin şərəfinə adlandırılıb.

1940-cı il sentyabrın 29-da Avstraliyada yerləşən Forest-Hill aviabazasından iki “Avro Anson” təyyarəsi təlim uçuşu həyata keçirmək üçün havaya qalxdı. Cənubi Yeni Uels ştatının cənub hissəsi üzərində uçan təyyarələrdən N4876 bortunu 22 yaşlı Leonard Fuller idarə edirdi. İkinci təyyarənin — L9162 bortunun pilotu 19 yaşlı Cek Hyuson idi. Hər iki təyyarədə pilotda başqa şturman vardı. İki “Avro Anson”dan ibarət qrup Broklsbi qəsəbəsi üzərində 300 metr yüksəklikdə təlim uçuşu həyata keçirirdi. Kəskin dönüş zamanı Leonard Fuller aşağıda uçan və Cek Hyusonun idarə etdiyi təyyarəni gözdən qaçırdı və onun üstünə düşdü. Nəticədə iki təyyarə toqquşaraq bir-birinə pərçimlənib qaldı. Aşağıdakı təyyarənin qülləsi digər təyyarənin qanadının kökünə ilişdi, kil və hündürlük sükanı isə yuxarıdakı “Avro Anson”un üfüqi quyruq stabilizatoruna toxundu. Yuxarıda qalan təyyarənin mühərrikləri sıradan çıxdı — pərvanələr aşağıdakı təyyarənin mühərrik örtüyü tərəfindən bloklandı. Lakin aşağıdakı təyyarənin mühərrikləri işlək vəziyyətdə qaldı. Onlar yüksək sürətdə ilişib qalmışdı və bunun sayəsində bir-birinə ilişmiş vəziyyətdə olan hər iki təyyarə havada qala bildi. Toqquşmadan dərhal sonra hər iki şturman və kürəyindən metal qəlpələrilə yaralanmış Cek Hyuson paraşütlə tullandılar. Lakin yuxarıdakı təyyarənin pilotu Leonard Fuller iki təyyarə tandeminin hələ də idarə oluna bildiyini aşkar etdi. Fuller işlək vəziyyətdə qalan aşağıdakı təyyarənin mühərrikindən, eləcə də qanad mexanizasiyasından — flaps və eleronlardan istifadə edərək qəza enişi üçün yer axtarmağa başladı. O, Broklsbi kəndinin yaxınlığındakı sahəyə tərəf uçdu. Pilot toqquşmadan sonra daha 8 kilometr uçdu və Broklsbidən 6 kilometr cənub-qərbdə yerləşən sahəyə uğurla endi. Eniş aşağıdakı təyyarənin qarnı üzərində baş verdi, təxminən 200 metr məsafədə torpağı şumlayaraq sürüşdü və dayandı. Fullerin komandiri mayor Kuper sonradan bildirdi ki, improvizə edilmiş eniş zolağının seçilməsi “ideal”, enişin özü isə “heyrətamiz” idi. Aviasiya hadisəsi dünyanın hər yerində xəbər oldu və kiçik Broklsbi qəsəbəsini məşhurlaşdırdı. Leonard Fullerin hərəkətləri təkcə yerdə mümkün itkilərin və dağıntıların qarşısını almadı, həm də təxminən 40 min (indiki kursla 3 milyon) funt sterlinq dəyərində hərbi texnikanın — xilas edilmiş təyyarələrin — qorunub saxlanmasına imkan verdi. Hər iki təyyarə təmir edildi. N4876 bortu uçuş təyyarəsi kimi xidmətini davam etdirdi, L9162 isə təlim planerinə çevrildi. Cek Hyuson zədələnmiş belindən uğurla sağaldı və xidmətə qayıtdı. O, 1940-cı ilin oktyabrında SFTS-də təhsilini başa vurdu. 1946-cı ildə kapitan rütbəsində Hərbi Hava Qüvvələrindən tərxis edildi. Leonard Fuller isə dərhal serjant rütbəsinə yüksəldildi. Amma komandanlıqdan icazə almadan jurnalistlərə müsahibə verdiyinə görə də 14 gün hauptvaxta salındı və bir həftəlik maaşından məhrum edildi. O, 1940-cı ilin oktyabrında pilot hazırlığı məktəbini bitirdi. Fuller əvvəlcə Yaxın Şərqdə, daha sonra isə Avropada Kral Hərbi Hava Qüvvələrinin 37-ci eskadrilyasında xidmətini davam etdirdi. 1942-ci ildə İtaliya ərazisində gedən döyüşlərdə fərqlənməsinə görə “Uçuş xidmətlərinə görə” medalı ilə təltif edildi. Həmin il Avstraliyaya geri göndərildi və burada təlimatçı kimi fəaliyyətini davam etdirdi. Fuller 1944-cü il martın 18-də Seyl yaxınlığında velosipedlə gedərkən avtobusun vurması nəticəsində həlak oldu. Beləcə, təyyarə qəzasından və İkinci Dünya müharibəsindən sağ çıxan pilot velosiped sürərkən öldü.

