uk
Feedback
Spektator

Spektator

Відкрити в Telegram

Hər bir postdan yeni məlumat öyrənəcəksiz! İnstagram - https://www.instagram.com/spektator.az?igsh=MWU3bDRmdjAzOTdvaQ== Facebook - https://www.facebook.com/share/15yKjtisWN/?mibextid=wwXIfr @SpektatorAdmin_bot - adminlə əlaqə

Показати більше
3 496
Підписники
-124 години
-177 днів
-7030 днів
Архів дописів
🇺🇸🇮🇷 İranla müharibə ABŞ-yə indiyədək təxminən 38 milyard dollara başa gəlib. ▶️Münaqişə davam edərsə, xərclərin hər ay ə
🇺🇸🇮🇷 İranla müharibə ABŞ-yə indiyədək təxminən 38 milyard dollara başa gəlib. ▶️Münaqişə davam edərsə, xərclərin hər ay əlavə 2–3 milyard dollar artacağı gözlənilir. 📌 ABŞ Konqresinin Büdcə İdarəsi

#GününSitatı “Sükanı öz əlinizə almasanız, hər şey olduğu kimi qalacaq. Siz dəyişməsəniz, heç nə dəyişməyəcək.” — Dolly Parto
#GününSitatı “Sükanı öz əlinizə almasanız, hər şey olduğu kimi qalacaq. Siz dəyişməsəniz, heç nə dəyişməyəcək.” Dolly Parton Müğənni və sahibkar

#TarixdəBuGün 16 sentyabr ⚓️ 1890 — “Ərtoğrul” freqatı Yaponiya sahillərində batdı Osmanlı donanmasına məxsus “Ərtoğrul” freqatı Yaponiyadan geri qayıdarkən güclü tayfuna düşərək Vakayama prefekturasının Kuşimoto sahillərində qayalara çırpıldı və batdı. Fəlakətdə 500-dən çox Osmanlı dənizçisi həyatını itirdi, yalnız bir neçə onlarla ekipaj üzvü xilas edildi. Yaponiya tərəfinin yaralılara göstərdiyi yardım və sağ qalanların Osmanlı torpaqlarına çatdırılması hadisəsi sonradan Türkiyə–Yaponiya dostluğunun tarixi simvollarından birinə çevrildi. 🚗 1908 — “General Motors” yaradıldı Amerikalı sahibkar Uilyam Dürantın təşəbbüsü ilə General Motors (GM) şirkəti təsis edildi. Şirkət 16 sentyabr 1908-ci ildə Miçiqanda rəsmən qeydiyyata alındı. Dürantın ideyası müxtəlif avtomobil istehsalçılarını vahid korporasiya altında birləşdirmək idi. Sonrakı illərdə Cadillac, Chevrolet və digər markalar GM-in tərkibinə daxil oldu və şirkət dünyanın ən böyük avtomobil istehsalçılarından birinə çevrildi. 🎬🧪 1909 — Azərbaycanın ilk milli kinoaktrisalarından İzzət Orucova anadan olub Akademik, kimyaçı alim və kinoaktrisa İzzət Orucova anadan olub. (1909–1983) O, Cəfər Cabbarlının dəvəti ilə “Sevil” filmində baş rolu oynayaraq Azərbaycan kinosunun ilk qadın simalarından birinə çevrildi, daha sonra “Almaz” filmində də çəkildi. Orucovanın əsas fəaliyyəti isə elm sahəsində idi. O, neft və sürtgü yağlarının təmizlənməsi, keyfiyyətinin artırılması və yeni aşqarların hazırlanması istiqamətində mühüm tədqiqatlar apararaq Azərbaycan neft kimyası elminin tanınmış nümayəndələrindən biri oldu. 🏟 1951 — Bakıda Respublika Stadionu açıldı Bakıda bu gün Tofiq Bəhramovun adını daşıyan Respublika Stadionunun rəsmi açılışı keçirildi. 16 sentyabr 1951-ci ildə keçirilən təntənəli mərasimdə təxminən 8 min idmançı iştirak etmişdi. Stadion uzun illər Azərbaycan futbolunun əsas arenası olub. 🇲🇾 1963 — Malayziya yaradıldı Malaya Federasiyası, Sabah, Saravak və Sinqapurun birləşməsi ilə Malayziya yaradıldı. Malaya hələ 1957-ci ildə Britaniyadan müstəqilliyini əldə etmişdi. Yeni federasiya isə 16 sentyabr 1963-cü ildə formalaşdı. Sinqapur 1965-ci ildə Malayziyadan ayrılaraq müstəqil dövlətə çevrildi. Bu səbəbdən 16 sentyabr ölkədə Malayziya Günü kimi qeyd olunur. 🎬 1940 — Xalq artisti Vasif Babayev anadan olub Azərbaycanın Xalq artisti, televiziya və kino rejissoru Vasif Babayev anadan olub. O, Azərbaycan televiziyasının inkişafında mühüm rol oynayıb, müxtəlif televiziya proqramlarının, sənədli filmlərin və ekran əsərlərinin hazırlanmasında iştirak edib. 🇩🇿 1959 — Şarl de Qoll Əlcəzairə öz müqəddəratını təyin etmək hüququ təklif etdi Fransa Prezidenti Şarl de Qoll televiziya çıxışında Əlcəzair xalqının gələcək statusunu özünün müəyyən etməsi prinsipini qəbul etdiyini açıqladı. Bu bəyanat davam edən Əlcəzair müharibəsində mühüm dönüş nöqtələrindən biri oldu. 1962-ci ildə keçirilən referendumdan sonra Əlcəzair Fransadan müstəqilliyini qazandı. 🇮🇷 1978 — İranda dağıdıcı Təbas zəlzələsi baş verdi İranın şərqində, Təbas şəhəri və ətrafında 7,4 maqnitudalı güclü zəlzələ baş verdi. ABŞ Geoloji Xidmətinin məlumat bazasında fəlakət nəticəsində 18 220 nəfərin öldüyü göstərilir; digər tarixi hesablamalarda rəqəm 20 min və daha çox verilir. Təbas şəhəri və ətraf kəndlər böyük ölçüdə dağıldı. Bu, XX əsrdə İranın üzləşdiyi ən ölümcül zəlzələlərdən biri idi. 🇱🇧 1982 — Sabra və Şatila qətliamı başladı Livan vətəndaş müharibəsi zamanı Livan xristian falanjist milisləri İsrail ordusunun nəzarətində olan Qərbi Beyrutdakı Sabra və Şatila fələstinli qaçqın düşərgələrinə daxil oldular. 16–18 sentyabr ərzində yüzlərlə mülki şəxs, o cümlədən qadın və uşaqlar öldürüldü. Qurbanların dəqiq sayı mübahisəlidir və müxtəlif mənbələr fərqli rəqəmlər göstərir. Hadisə beynəlxalq miqyasda böyük etiraz doğurdu və Livan vətəndaş müharibəsinin ən ağır qətliamlarından biri kimi tarixə düşdü. 🚌 1989 — Tbilisi–Bakı avtobusu partladıldı Tbilisi–Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunda partlayış baş verdi. Azərbaycan mənbələrində hadisə nəticəsində 5 nəfərin həlak olduğu, 25 nəfərin yaralandığı və partlayışın erməni silahlı qrupları tərəfindən törədildiyi bildirilir. 🌍 16 sentyabr — Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür BMT Baş Assambleyası 1994-cü ildə 16 sentyabrı Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü elan edib. Tarix təsadüfi seçilməyib: 16 sentyabr 1987-ci ildə ozon qatını dağıdan maddələrin mərhələli şəkildə istifadədən çıxarılmasını nəzərdə tutan Monreal Protokolu imzalanıb. Monreal Protokolu dünyanın demək olar ki, bütün dövlətlərinin qoşulduğu ən uğurlu beynəlxalq ekoloji sazişlərdən biri hesab olunur. 🇹🇷🇸🇾 2013 — Türkiyə Suriya hərbi helikopterini vurdu Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcıları Suriya hərbi helikopterini Türkiyənin hava məkanını pozduğu əsas gətirilərək vurdu. Hadisə Suriya vətəndaş müharibəsi fonunda Türkiyə–Suriya sərhədində gərginliyin yüksəldiyi dövrə təsadüf edirdi. ⚽️ 2021 — “Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyununu keçirdi “Qarabağ” UEFA-nın yeni yaradılmış Konfrans Liqasının ilk mövsümündə qrup mərhələsində debüt etdi. Bakıda keçirilən ilk qarşılaşmada Azərbaycan çempionu İsveçrənin “Bazel” klubu ilə 0:0 hesablı heç-heçə etdi. “Qarabağ” H qrupunu 11 xalla ikinci pillədə tamamlayaraq növbəti mərhələyə yüksəldi. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator

