fa
Feedback
Farid Abdullah

Farid Abdullah

رفتن به کانال در Telegram

Şəxsi inkişaf, psixologiya, din və tərbiyə üzrə dərin məzmunlar. Real həyatdan hekayələr və praktiki məsləhətlərlə inkişafımıza dəstək olaq. 💌 Mənə yazmaq istəsəniz 👇🏻👇🏻👇🏻 @by_faridabdullah

نمایش بیشتر
1 876
مشترکین
+124 ساعت
+217 روز
+19730 روز
آرشیو پست ها
وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا "Onlar deyərlər: "Ey Rəbbimiz! Həyat yoldaşlarımızı və övladlarımızı gözlərimizin aydınlıq səbəbi et və bizi müttəqilərə imam et!" /Furqan, 74/

İmam Əli buyurub: "Şeytan öz azdırıcı yollarını sizin üçün asan göstərir. O, (möhkəm bağları olan) dininizi düyün-düyün açmaq (dağıtmaq), birlik və əlaqə əvəzinə təfriqə yaratmaq və bu təfriqə vasitəsilə fitnə qoparmaq istəyir. Məsələ belə ikən: onun vəsvəsə və hiylələrindən üz döndərin və nəsihəti onu sizə hədiyyə edən kəsdən qəbul edin, sonra da onu öz canınızın dərinliyində möhkəm qoruyun". /Nəhcül-Bəlağə, xütbə 121/

اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ .٦٢ Allah hər şeyin xaliqidir. O, hər şey üzərində vəkildir. /Zumər, 62/ Qeyd: Vəkil, lüğətdə "qoruyan", "işləri idarə edən" mənasındadır.

وَهُوَ ٱلَّذِي يُحْيِۦ وَيُمِيتُ وَلَهُ ٱخْتِلَٰفُ ٱلَّيْلِ وَٱلنَّهَارِۚ أَفَلَا تَعْقِلُونَ O Kəsdir ki, dirildir və öldürür. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir (Onun işidir). Məgər ağlınızı işlətmirsinizmi? /Muminun, 80/

"Əl-Müraciat" kitabının müəllifi Seyid Şərəfuddin Cəbəl Amili deyir: "Livanın varlı xristianlarından biri yanıma gəlib dedi: Mən müsəlman olmaq istəyirəm, vəzifəm nədir? Dedim: İki rükət sübh namazı qıl və üç rükət məğrib namazı. Dedi: Müsəlmanlar on yeddi rükət namaz qılırlar! Dedim: Onların müsəlmanlığı bir qədər möhkəmlənib, buna görə də İslam Peyğəmbəri, tarixi mənbələrə görə, yeni müsəlman olanlara iki rükət sübh namazı və üç rükət məğrib namazı qılmağı əmr edirdi. İndi ki sən müsəlman olmusan, bu əməlləri yerinə yetirməyin kifayətdir. Tədricən bu yeni müsəlman şəxs möhkəmləndi, məscidlərə getməyə başladı və digər müsəlmanlar kimi beş vaxt namazını qılırdı. Nəhayət, Ramazan ayı yetişdi. O, təlaş içində yanıma gəlib dedi: Mən də oruc tutmalıyam? Dedim: «Xeyr, oruc köhnə müsəlmanlara aiddir. İslamın ilk dövrlərində, Peyğəmbərin bəsətindən uzun müddət keçdikdən sonra müsəlmanlara oruc tutmaq əmr olunub». Dedi: Mən oruc tutmaq istəyirəm. Dedim: Nə qədər hazırlığın varsa, o qədər oruc tut. Bu üsul nəticəsində ikinci ildə bütün Ramazan ayını oruc tutdu və indi o, Livanın qüdrətli müsəlmanlarındandır, gecə namazını tərk etmir və Cənubi Livanın ən mühüm büdcələrini və maliyyə çatışmazlıqlarını təmin edir. «Hövzə» jurnalı, sayı 39, s. 48 və 49 --- Mən bu məsələnin əslini dəqiq bilmirəm. Amma mənə görə çox məntiqlidir. Bəzən biz zahirən müsəlman olsa da, necə ki, bizim kimi ölkələrdə ənənəvi müsəlman doğulurlar, zamanla ibadətə gələn insana ağır əməllər, qəzalar, kəffarələr yükləyirik. Bu adam hələ ibadətdə möhkəmlənməmiş ağır şərtlərlə üz-üzə gəlir, üstəlik müstəhəbbat, nəyisə səhv etsə, illərin qəzaları və s gəlir. Adam narahat olur. Peyğəmbərimizin əshabı iyirmi neçə il ərzində formalaşdılar, vacibat dərhal onlara vacib olmadı. Düzdür ki, bu məsələni mübahisə etmək olar, amma yeni ibadətə gələn, yaxud səhv edən kəsi yükləmək olmaz. Mən belə düşünürəm.