Uçuş zamanı toqquşub bir-birinə pərçimlənən və uğurla yerə endirilən iki təyyarə
Uçuş zamanı toqquşub bir-birinə pərçimlənən və uğurla yerə endirilən iki təyyarə

6-7 sentyabr 1955-ci il, İstanbulda yunanlara qarşı poqrom baş verir. “Kipr hadisələri Türkiyə mətbuatının əsas gündəminə çev
6-7 sentyabr 1955-ci il, İstanbulda yunanlara qarşı poqrom baş verir. “Kipr hadisələri Türkiyə mətbuatının əsas gündəminə çevrilmişdi. Belə vəziyyət ciddi iqtisadi problemlərlə üzləşən Menderes hökuməti üçün də sərfəli idi. Ölkənin ən populyar qəzeti olan “Hürriyet”də İstanbul yunanlarının pul toplayaraq EOKA-ya yardım etmələri iddia edilən məqalə dərc olundu. Belə bir informasiyanın adanın Yunanıstana birləşdirilməsini istəməyən türklərdə yunanlara qarşı hansı hisslər oyatdığını təsəvvür etmək çətin deyil. Sentyabrın 6-da isə “İstanbul Express” qəzetində Yunanıstanın Salonik şəhərində Atatürkün ev-muzeyinə bomba atılması barədə təxribatçı xəbər yayıldı. Bundan sonra İstanbulda yunanlar və digər qeyri-müsəlmanların yaşadıqları məhəllələrdə talanlar başladı”. Poqrom haqqında ayrıca məqaləm yoxdur, amma “1954-1955-ci illərdə Türkiyədə siyasi proseslər” adlı məqaləmdə mövzuya toxunulur. https://yadigar-sadiqli.livejournal.com/39640.html

Türkiyə qadın voleybol millisi dalbadal ikinci dəfə Avropa çempionu oldu ❤️🤍

Türkiyədə 1978-ci ilin martından hərbi çevriliş baş verən 12 sentyabr 1980-ci il tarixinə qədər baş verən bir sıra hadisələr “12 Eylül Darbesi'ne giden süreç” adı altında verilir. Buraya əsasən sağ-sol çatışması aid edilsə də bir sıra başqa hadisələr də daxildir. Məsələn, 1980-ci ilin aprelin 6-da Türkiyənin altıncı prezidenti Fahri Korutürkün səlahiyyət müddəti bitdi, amma TBMM-də dəfələrlə səsvermə keçirilsə də yeni prezidenti seçmək mümkün olmadı. Bu hal da “süreç”ə aid edilir. Konyada keçirilən Qüds mitinqi isə “12 Eylül Darbesi'ne giden süreç”in son hadisəsi sayılır. 1980-ci il iyulun 30-da İsrail parlamenti (Knesset) “Qüds haqqında qanun” qəbul etdi: şəhər İsrailin vahid və bölünməz paytaxtı elan edilirdi. Bu akt bütün dünyada böyük rezonans doğurdu. BMT qanunu pislədi. Türkiyə İsraildəki səfirini geri çağıraraq diplomatik münasibətləri ikinci katiblik səviyyəsinə endirdi. Milli Selamet Partiyası da bununla bağlı mitinq keçirməyi qərara aldı. 1977-ci il bələdiyyə seçkilərində partiya cəmi üç şəhərdə qalib gəlmişdi. Mitinq də o şəhərlərdən ən böyüyündə - Konyada keçirildi. Mitinqdə 100 minə yaxın adam iştirak etdi. İstiqlal marşı çalınanda onların bir hissəsi dünyəvi dövlətə etiraz olaraq yerə oturdular. İsrailin, ABŞ-ın, SSRİ-nin (Əfqanıstana görə) bayraqları yandırıldı. Mitinqdə bir çox pankartlar ərəb əlifbası ilə yazılmışdı. Çıxış edən Erbakan Qüds üçün cihad elan etdi. Mitinqdən sonra keçirilən 7 kilometrlik yürüşdə iştirakçılar "Şeriat İslam’dır, Anayasa Kur'an'dır!", "Şeriat Hakkımız, Söke Söke Alırız!", "Komutan Erbakan, Akıncı Asker!", "Yaşasın İslam Devleti Hakkımız!”, “Ya Şeriat Ya Ölüm!", "Tek Halife, Tek Devlet!", "Cihadımız Devletimizi Kuruncaya Dek!" kimi şüarlar səsləndirdilər. Baş verənlər sekulyar kəsimdə və orduda ciddi etiraz doğurdu. Erbakan da tez məsuliyyəti Konya bələdiyyəsinin üstünə atdı. Bələdiyyə başqanı Mehmet Keçeciler isə sonralar yazırdı ki, Ankarada Erbakanla görüşərək mitinqin təxirə salınmasını təklif edib, amma rədd cavabı alıb. Qüds mitinqindən 6 gün sonra, sentyabr 12-də hərbi çevriliş baş verdi. Sentyabrın 27-də keçirilən mətbuat konfransında Baş qərargahın 2-ci başqanı orgeneral Haydar Saltık “Konya Mitingi, 12 Eylül'e gelinmesinde bardağı taşıran son damla olmuştur” söylədi.