#TarixdəBuGün 15 sentyabr 🌎 1821 — Beş Mərkəzi Amerika ölkəsi İspaniyadan müstəqilliyini elan etdi Qvatemala, Salvador, Honduras, Nikaraqua və Kosta-Rika İspaniyadan müstəqilliklərini elan etdilər. Bu ərazilər daha sonra qısa müddət Meksika imperiyasına daxil oldu, ardınca Mərkəzi Amerikanın Birləşmiş Əyalətlərini yaratdı. Bu gün 15 sentyabr həmin beş ölkədə Müstəqillik Günü kimi qeyd olunur. 📚 1890 — Detektiv ədəbiyyatının kraliçası Aqata Kristi anadan olub İngilis yazıçı Aqata Kristi anadan olub. O, Erkül Puaro və Miss Marpl kimi dünya şöhrətli detektiv obrazlarının yaradıcısıdır. “Şərq Ekspresində qətl”, “Nil üzərində ölüm” və “On nəfər zənci balası” onun ən məşhur əsərlərindəndir. Kristi tarixin ən çox satılan bədii ədəbiyyat müəlliflərindən biri hesab olunur. 🎭 1905 — Azərbaycan Kukla Teatrının yaradıcısı Molla Ağa Bəbirli anadan olub Aktyor və rejissor Molla Ağa Bəbirli anadan olub. (1905–1970) O, Azərbaycanda peşəkar kukla teatrının təşəkkülündə mühüm rol oynayıb. Kinoaktyor kimi də fəaliyyət göstərərək “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər” və “Sehrli xalat” filmlərində çəkilib. 🇦🇿🇹🇷 1918 — Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildi Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və Azərbaycan hərbi qüvvələri ağır döyüşlərdən sonra Bakıya daxil olaraq şəhəri Sentrokaspi Diktaturası və onu müdafiə edən qüvvələrdən azad etdi. 14 sentyabrda başlayan həlledici hücum qarşısında Bakıda yerləşən Britaniya qüvvələri şəhəri tərk etdi. 15 sentyabrda Bakı tam nəzarətə götürüldü. Qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçdü. Bakının azad edilməsi Azərbaycanın istiqlal tarixinin ən mühüm hərbi-siyasi hadisələrindən biri hesab olunur. 📰 1918 — “Azərbaycan” qəzetinin ilk sayı nəşr edildi Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbuat orqanı olan “Azərbaycan” qəzetinin ilk sayı Gəncədə çapdan çıxdı. Qəzet Cümhuriyyət hökumətinin qərarlarını, ölkənin siyasi və ictimai həyatını, parlamentin fəaliyyətini və beynəlxalq hadisələri işıqlandırırdı. Sonradan qəzetin redaksiyası da Bakıya köçürüldü. 🎬 1943 — Rejissor Xamis Muradov anadan olub Azərbaycanın Xalq Artisti, rejissor və ssenarist Xamis Muradov anadan olub. O, Azərbaycan sənədli kinosunun tanınmış nümayəndələrindən biri olub, 50-yə yaxın sənədli filmin rejissoru və ssenari müəllifi kimi çalışıb. 2002–2011-ci illərdə “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edib. 🎤 1959 — Xalq Artisti Brilliant Dadaşova anadan olub Azərbaycanın Xalq Artisti Brilliant Dadaşova anadan olub. 1980-ci illərdən etibarən Azərbaycan estradasının aparıcı simalarından birinə çevrilən müğənni ölkəni müxtəlif beynəlxalq musiqi tədbirlərində də təmsil edib. 🇱🇧 1982 — İsrail qüvvələri Qərbi Beyruta daxil oldu Livan vətəndaş müharibəsi və 1982-ci il Livan müharibəsi fonunda İsrail ordusu Qərbi Beyruta daxil oldu. Hadisə Livanın seçilmiş prezidenti Bəşir Cümeyyelin 14 sentyabrda öldürülməsindən bir gün sonra baş verdi. İsrail qüvvələrinin şəhərə daxil olması sonrakı günlərdə baş verən Sabra və Şatila qətliamının da daxil olduğu son dərəcə gərgin mərhələnin başlanğıcı oldu. 📚 2004 — 15 sentyabr Azərbaycanda Bilik Günü kimi müəyyən edildi Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın ümumtəhsil məktəblərində dərslərin sentyabrın 15-dən başlanması qərara alındı. Bundan sonra 15 sentyabr Bilik Günü kimi qeyd olunmağa başladı və yeni tədris ilinin başlanğıcını simvolizə etdi. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator

🤖 Anthropic-in CEO-su Dario Amodei: “Süni intellektin inkişaf tempini yavaşlatmaq lazımdır.” OpenAI-ın CEO-su Sam Altman: “D
+1
🤖 Anthropic-in CEO-su Dario Amodei: “Süni intellektin inkişaf tempini yavaşlatmaq lazımdır.” OpenAI-ın CEO-su Sam Altman: “Dario ilə razıyam. Biz də eyni addımı atacağıq.”

#GününSitatı “Başqalarının etməyə hazır olmadığı şeyləri etdim. Mənim üçün məsələ bu qədər sadə idi. Məqsədlərim və arzularım hər şeydən daha vacib idi.” Michael Phelps Üzgüçü, Olimpiya çempionu

#TarixdəBuGün 14 sentyabr 🇹🇷🇷🇺 1829 — Ədirnə müqaviləsi Rusiya–Osmanlı müharibəsinə son qoydu 1828–1829-cu illər Rusiya–Osmanlı müharibəsinin sonunda Ədirnə sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən, Osmanlı imperiyası Rusiyanın Qafqazdakı yeni mövqelərini və 1828-ci il Türkmənçay müqaviləsindən sonra yaranmış siyasi vəziyyəti tanıdı. Rusiya Qara dənizin şərq sahillərində və Dunay hövzəsində mövqelərini gücləndirdi, Osmanlı isə bir sıra ərazilər və siyasi təsir imkanları baxımından geri çəkilməyə məcbur oldu. Müqavilə həmçinin Yunanıstanın muxtariyyəti və Balkanlarda yeni siyasi düzənin formalaşması baxımından mühüm nəticələr doğurdu. 🇲🇽 1847 — ABŞ ordusu Mexiko şəhərini ələ keçirdi ABŞ–Meksika müharibəsinin həlledici mərhələsində general Uinfild Skottun rəhbərlik etdiyi ABŞ qüvvələri Meksikanın paytaxtı Mexiko şəhərinə daxil oldu. Bundan əvvəl ABŞ ordusu Çapultepek qalası və şəhərə gedən əsas müdafiə mövqelərini ələ keçirmişdi. Paytaxtın süqutu Meksikanın hərbi müqavimətini faktiki olaraq sındırdı. Müharibə 1848-ci ildə Qvadalupe-İdalqo müqaviləsi ilə başa çatdı və Meksika indiki Kaliforniya, Nevada, Yuta və ABŞ-ın cənub-qərbindəki geniş ərazilər üzərində nəzarətini itirdi. 📕 1867 — Karl Marksın “Kapital” əsərinin ilk cildi nəşr olundu Alman filosofu və iqtisadçısı Karl Marksın “Kapital” əsərinin I cildi Hamburqda çapdan çıxdı. Əsər kapitalist iqtisadi sisteminin işləmə mexanizmini, kapitalın yığılmasını, əmək münasibətlərini, mənfəətin mənbəyini və istehsal sistemini təhlil edirdi. Marks xüsusilə “izafi dəyər” anlayışını önə çəkərək sahibkar mənfəətinin işçinin yaratdığı, lakin əmək haqqı şəklində geri almadığı dəyərdən yarandığını iddia edirdi. “Kapital” sonrakı sosialist, kommunist və əmək hərəkatlarına böyük təsir göstərdi. Marks sağlığında yalnız birinci cildi tamamlayıb nəşr etdirə bildi; II və III cildlər onun ölümündən sonra Fridrix Engels tərəfindən hazırlanaraq çap edildi. ☢️ 1954 — SSRİ nüvə partlayışı altında 45 min hərbçinin iştirakı ilə təlim keçirdi SSRİ-nin Orenburq vilayətində yerləşən Totsk poliqonunda nüvə silahının real döyüş şəraitində tətbiqini imitasiya edən genişmiqyaslı hərbi təlim keçirildi. Təlim zamanı təxminən 40 kiloton gücündə atom bombası havada partladıldı. Təxminən 45 min hərbçi tank, artilleriya, aviasiya və piyada bölmələri ilə əməliyyata cəlb edildi. Məqsəd nüvə partlayışından sonra ordunun döyüş qabiliyyətini və radioaktiv ərazidə hərəkət imkanlarını sınaqdan keçirmək idi. 🛢 1960 — OPEC yaradıldı Bağdadda keçirilən konfransda İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela Neft İxrac Edən Ölkələr Təşkilatını - OPEC-i yaratdılar. Təşkilatın əsas məqsədi üzv dövlətlərin neft siyasətlərini əlaqələndirmək, hasilat və qiymət məsələlərində əməkdaşlıq etmək və neft gəlirlərində istehsalçı ölkələrin mövqeyini gücləndirmək idi. OPEC xüsusilə 1970-ci illərdən etibarən dünya enerji bazarında böyük siyasi və iqtisadi təsirə malik təşkilata çevrildi. Təşkilatın qərargahı bu gün Vyanada yerləşir. 🇦🇿 1973 — Bakıda Nəsiminin 600 illik yubileyi beynəlxalq səviyyədə qeyd olundu Bakıda Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr edilmiş təntənəli tədbirlər keçirildi. Yubileyə dünyanın müxtəlif ölkələrindən alimlər, şairlər, yazıçılar və mədəniyyət nümayəndələri qatıldılar. Azərbaycan SSR rəhbəri, ümummilli lider Heydər Əliyev tədbirdə çıxış etdi. 🇦🇫 1979 — Əfqanıstanda hakimiyyət uğrunda daxili çevriliş baş verdi Əfqanıstanın kommunist rəhbərliyində Nur Məhəmməd Tərəki ilə Hafizullah Əmin arasında hakimiyyət mübarizəsi açıq qarşıdurmaya çevrildi. 14 sentyabrda Tərəki Əmini hakimiyyətdən uzaqlaşdırmağa çalışsa da, plan uğursuz oldu. Əmin prezident sarayında nəzarəti ələ keçirdi, Tərəki isə həbs edildi və qısa müddət sonra öldürüldü. Bu hadisələr SSRİ rəhbərliyində ciddi narahatlıq yaratdı. Cəmi üç ay sonra, 1979-cu ilin dekabrında Sovet ordusu Əfqanıstana daxil oldu, Hafizullah Əmin öldürüldü və ölkədə uzunmüddətli müharibə başlandı. 🎈 1984 — Co Kittinger Atlantiki hava şarı ilə təkbaşına keçməyə başladı Amerikalı pilot və rekordçu Co Kittinger Men ştatından helium hava şarı ilə havaya qalxaraq Atlantik okeanını təkbaşına keçmək üçün səfərə başladı. O, dörd gün ərzində minlərlə kilometr yol qət edərək İtaliyaya endi və Atlantik okeanını helium hava şarı ilə təkbaşına keçən ilk insan oldu. Kittinger bundan əvvəl də yüksək hündürlükdən paraşüt tullanışları ilə məşhur idi və 1960-cı ildə 31 kilometrdən çox yüksəklikdən etdiyi tullanış uzun illər dünya rekordu kimi qalmışdı. 🇦🇿 1991 — Azərbaycan Kommunist Partiyası özünü buraxdı Bakıda keçirilən Azərbaycan Kommunist Partiyasının fövqəladə 33-cü qurultayında partiyanın fəaliyyətinə son qoyulması barədə qərar qəbul edildi. Bu qərar Moskvada 19–21 avqust tarixlərində baş vermiş “QKÇP” çevriliş cəhdinin uğursuzluğundan və SSRİ-də kommunist hakimiyyətinin sürətlə zəifləməsindən sonra qəbul edilmişdi. 🇦🇿 1998 — Müstəqil Azərbaycanın ilk Qadınlar Qurultayı keçirildi Bakıda Azərbaycan qadınlarının növbəti qurultayı işə başladı. Bu, 26 illik fasilədən sonra keçirilən və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təşkil olunan ilk genişmiqyaslı qadın forumu idi. Qurultayda qadınların ictimai-siyasi həyatda iştirakı, onların hüquqlarının müdafiəsi, təhsil, məşğulluq, ailə və sosial məsələlər müzakirə edildi. 💻 2000 — Microsoft Windows Me-ni istifadəyə verdi Microsoft Windows Millennium Edition — Windows Me əməliyyat sistemini satışa çıxardı. Sistem əsasən ev istifadəçiləri üçün hazırlanmışdı və Windows 98-in davamı hesab olunurdu. Windows Me multimedia imkanları, rəqəmsal kamera dəstəyi, System Restore funksiyası və ev şəbəkəsi imkanları ilə təqdim edildi. Bununla belə, sistem sabitlik problemlərinə görə istifadəçilər arasında qarışıq rəylər aldı və qısa müddət sonra Windows XP onun yerini tutdu. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator

#TarixdəBuGün 13 sentyabr 🌡 1647 — Torriçelli barometri nümayiş etdirib İtalyan fizik və riyaziyyatçı Evangelista Torriçelli atmosfer təzyiqini ölçməyə imkan verən civəli barometr üzərində apardığı təcrübələrlə tanınıb. Onun işi atmosfer təzyiqinin elmi şəkildə öyrənilməsinin əsasını qoyub. ⚔️ 1826 — Gəncə döyüşü baş verib İkinci Rusiya–İran müharibəsi zamanı Gəncə yaxınlığında həlledici döyüşlərdən biri baş verib. Abbas Mirzənin qoşunlarının məğlubiyyətindən sonra Rusiya ordusunun bölgədə üstünlüyü güclənib və müharibənin gedişi onun xeyrinə dəyişib. 🩸 1902 — Cinayət işində barmaq izi sübut kimi istifadə olunub Böyük Britaniyada ilk dəfə cinayət yerindən götürülmüş barmaq izləri məhkəmədə əsas sübutlardan biri kimi istifadə edilib. Hadisə kriminalistikada barmaq izi ekspertizasının inkişafında mühüm mərhələ olub. 🇹🇷 1921 — Sakarya Meydan Müharibəsi Türkiyənin qələbəsi ilə başa çatıb 22 gün gecə-gündüz davam edən Sakarya Meydan Müharibəsi türk ordusunun qələbəsi ilə yekunlaşıb. Mustafa Kamal Paşanın rəhbərlik etdiyi bu qələbə Türkiyə Qurtuluş Müharibəsinin əsas dönüş nöqtələrindən biri hesab olunur. 💊 1929 — Aleksander Fleminq penisillinin kəşfini açıqlayıb Bakterioloq Aleksander Fleminq Londonda penisillinin antibakterial xüsusiyyətlərini elmi ictimaiyyətə təqdim edib. Onun kəşfi antibiotiklərin inkişafına yol açaraq müasir tibbin ən mühüm dönüş nöqtələrindən birinə çevrilib. 🎼 1933 — Arif Məlikov anadan olub Azərbaycan və SSRİ Xalq Artisti, bəstəkar Arif Məlikov Bakıda anadan olub. Onun ən məşhur əsəri Nazim Hikmətin pyesi əsasında yazdığı “Məhəbbət əfsanəsi” baletidir. Əsər dünyanın müxtəlif teatrlarında səhnələşdirilərək Azərbaycan bəstəkarlıq məktəbinin beynəlxalq uğurlarından birinə çevrilib. 🇦🇿 1992 — Azərbaycan Dövlət Neft Şirkəti yaradılıb Azərbaycanın neft və qaz sənayesinin idarə olunmasını vahid strukturda birləşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaradılıb. Şirkət sonrakı illərdə Azərbaycanın ən böyük dövlət şirkətlərindən birinə çevrilib. 🤝 1993 — İsrail və Fələstin arasında Oslo razılaşması imzalanıb Vaşinqtonda İsrail və Fələstin Azadlıq Təşkilatı Oslo razılaşmalarının ilk sənədini imzalayıb. ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə İshak Rabin və Yasir Ərəfatın tarixi əl sıxması İsrail–Fələstin sülh prosesinin simvollarından birinə çevrilib. 🎤 1996 — Tupak Şakur vəfat edib Hip-hop tarixinin ən nüfuzlu simalarından biri olan amerikalı reper Tupak Şakur (2Pac) 25 yaşında vəfat edib. O, altı gün əvvəl Las-Veqasda avtomobildə olarkən silahlı hücuma məruz qalmışdı. Ölümündən sonra da musiqisi və mədəni təsiri hip-hop tarixində mühüm yerini qoruyub. 🎓 1997 — Gənc istedadlar üçün xüsusi təqaüd təsis edilib Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda gənc istedadlar üçün xüsusi aylıq təqaüd və Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” təsis edilib. Məqsəd elm, təhsil, mədəniyyət və incəsənətdə fərqlənən gənclərin dəstəklənməsi idi. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator

🇹🇷 Türkiyədə ilk dəfə bir telefonun vergisi onun vergisiz qiymətini ötüb. 📱 iPhone Duo • Vergisiz qiymət: ≈ 3 954 manat •
🇹🇷 Türkiyədə ilk dəfə bir telefonun vergisi onun vergisiz qiymətini ötüb. 📱 iPhone Duo • Vergisiz qiymət: ≈ 3 954 manat • Ümumi vergilər: ≈ 4 096 manat • Satış qiyməti: ≈ 8 050 manat Vergilərin bölgüsü: • Mədəniyyət Nazirliyinə 1% pay — ≈ 40 manat • Türkiyə Radio və Televiziya Qurumuna 12% bandrol haqqı — ≈ 479 manat • Xüsusi İstehlak Vergisi — ≈ 2 236 manat • Əlavə Dəyər Vergisi — ≈ 1 342 manat Hesablama 1 TL ≈ 0,035 AZN məzənnəsi ilə aparılıb.

“Moody’s”: Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır. 🔴 Spektator

#TarixdəBuGün 12 sentyabr ⚔️ E.ə. 490 — Marafon döyüşündə yunanlar Əhəməni ordusunu məğlub etdilər Afina yaxınlığındakı Marafon düzənliyində I Daranın Əhəməni ordusu ilə Afina qüvvələri qarşılaşdı. Sayca üstün olan fars ordusuna qarşı yunanlar qələbə qazandılar. Döyüş Yunan–İran müharibələrinin ən məşhur qarşıdurmalarından biri kimi tarixə düşdü. 🌍 1504 — Xristofor Kolumb sonuncu Amerika səfərini başa vurdu Xristofor Kolumb dördüncü və sonuncu Amerika səfərindən sonra İspaniyaya qayıtmaq üçün yola düşdü. Bu səfər zamanı o, Mərkəzi Amerikanın Honduras, Nikaraqua, Kosta-Rika və Panama sahillərini araşdırmışdı. 🇦🇿 1723 — Xəzəryanı Azərbaycan torpaqlarının Rusiyaya verilməsini nəzərdə tutan müqavilə imzalandı Səfəvi elçisi İsmayıl bəy Peterburqda Rusiya ilə müqavilə imzalayaraq Dərbənd, Bakı və Xəzərin cənub sahillərindəki bir sıra ərazilərin Rusiyaya verilməsinə razılıq verdi. Lakin Səfəvi şahı II Təhmasib müqaviləni təsdiqləmədi. Buna baxmayaraq, Rusiya artıq Bakı və Xəzəryanı bölgələrin bir hissəsini hərbi nəzarətə götürmüşdü. 📚 1887 — Yusif Vəzir Çəmənzəminli anadan olub Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Vəzir Çəmənzəminli Şuşada anadan olub. (1887–1943) “Qan içində”, “Qızlar bulağı” və “Studentlər” kimi əsərlərin müəllifi olan Çəmənzəminli həm də Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətində diplomatik nümayəndəsi kimi fəaliyyət göstərib. 🎬 1957 — Hans Zimmer anadan olub Dünyanın ən məşhur film bəstəkarlarından Hans Zimmer Almaniyanın Frankfurt şəhərində anadan olub. “The Lion King”, “Gladiator”, “The Dark Knight”, “Inception”, “Interstellar” və “Dune” kimi filmlərin musiqilərini bəstələyib. Zimmer iki dəfə “Oskar” mükafatı qazanıb. 🌕 1959 — Aya çatan ilk kosmik aparat buraxıldı SSRİ “Luna 2” kosmik aparatını Aya doğru göndərdi. Aparat iki gün sonra Ay səthinə çataraq başqa səma cisminə çatan ilk insan istehsalı obyekt oldu. Bu uğur ABŞ və SSRİ arasındakı kosmik yarışın mühüm mərhələlərindən idi. 👩‍🚀 1966 — Kosmosa gedən ilk qadın turist Ənuşə Ənsari anadan olub İranın Məşhəd şəhərində azərbaycanlı ailəsində doğulan Ənuşə Ənsari sonradan ABŞ-da texnologiya sahibkarı kimi tanınıb. 2006-cı ildə Beynəlxalq Kosmik Stansiyaya uçaraq kosmosa gedən ilk müsəlman qadın və ilk iranəsilli şəxs oldu. O, həmçinin dünyanın ilk qadın özəl kosmik səyyahı hesab edilir. 🇹🇷 1980 — Türkiyədə hərbi çevriliş baş verdi Türkiyə Silahlı Qüvvələri general Kənan Evrenin rəhbərliyi ilə hakimiyyəti ələ keçirdi. Parlament buraxıldı, siyasi partiyaların fəaliyyəti dayandırıldı və ölkədə hərbi idarəçilik başladı. Çevrilişdən sonra yüz minlərlə insan saxlanıldı, siyasi fəaliyyət ciddi məhdudlaşdırıldı. 1982-ci ildə yeni Konstitusiya referendumla qəbul edildi. 🇦🇿 2008 — Bakıda Əlişir Nəvainin abidəsi açıldı Bakıda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin abidəsinin açılışı keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov iştirak etdilər. Abidə Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin simvollarından birinə çevrildi. ⚽️ 2017 — “Qarabağ” Çempionlar Liqasında ilk oyununu keçirdi “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində tarixində ilk dəfə meydana çıxdı. Londonun “Çelsi” klubu ilə qarşılaşan Ağdam təmsilçisi bununla Çempionlar Liqasının qrup mərhələsində oynayan ilk Azərbaycan klubu kimi tarixə düşdü. 🇦🇿 2022 — Ermənistanın sərhəddə törətdiyi təxribat genişmiqyaslı döyüşlərə səbəb oldu 12-dən 13 sentyabra keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan–Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində ağır döyüşlər başladı. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan qüvvələri Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan, minaatan və artilleriya qurğularından atəşə tutub, həmçinin ərazilərin minalanmasına cəhd göstərib. Azərbaycan Ordusu buna cavab olaraq cavab tədbirləri həyata keçirib. 14 sentyabrda səngiyən döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub. Hadisə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan–Ermənistan sərhədində baş verən ən ağır hərbi eskalasiyalardan biri olub. 🚀 2017 — Türkiyə Rusiyadan S-400 alacağını rəsmən açıqladı Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı müqavilə imzaladığını açıqladı. Qərar Türkiyə–ABŞ münasibətlərində ciddi gərginlik yaratdı və sonradan Türkiyənin F-35 proqramından çıxarılmasına gətirib çıxaran əsas məsələlərdən birinə çevrildi. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator

#TarixdəBuGün 11 sentyabr ⚔️ 1795 — Ağa Məhəmməd Qacar Tiflis yaxınlığında gürcü ordusunu məğlub etdi Ağa Məhəmməd Qacarın qoşunları Krtsanisi döyüşündə Kartli-Kaxetiya çarı II İraklinin qüvvələrini məğlub etdi. Ardınca Qacar ordusu Tiflisə daxil oldu və şəhər ağır dağıntılara məruz qaldı. ⚔️ 1855 — Müttəfiqlər Sevastopolu ələ keçirdilər Krım müharibəsi zamanı Fransa, Britaniya və Osmanlı qüvvələrinin təxminən bir il davam edən mühasirəsindən sonra Rusiya ordusu Sevastopolun cənub hissəsindən geri çəkildi. Sevastopolun süqutu Krım müharibəsinin həlledici hadisələrindən biri oldu. Müharibə 1856-cı ildə Paris müqaviləsi ilə başa çatdı. 🎬 1913 — Azərbaycanın Xalq artisti Muxtar Dadaşov anadan olub Kinorejissor, operator və Xalq artisti Muxtar Dadaşov anadan olub. (1913–1998) O, “Qanun naminə” və “Bakıda küləklər əsir” filmlərinin rejissoru, 1945-ci il “Arşın mal alan” filminin operatorlarından biri olub. Azərbaycan sənədli kinosunun inkişafında da mühüm rol oynayıb. 🎤 1937 — SSRİ-nin ən məşhur müğənnilərindən İosif Kobzon anadan olub Müğənni İosif Kobzon anadan olub. (1937–2018) Bariton səsi ilə tanınan Kobzon onilliklər ərzində sovet və rus estradasının ən məşhur ifaçılarından biri olub. Repertuarında minlərlə mahnı, xüsusilə müharibə və vətənpərvərlik mövzulu əsərlər yer alıb. 🇩🇪🇮🇱 1952 — Qərbi Almaniya İsrailə Holokost təzminatı ödəməyi qəbul etdi Qərbi Almaniya ilə İsrail arasında Lüksemburq sazişi imzalandı. Almaniya nasistlərin yəhudilərə qarşı törətdiyi cinayətlərin nəticələrinə görə kompensasiya ödəməyi öhdəsinə götürdü. Razılaşmaya əsasən, Qərbi Almaniya İsrailə 3 milyard alman markası, Yəhudi Material İddiaları Konfransına isə əlavə 450 milyon marka ödəməli idi. 🇨🇱 1973 — Çilidə hərbi çevrilişlə Salvador Alyende devrildi Çili Silahlı Qüvvələri general Auqusto Pinoçetin rəhbərliyi ilə prezident Salvador Alyende hökumətinə qarşı çevriliş həyata keçirdi. Prezident sarayı mühasirəyə alındı və bombardman edildi. Alyende çevriliş zamanı intihar etdi, Pinoçetin hərbi diktaturası isə 1990-cı ilə qədər davam etdi. 🇺🇸 2001 — 11 sentyabr terror hücumları baş verdi “Əl-Qaidə”nin 19 üzvü ABŞ-da dörd sərnişin təyyarəsini qaçıraraq koordinasiyalı terror hücumları həyata keçirdi. İki təyyarə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, biri Pentaqona çırpıldı. Dördüncü təyyarə — United Airlines 93 — sərnişinlərin müqavimətindən sonra Pensilvaniyada yerə düşdü. Hücumlarda 2,977 qurban həyatını itirdi. Hadisə ABŞ-ın Əfqanıstana müdaxiləsi və qlobal “terrora qarşı müharibə”nin başlanması ilə nəticələndi. 🇦🇿 2014 — Bakıda ilk ADEX müdafiə sərgisi keçirildi Bakı Ekspo Mərkəzində ilk Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi — ADEX açıldı. Sərgi Azərbaycan müdafiə sənayesinin məhsullarının beynəlxalq səviyyədə təqdimatı və xarici şirkətlərlə əməkdaşlıq üçün mühüm platformaya çevrildi. 🕋 2015 — Məkkədə kranın aşması faciəyə səbəb oldu Güclü külək və fırtına zamanı nəhəng tikinti kranı Məscidül-Həram kompleksinin üzərinə aşdı. Rəsmi məlumatlarda 107 nəfərin həyatını itirdiyi, yüzlərlə insanın yaralandığı bildirildi. Hadisə Həcc ziyarətinə hazırlıq dövründə baş verdi. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator

#GününSitatı “Şans fürsətlərin ardınca durmadan getməkdir.” — John Morgan Sahibkar
#GününSitatı “Şans fürsətlərin ardınca durmadan getməkdir.” John Morgan Sahibkar