Bayaq manatlıq taksidə gedərkən, sürücü mənə bu il əksər valideynin verdiyi sualı verdi. O da budur ki, övladının oruc tutmasını istəmir. Mənə bu il bir neçə valideyn, hətta dindar valideynlər də uşaqlarının oruc tutduğundan bərk narahat olmalarını deyiblər. Deyirəm, siz niyə narahat olursuz, tuta bilməyəcək, pozacaq. Yaxud o qədər valideyn var, gecə-gündüz dua edir ki, kaş övladı namaz-oruca meyilli olaydı. Sürücü deyir, uşağa yatırım etmişəm. Futbolçu olsun deyə. İki dəfə də pozdurmuşam ona. Məktəblərə gedirəm, nə qədər oruc tutan uşaq var. Belə olmamalıdır, elm öyrənməlidirlər. Demədim ki, dünya şöhrətli oyunçular Yamal, Salah və s futbolçular, hətta maraq üçün xristianlar da oruc tuturlar müsəlmanlar kimi. Lakin deyirəm, həqiqətən, oruc tutan məktəblilər çoxdur? Deyir, bəli. Namaz qılmasalar da, oruc tuturlar. Amma oxumurlar. Deyirəm, qardaşım, əgər bu uşaq 11 ay oxuyub, Ramazanda səmərəli olması aşağı düşsə, etiraz etmək haqqın var. Lakin əgər 11 ayı oxumayıbsa, sən Ramazan ayını günahlandıra bilməzsən. Gördüm, razılaşır ki, bəhanədir. Amma mən oruc tutan yeniyetmələrin çoxalmasını eşitdikdə bu qədər qadağa və narahatlığın haradan doğduğunu təxmin etdim. Sadəcə narahatam ki, siz nə qədər o uşaqları əzsəniz, daha radikal dindarlar böyüyəcək. Yetkinliyə çatmış uşaqları ibadətə görə əzirsiz, daha sonra bu, sizin heç xoşunuza gəlməyən formada sizə geri qayıdacaq.

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ "Rəbbin Onun yolundan azanları və hidayət tapmışları (haqq yolda olanları) hər kəsdən yaxşı bilir". /Qələm, 7/

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّابُ "Rəbbimiz, Sən bizi hidayət etdikdən sonra qəlblərimizi yana çevirmə və bizə Öz yanından bir rəhmət bəxş et. Heç şübhəsiz, bol-bol bəxş edən Sənsən". /Ali-İmran, 8/

Ramazan ayının gəlişilə əlaqədar siz əzizləri təbrik edirəm. Quran ayı hesab edilən bu ayda Allah bizi Qurandan bəhrə aparanlardan qərar versin. Bu ay İlahi ziyafət ayıdır. Əməl ayıdır. Allahdan tofiq diləyirəm. Hər birimiz üçün. Bir-birimizi dualarımızda unutmayaq.

Geştalt duası Mən öz işimi görürəm, sən isə öz işini. Mən bu dünyada ona görə yaşamıram ki, sənin gözləntilərini doğruldum. Sən də bu dünyada ona görə yaşamırsan ki, mənim gözləntilərimi doğruldasan Sən - sənsən. Mən də - mən Əgər bir-birimizə rast gəlmək bizim üçün baş vermişsə, nə gözəl! Əks təqdirdə, daha bir şey etmək olmaz. --- Bu dua haqqında bir dəfə yazmışdım. Əlbəttə, ilahi dua deyil. İçində möcüzə də yoxdur. Sadəcə münasibətlər korlandıqda, kimsə sizi manipulyasiya etdikdə, oxuya bilərsiz. Sözləri aydın olduqda adamın içindəki yük qalxır. Emosialar sakitləşir. Vəziyyəti olduğu kimi qəbul edə bilirsən.

Axırıncı dəfə orucluq 33 il əvvəl Fevral ayına düşüb. Belə bir fikir çıxdı rastıma. Bu da 90-cı illərin əvvəllərinə düşür. Çox güman ki, o vaxtlar orucun nə olduğunu bilirdim. Gah tam, ya yarımçıq tutur, gah Qədr gecələrində tutur, gah tutmurdum. Bəlkə də ilin bütün fəsil və aylarında tutmaq yəqin ki, qismət ola bilər. Haradasa lap az yaşlarından namazı əyani şəkildə görüb tanış olmuşam. 10-11 yaşlarından yavaş-yavaş ibadəti öyrənməyə çalışmışam. Hələ də öyrənirəm. Sözüm ondadır ki, orucluq bir daha fevral ayının bu ərəflərinə 30-33 ildən sonra gəlib çatacaq. Haradasa 2058-filan. Təxminən. Sözüm odur ki, qəti olaraq əksəriyyətimiz ölüm tariximizin 20.. rəqəmi ilə olacağını bilirik. Amma bir daha o dövriyəyə gəlib çatacağımı mən bilmirəm. Sözüm odur ki, bəzi fürsətlər adama bir dəfə verilir. Burada zirəklik göstərənlərin xoş halına.