6 sentyabr 1980-ci il, Necmeddin Erbakanın rəhbərlik etdiyi Milli Selamet Partiyası Konyada Qüds mitinqi keçirir.
6 sentyabr 1980-ci il, Necmeddin Erbakanın rəhbərlik etdiyi Milli Selamet Partiyası Konyada Qüds mitinqi keçirir.

"1976-cı il sentyabrın 6-da SSRİ-nin siyasi və hərbi rəhbərliyini şoka salan hadisə baş verdi. Sovet hərbi-hava qüvvələrinin
"1976-cı il sentyabrın 6-da SSRİ-nin siyasi və hərbi rəhbərliyini şoka salan hadisə baş verdi. Sovet hərbi-hava qüvvələrinin pilotu, baş leytenant Viktor Belenko məxfi MiQ-25 təyyarəsi ilə Yaponiyaya qaçaraq ABŞ-dan siyasi sığınacaq istədi. Sovet istehsalı olan məxfi texnikanın düşmən ölkələrin əlinə keçməsi halları əvvəllər də baş vermişdi. Məsələn, 1953-cü ildə Şimali Koreya pilotu No Qım Sok MiQ-15 təyyarəsi ilə Cənubi Koreyaya qaçdı. 1966-cı ildə Mossad iraqlı pilot Münir Redfanı əməkdaşlığa cəlb edərək MiQ-21 qırıcısını İsrailə qaçırmağa razı sala bildi. Üç il sonra isə İsrail xüsusi təyinatlıları SSRİ-nin Misirə verdiyi P-12 radiolokasiya stansiyasını heyrətamiz əməliyyat nəticəsində oğurladılar. Amma bütün bunlar dost ölkələrin günahı üzündən baş verirdi. İndi isə SSRİ-nin öz pilotu superməxfi qırıcı təyyarəni qaçıraraq ölkəsinin hərbi sirrini düşmənə vermiş və böyük ziyan vurmuşdu". "SSRİ-nin məxfi MiQ-25 təyyarəsinin qaçırılması" adlı məqaləm https://yadigar-sadiqli.livejournal.com/74349.html