#TarixdəBuGün 10 sentyabr ⚔️ 1618 — Səfəvi–Osmanlı müharibəsinə son qoyan sülh sazişi imzalandı I Şah Abbasın rəhbərlik etdiyi Səfəvi dövləti ilə Osmanlı imperiyası arasında 1616–1618-ci illər müharibəsinə son qoyan Mərənd sülhü bağlandı. Razılaşma əvvəlki sərhədləri əsasən təsdiqlədi və Səfəvilərin daha əvvəl geri aldığı ərazilər onların nəzarətində qaldı. Lakin iki imperiya arasındakı sülh uzunmüddətli olmadı. 🚗 1897 — Sərxoş halda avtomobil idarə etdiyinə görə ilk cərimələrdən biri tətbiq edildi Londonda taksi sürücüsü Corc Smit sərxoş vəziyyətdə avtomobil idarə etdikdən və maşını binaya çırpdıqdan sonra saxlanıldı. O, 25 şillinq cərimə edildi və hadisə avtomobil tarixində sərxoş halda sürücülüyə görə qeydə alınmış ilk cəzalardan biri kimi məşhurlaşdı. 🇦🇹 1919 — Sen-Jermen müqaviləsi Avstriya-Macarıstan imperiyasının dağılmasını rəsmiləşdirdi Birinci Dünya müharibəsindən sonra Müttəfiq dövlətlərlə Avstriya arasında Sen-Jermen müqaviləsi imzalandı. Müqavilə Avstriya-Macarıstan imperiyasının parçalanmasından yaranmış yeni siyasi reallığı rəsmiləşdirdi və Çexoslovakiya, Yuqoslaviya və Macarıstanın müstəqilliyini tanıdı. Avstriyanın Almaniya ilə birləşməsi də qadağan edildi. 🎭 1917 — Naxçıvan teatrının ilk qadın aktrisalarından Firuzə Əlixanova anadan olub Azərbaycanın Xalq artisti Firuzə Əlixanova Naxçıvanda anadan olub. (1917–1994) 1932-ci ildə “Arşın mal alan”da Asya rolu ilə səhnəyə çıxan aktrisa Naxçıvanda qadınların peşəkar teatra gəlməsinin öncüllərindən biri olub. Dram, opera və operettalarda çoxsaylı obrazlar yaradıb. ⛳️ 1929 — Qolf əfsanəsi Arnold Palmer anadan olub Amerikalı qolfçu Arnold Palmer anadan olub. (1929–2016) Karyerası ərzində 7 böyük turnirin qalibi olan Palmer qolfun televiziya vasitəsilə kütləviləşməsində mühüm rol oynayıb. Onun böyük azarkeş ordusu “Arnie’s Army” adı ilə tanınırdı. 🎤 1931 — Azərbaycanın Xalq artisti Mobil Əhmədov anadan olub Tanınmış vokal ifaçısı və aktyor Mobil Əhmədov Gəncədə anadan olub. (1931–2006) O, təxminən 40 il Azərbaycan Musiqili Komediya Teatrında çalışaraq operetta və musiqili komediyalarda əsas rolların ifaçılarından biri olub. 🗺 1939 — Azərbaycanın inzibati bölgüsündə mühüm dəyişikliklər edildi Azərbaycan SSR-də yeni inzibati-ərazi dəyişiklikləri aparıldı. İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonları yaradıldı, Dağlıq Qarabağ Muxtar Vilayətində Dizak və Cerabert rayonları Hadrut və Mardakert rayonları adlandırılıb.. Həmin dövrdə respublikanın rayon sistemi genişləndirilir və inzibati idarəetmə yenidən təşkil edilirdi. 🇮🇹 1943 — Alman qoşunları Romanı işğal etdi İtaliyanın Müttəfiqlərlə atəşkəs elan etməsindən sonra Nasist Almaniyası Romanı nəzarətə götürdü. Şəhər təxminən doqquz ay Almaniya işğalı altında qaldı. 4 iyun 1944-cü ildə Müttəfiq qüvvələri Romaya daxil oldular. 🏛 2007 — Heydər Əliyev Mərkəzinin təməli qoyuldu Bakıda dünya şöhrətli memar Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirildi. Mərkəz 2012-ci ildə istifadəyə verildi və qısa müddətdə müasir Bakının memarlıq simvollarından birinə çevrildi. Bina 2014-cü ildə London Dizayn Muzeyinin “Design of the Year” mükafatını qazandı. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator

🏔️ Azərbaycanın ən yüksəkdə yerləşən yaşayış məntəqələri ▶️Dəniz səviyyəsindən 2 kilometrdən də yüksəkdə yerləşən Azərbaycan
🏔️ Azərbaycanın ən yüksəkdə yerləşən yaşayış məntəqələri ▶️Dəniz səviyyəsindən 2 kilometrdən də yüksəkdə yerləşən Azərbaycan kəndləri: 1. Yerği Kek (Qusar) — ~2,370 m 2. Yuxarı Bağırsaq (Kəlbəcər) — ~2,330 m 3. Xınalıq (Quba) — ~2,200 m 4. Qalaxudat (Quba) — ~2c200 m 5. Qrız (Quba) — ~1,900–2,000 m

🍎 Apple-ın bugünkü təqdimatında gözlənilən yeni məhsullar: • iPhone 18 Pro • iPhone 18 Pro Max • Qatlana bilən iPhone • Appl
🍎 Apple-ın bugünkü təqdimatında gözlənilən yeni məhsullar: • iPhone 18 Pro • iPhone 18 Pro Max • Qatlana bilən iPhone • Apple Watch Series 12 • Apple Watch Ultra 4 • AirPods 5 ⏰ Təqdimat Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 📱 Standart iPhone 18 modelinin isə 2027-ci ilin əvvəlində ayrıca təqdim olunması gözlənilir.