Albaniya 1944-cü ilin noyabrında almanlardan azad edildikdən sonra hakimiyyətə kommunistlər gəldi. Ölkənin yeni rəhbəri, müsəlman-bektaşi kökənli Ənvər Xoca Albaniyanın işğaldan azad olunmasında göstərdiyi köməyə görə Yuqoslaviya partizanlarının lideri İosip Broz Titoya və təbii ki, Stalinə təşəkkür etdi. Bir müddət sonra Stalin və Titonun münasibətləri korlananda Xoca birincinin tərəfini tutdu və Yuqoslaviya ilə münasibətlər kəsildi. Bir kommunist rejimli ölkənin əsas düşməni digər kommunist rejimli ölkə oldu. Xruşşov zamanı Stalinin şəxsiyyətinə pərəstiş pisləniləndə və destalinizasiya aparılanda Xoca SSRİ ilə əlaqələri kəsdi və Çinlə yaxınlaşdı. Bir müddət Çin Xalq Respublikasının BMT-də maraqlarını Albaniya ifadə edirdi (Çin adı ilə BMT-də Çan Kayşinin rəhbərlik etdiyi Tayvan təmsil olunurdu). 1970-ci illərin əvvəllərində isə Çin-ABŞ münasibətləri istiləşəndə Albaniyanın Pekinlə də münasibətləri tədricən pisləşdi, Mao Tszedunun ölümündən sonra Çində aparılan islahatlar səbəbindən münasibətlər demək olar ki, tamamilə kəsildi. Qeyd etmək lazımdır ki, Yuqoslaviyadan fərqli olaraq, Albaniya SSRİ ilə düşmən olduqdan sonra Qərblə yaxınlaşmadı. Yalnız Fransa ilə nisbətən normal münasibətlərə malik idi. Beləcə, Ənvər Xoca bütün dünya ilə düşmən oldu və yatıb yuxuda da ölkəsinə hücum edildiyini görürdü. Nəticədə bütün ölkə boyu bunker tikintisinə təkan verildi. Həmin bunker deyilənlər əslində rus dilində abbreviatura əsasında DOT (долговременная огневая точка – uzunmüddətli atəş nöqtəsi) kimi tanıdığımız tikili idi. Bunkerlər ölçülərinə görə kiçik, orta və böyük olanlara bölünürdü. Onlar ölkənin hər yerində - dəniz sahilində, otlaqlarda, əkin sahəsində, yaşayış məntəqələrinin ortasında – tikilirdilər. 1977-1981-ci illərdə xüsusilə vüsət alan bunker tikintisi ÜDM-nin 2 faizini təşkil edirdi. Albaniyadakı bunkerlərin ümumi sayı barədə müxtəlif mənbələrdə müxtəlif məlumatlara rast gəldim. BBC-də gedən bir məqalədə onların 500 min olduğu göstərilir. Başqa mənbələrdə 600 min, 700 min, hətta 900 min kimi rəqəmlərə rast gəlmək olur. Tiranadakı tiran Ənvər Xoca 1985-ci ildə öldü. Bir qədər sonra Şərqi Avropanın hər yerində olduğu kimi Albaniyada da kommunist rejimi çökdü. İndi albanlar ölkənin hər yerində göbələk kimi rast gəlinən bunkerlərin əlində naçar qalıblar. Onların sökülməsi ucuz başa gəlmir. Hələ ki, turizmə maneçilik törədən yerlərdə - dəniz sahillərində sökürlər. Başqa yerlərdə qalıb. Albanlar onlardan müxtəlif məqsədlər üçün istifadə edirlər. Məsələn, kiçik bunkerlər anbar, orta ölçülülər tövlə kimi istifadə olunur, böyüklərində isə hətta məskunlaşıb yaşayanlar var.

Albaniya - bunkerlər ölkəsi
Albaniya - bunkerlər ölkəsi

5 sentyabr 1975-ci il, Linett Fromm ABŞ prezidenti Cerald Fordu öldürməyə cəhd edir. ABŞ prezidentlərinə qarşı 30-dan çox qəs
5 sentyabr 1975-ci il, Linett Fromm ABŞ prezidenti Cerald Fordu öldürməyə cəhd edir. ABŞ prezidentlərinə qarşı 30-dan çox qəsd və qəsd cəhdi olub. Bu zaman 4 prezident öldürülüb, ikisi yaralanıb, qalan hallarda isə xəsarət almayıblar. Qəsd edənlərin, demək olar, hamısı kişi idi. Prezident qatili olmağa yalnız iki qadın cəhd edib. Hər ikisi də eyni adamı, 38-ci prezident Cerald Fordu öldürmək istəyib. Əgər Fordun prezident kreslosunda cəmi 29 ay 11 gün oturduğunu və iki qəsd arasında intervalın cəmi 17 gün olmasını nəzərə alsaq, olduqca mübhəm mənzərə alınar. “Cerald Ford – qadınların öldürmək istədiyi prezident” adlı məqaləm https://yadigar-sadiqli.livejournal.com/79645.html

İngilis təyyarəçisi Duqlas Bader. 1931-ci ildə aviaqəza nəticəsində ayaqlarını itirib. Protezlə uçmağı mənimsəsə də Hərbi Hav
İngilis təyyarəçisi Duqlas Bader. 1931-ci ildə aviaqəza nəticəsində ayaqlarını itirib. Protezlə uçmağı mənimsəsə də Hərbi Hava Qüvvələrindən tərxis olunub. İkinci dünya müharibəsinin başlaması ilə hərbi xidmətə qayıdıb. Hava döyüşlərində şəxsən 20 qələbə qazanıb. 1941-ci ildə alman işğalı altında olan Fransa üzərində vurulub, əsir düşüb. Bu zaman protezlərindən birini itirib. Baderə hörmətlə yanaşan almanlar ingilislərlə əlaqə saxlayaraq protez göndərmələrini istəyiblər. Dublikat protez ingilis təyyarəsi tərəfindən atılıb. Əsirlikdə olduğu müddətdə Duqlas Bader bir neçə dəfə qaçmağa cəhd göstərib. Bu cəhdlərdən bezən düşərgə komendantı Baderi protezlərini alacağı ilə hədələyib. Lakin yenə almayıblar, əvəzində Almaniyaya, Koldiç qəsrinə köçürüblər. Bader burada 1945-ci ilin aprelində amerikanlar tərəfindən azad edilib. 1976-cı ildə ona cəngavər rütbəsi və "ser" ünvanı verilib. 6 il sonra vəfat edib

"Streyzand effekti" termininin yaranmasına səbəb olan foto. Bu termin 2003-cü ildə baş vermiş bir hadisədən sonra yaranıb. Mə
"Streyzand effekti" termininin yaranmasına səbəb olan foto. Bu termin 2003-cü ildə baş vermiş bir hadisədən sonra yaranıb. Məşhur amerikalı müğənni və aktrisa Barbra Streyzand Kaliforniya sahillərinin eroziyasını sənədləşdirən fotoqraf Kennet Adelmanı məhkəməyə verir. Fotoqrafın internetə yerləşdirdiyi 12 min şəkildən birində müğənninin Malibu sahəsindəki dəbdəbəli malikanəsi görünürdü. Streyzand şəxsi həyatının toxunulmazlığının pozulduğunu iddia edərək şəklin saytdan silinməsini və 50 milyon dollar təzminat ödənilməsini tələb edir. Nəticə isə tam bir fəlakət olur: Məhkəmə iddiası qaldırılana qədər sözügedən şəkil saytdan cəmi 6 dəfə yüklənmişdi ki, bunun ikisi elə Streyzandın vəkilləri idi. Məhkəmə xəbəri mətbuata sızdıqdan sonra isə cəmi 1 ay ərzində həmin şəkilə baxanların sayı 420 mini ötür. Müğənni məhkəməni uduzur, üstəlik gizlətmək istədiyi evi bütün dünya görür. 2005-cü ildə bloqer Mayk Masnik bu hadisəyə əsaslanaraq "Streyzand effekti" terminini ortaya atır.

1969-cu ildə 17 yaşlı Armando Sokarras Ramires və 16 yaşlı Xorxe Peres Blanko kommunist Kubasından qaçmaq qərarında gəldilər. Amma bunu leqal yolla etmək imkanları yox idi. Onlar xarici ölkələrə uçan təyyarələrdən birinin şassi oyuğunda gizlənməyi qərara aldılar. Bu, əslində intihar kimi bir şey idi. Çünki, əvvəlcə, şassinin onları əzmək ehtimalı böyük idi. Sonra da yüksək hündürlükdə soyuqdan və oksigen çatışmazlığından ölüm qaçılmaz görünürdü. Dostlar bunu bilirdilər, gözardı etdilər, yoxsa bilmirdilər, məlum deyil. Amma iyunun 3-də gecə Madridə uçan DC-8 təyyarəsi yavaş-yavaş hərəkətə gələndə qaçıb şassi yerinə daxil oldular. Biri sağ şassinin, digəri sol. Onlar özlərini bağlamaq üçün kəndir və mühərrik səsinə davam gətirmək üçün qulaqlarına tıxamağa pambıq götürmüşdülər. Cəhd əvvəldən uğursuz başladı. Blanko özünü şassi yerində bərkidə bilmədi və təyyarə hələ havaya qalxmamış yerə düşdü. Onu həbs etdilər və uzun illərini həbsxanada keçirməli oldu. Ramires isə oyuqda qalmağı bacardı, şassi bağlanandan sonra düşmək təhlükəsi aradan qalxdı. Amma az sonra şassi yenidən açıldı. Sən demə, onun bədəni şassiyə tam yerinə oturmağa imkan vermədiyindən pilot panelində işıq yanırmış. Bu zaman Ramires özünü yerləşdirə biləcək kiçik boşluq görür və oraya sığınır. İkinci dəfə bağlanan şassi yerinə tam oturur. Ramiresin qulağındakı pambıqların mühərrik səsinə qarşı faydası az idi. Üstəlik təyyarəyə havaya qalxdıqca hərarət düşür və nəfəs almaq çətinləşirdi. Az sonra o, huşunu itirdi. Təyyarə iyunun 4-də Madriddə enəndən və sərnişinlər təyyarəni tərk edəndən bir müddət sonra uçuş zolağında durub söhbət edən pilotlar bir tappıltı eşitdilər və dönüb baxanda şassinin yanında insan bədəni gördülər. Məsələni anlamaq çətin deyildi: kimsə şassi oyuğunda qaçmağa çalışıb və yəqin ki, artıq ölüb. Amma çağrılan həkimlər gəncin hələ sağ olduğunu təsbit etdilər. Bununla belə, nikbin deyildilər. Təxminən 10 km hündürlükdə saatlarla qalmış insan yaşaya bilməzdi. Onun bədən hərarətini termometr göstərmirdi. Amma Ramires ertəsi gün özünə gəldi. Çox tezliklə tam bərpa oldu, təkcə eşitmə qabiliyyətinin bərpası 1 aya qədər çəkdi. Hazırda 74 yaşı olan Armando Sokarras Ramires ABŞ-ın Virciniya ştatında yaşayır.