#GününSitatı “Çətin işlər görür, yeni şeylər kəşf edir və gördüyünüz işin həqiqətən mənalı olduğunu hiss edirsinizsə, bütün bunlardan aldığınız zövq ikiqat artır.” Patrick Brown Impossible Foods-un qurucusu 🔴 Spektator

#TarixdəBuGün 9 sentyabr 📚 1828 — Dünya ədəbiyyatının nəhənglərindən Lev Tolstoy anadan olub Rus yazıçısı və filosof Lev Nikolayeviç Tolstoy anadan olub. (1828–1910) “Hərb və sülh” və “Anna Karenina” romanları ilə dünya ədəbiyyatının ən böyük realist yazıçılarından birinə çevrilib. Tolstoyun yaradıcılığında Qafqaz mövzusu da mühüm yer tutur — “Kazaklar” və “Hacı Murad” bunun ən məşhur nümunələrindəndir. 🇹🇷 1922 — Türkiyə ordusu İzmirə daxil oldu Dumlupınar qələbəsindən sonra sürətlə irəliləyən Türkiyə ordusu işğal altında olan İzmirə daxil oldu. 9 sentyabr İzmirin yunan işğalından azad edildiyi gün kimi Türkiyə tarixində xüsusi yer tutur. Bu hadisə Türkiyə Qurtuluş Müharibəsinin hərbi mərhələsinin faktiki sonunu yaxınlaşdırdı. 🩺 1926 — Azərbaycanın ilk qadın pediatr alimlərindən Ədilə Namazova anadan olub Akademik, tibb elmləri doktoru Ədilə Namazova anadan olub. O, Azərbaycanda pediatriya elmi məktəbinin formalaşmasında mühüm rol oynayıb. Əsas tədqiqatları uşaqlarda ürək-damar xəstəlikləri və revmatologiyaya həsr olunub. 300-dən çox elmi əsərin müəllifi olan Namazova “Şöhrət” ordeni və Prezidentin fəxri diplomu ilə təltif edilib. 🌍 1942 — Azərbaycan SSR-də hərbi vəziyyət elan edildi Nasist Almaniyasının Qafqaza doğru irəlilədiyi və Bakı neftinin əsas strateji hədəflərdən birinə çevrildiyi dövrdə Azərbaycan SSR ərazisində hərbi vəziyyət tətbiq edildi. 1942-ci ilin yay-payız aylarında alman ordusu Qafqazın dərinliklərinə qədər irəliləmişdi. Lakin Bakıya çata bilmədi və şəhər müharibə boyunca SSRİ-nin əsas neft mərkəzi olaraq qaldı. 🐛 1947 — Kompüter tarixinin ən məşhur “bug”ı tapıldı Harvard Universitetində Mark II kompüterində yaranan nasazlığın səbəbi cihazın içərisinə düşmüş güvə oldu. Mühəndislər həşəratı çıxarıb jurnalın səhifəsinə yapışdıraraq “First actual case of bug being found” qeydini yazdılar. “Bug” sözü texniki nasazlıq mənasında bundan əvvəl də işlədilirdi, lakin bu hadisə kompüter tarixinin ən məşhur əhvalatlarından birinə çevrildi. 🇰🇵 1948 — Şimali Koreya dövləti yaradıldı Koreya yarımadasının şimalında Koreya Xalq Demokratik Respublikası rəsmən elan edildi və Kim İr Sen yeni dövlətin rəhbərinə çevrildi. Cənubda Koreya Respublikasının yaradılmasından bir neçə həftə sonra baş verən bu hadisə Koreyanın iki ayrı dövlətə bölünməsini rəsmiləşdirdi. 1950-ci ildə Koreya müharibəsi başladı. 🇨🇳 1976 — Mao Tszedun vəfat etdi Çin Xalq Respublikasının qurucusu və Çin Kommunist Partiyasının uzunmüddətli lideri Mao Tszedun 82 yaşında vəfat etdi. 1949-cu ildən Çin siyasətinə hakim olan Mao ölkənin siyasi və sosial sistemini kökündən dəyişdirdi. Onun “Böyük sıçrayış” və “Mədəni inqilab” siyasətləri isə milyonlarla insanın həyatına ağır təsir göstərdi. 🇦🇿 1991 — Qarabağda sərnişin avtobuslarına silahlı hücumlar edildi Ağdam–Xocavənd və Ağdam–Qaradağlı istiqamətlərində hərəkət edən azərbaycanlı sərnişin avtobusları atəşə tutuldu. Məlumatlara görə, iki hücum nəticəsində ümumilikdə 13 nəfər həlak oldu, 76 nəfər yaralandı. Hadisələr Qarabağ münaqişəsinin genişmiqyaslı müharibəyə çevrildiyi dövrə təsadüf edirdi. 🇮🇱🇵🇸 1993 — İsrail və Fələstin Azadlıq Təşkilatı bir-birini tanıdı İsrail və Fələstin Azadlıq Təşkilatı (FAT) arasında qarşılıqlı tanınmanı nəzərdə tutan tarixi məktublar mübadilə edildi. Bu addım bir neçə gün sonra — 13 sentyabrda Ağ Evdə imzalanan Oslo razılaşmasının yolunu açdı. Proses İsrail–Fələstin münaqişəsinin sülh yolu ilə həlli üçün böyük ümid yaratmışdı. 👑 2015 — II Elizabet Britaniya tarixinin ən uzun hakimiyyətdə qalan monarxı oldu Kraliça II Elizabet ulu nənəsi Kraliça Viktoriyanın 63 il 216 günlük rekordunu geridə qoydu. II Elizabet 1952-ci ildən 2022-ci ildə vəfat edənədək 70 il 214 gün taxtda qaldı. Bu rekord Britaniya tarixində hələ də ona məxsusdur. 💄 9 sentyabr — Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur 9 sentyabr 1995-ci ildən etibarən Beynəlxalq Gözəllik Günü kimi qeyd edilir. Təşəbbüs estetika və kosmetologiya sahəsində fəaliyyət göstərən beynəlxalq qurum tərəfindən irəli sürülüb. 📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin! 🔴 Spektator

"44" filminin ilk tizerini yayımlanıb Bədii filminin premyerası 1 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində baş tutacaq

⚡️İddiaya görə, GTA 6 üçün türk dili dəstəyi təsdiqlənib. ▶️ Rəsmi açıqlamanın yaxın zamanda veriləcəyi gözlənilir. — GTANews
⚡️İddiaya görə, GTA 6 üçün türk dili dəstəyi təsdiqlənib. ▶️ Rəsmi açıqlamanın yaxın zamanda veriləcəyi gözlənilir. — GTANewsHub