Təyyarənin şassi yuvasında Kubadan qaçan Armando Sokarras Ramires
Təyyarənin şassi yuvasında Kubadan qaçan Armando Sokarras Ramires

Çexiya polisi Çexoslovakiyanın keçmiş xarici işlər naziri Yan Masarikin qalıqlarının ekshumasiyasına başlayıb. Onun meyiti 1948-ci ilin martında rəhbərlik etdiyi nazirliyin binasının pəncərələri altında tapılıb. Bu ölümün intihar, yoxsa qətl olması 80 ilə yaxındır ki, mübahisə mövzusudur. Müstəntiqlər “demək olar ki, 80 ildir bu işin ətrafında dolaşan müxtəlif fərziyyələri təkzib etmək” niyyətindədirlər və ekshumasiyanın ölümün hansı şəraitdə baş verdiyini aydınlaşdırmağa kömək edəcəyinə ümid edirlər. Yan Masarikin ölümü bundan əvvəl artıq beş dəfə araşdırılıb, lakin yekun nəticə əldə olunmayıb. 2025-ci ildən etibarən Masarikin ölümü qətl kimi araşdırılır. İstintaq ABŞ, Böyük Britaniya və Fransanın diplomatik və kəşfiyyat xidmətlərinin arxivlərində “ölümün hallarını aydınlaşdırmaq şansını artıra biləcək materiallar” aşkar edildikdən sonra yenidən başlanıb. Bu barədə Kommunizm Cinayətlərinin Sənədləşdirilməsi və Araşdırılması Bürosu məlumat verib. 1918-1935-ci illərdə Çexoslovakiyanın birinci prezidenti olmuş Tomaş Masarikin oğlu Yan Masarik 1940–1948-ci illərdə Çexoslovakiyanın xarici işlər naziri olub: İkinci Dünya müharibəsi illərində sürgündəki hökumətin tərkibində, müharibədən sonra isə ölkənin yeni hökumətində çalışıb. 1948-ci il fevralının sonunda kommunist partiyasına daxil olmayan nazirlərin əksəriyyəti hökumətin buraxılacağına və yeni seçkilər keçiriləcəyinə ümid edərək istefa verdi. Lakin kommunistlər birpartiyalıhökumət formalaşdırdılar. Masarik vəzifəsini qoruyub saxladı və hökumətdə yeganə bitərəf şəxs oldu. Martın 10-da Masarikin meyiti Xarici İşlər Nazirliyinin həyətində, birbaşa onun hamam otağının pəncərəsinin altında aşkar edildi. O, yalnız pijama geyinmişdi. Əvvəlcə onun ölümü intihar hesab edildi. Lakin sonralar qətl versiyası da daxil olmaqla müxtəlif fərziyyələr ortaya çıxmağa başladı. Onlardan birinə görə, Masarikin ölümündə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin agentlərinin əli ola bilərdi. © DW (Alman dalğası)