İlahi məni

Cəhənnəm əhlinə səni sevdiyimi deyəcəm

Bayaq tərcümə əsasında çox maraqlı bir bənzətmə çıxdı rastıma. Məzmunu belə idi ki, "xinsər" bükülən kəslərdən biri də filankəsdir. Xinsər kiçik, çeçələ barmaqdır. O qədər baş sındırdım ki, bu nə deməkdir axı. Sonra baxdım ki, müəllif bunu izah edib və bu, əslində ideomatik ifadədir. Çünki biz önəmli şəxsləri və ya şeyləri sayarkən haradan başlayırıq? Düzdür, çeçələ barmaqdan. Yoxlayın :) Yəni ən önəmli bir şey üçün əvvəlcə çeçələ barmağımızı qatlayırıq. Bizdə "barmaqla sayıla biləcək" ifadəsi var. Bu, nadirliyi göstərir. Amma "çeçələ barmağın bükülməsi" bunu daha da təkidli nadir edir. Ədəbiyyatşünaslar istifadə edə bilərlər. Xoş o şəxsin halına ki, çeçələ barmaq onun üçün istifadə edilsin. Nə kədərlidir ki, sən "və s." arasına düşəsən. filankəs, filankəs VƏ SAİR. Arada biz "cəhənnəm mollası" ifadəsi işlədirik. Yəni bizə zəng edirlər ki, hacı, filankəs gəlmədi, sizi dəvət edirik. Bir növ "Cəhənnəmə, heç olmasa, sən gəl" :) Allah bizi həqiqət aləmində "və s" və ya "cəhənnəmə ki" olmaqdan qorusun.

Bir yerdə oxudum ki, Seyid Əbülqasim Xoyi mərcəiyyət fəaliyyətlərinin ən intensiv dövründə artıq yaşlı, qocalıq çağında olmasına baxmayaraq, Qurani-Kərimi əzbərləməyə qərar verdi. Bəs vaxtı hardan tapsın? O, Nəcəfdən Kufəyə gedib-gəldiyi vaxtları seçdi. Çünki həmin zamanlarda məşğuliyyət və müraciətlər daha az olurdu. Məsələni nəql edən deyir ki, onun bildiyi qədərilə, Qurani-Kərimin 16-cı cüzünü hifz edənədək davam etdirdi. Yəni 16 cüzü əzbərlədi. Qalan 14 cüzü də hifz edib-etmədiyi və ya hifzi Quranın harasına qədər davam etdirdiyi dəqiq məlum deyil. Lakin belə bir çətin şərtlər və vəziyyətlərdə 16 cüzü hifz etmək asan iş deyildi. Üstəlik Əbülqasim Xoyinin belə bir rəyi də olub ki, insan Quranın ayə və surələrindən nə qədərini əzbərləmişdirsə, onu daim yaddaşında saxlaması vacibdir və onu unutmağa yol verməsi caiz deyildir. Yadıma gəlir, gənc idim. Ustadlardan biri tələbəyə Quranın hifzini öyrədirdi. Birinci cüzün sonları idi. Dedim ki, mən də bu dərsə qoşulum. Rəhmətlik Seyid Orxanla həmin səhifəni danışdıq. Ustad dedi, sən bunu öyrənməyə nə qədər vaxt sərf etdin? Dedim, yarım saata yaxın. Mənə dedi ki, sən buna görə Allaha cavab verəcəksən. Çünki, xalq dili ilə desək, "mırta-məzəyə" az bir zamanda öyrənmisən. Allah sənə bu bacarığı veribsə, niyə Quranı tamamilə hifz etməmisən? Üstündən neçə illər keçib, hələ də bu söz qulağımdadır. Hələ də Quranı tam şəkildə əzbərləməmişəm.

Məhəllədə bir pişik var, mən indiyə qədər onun kimi üzlü pişik görməmişəm. Az qala evin içinə girsin ki, yemək ver. Kökdür, erkək. Hər yanı da ifrazatı ilə əlamətləyir ki, mənim yerimdir. Mütəmadi pişik yemi alır, pişiklərə yem verirəm. Hərçənd eşitmişəm ki, biz belə etməklə onların ovçuluq qabiliyyətlərini əllərindən almışıq. İnsan da nə buraxıb ki, onlara ov olsun. Hər nə isə. Bu pişiyin üzündən başqa pişiklər yeyə bilmir deyə, məcburam ayrı-ayrı yerlərə də yem qoyum. Sözüm nədir. Uzun vaxtdır düşünürəm: Fərid, sən də Allahın qapısında belə israrlımısan? Bu pişik kimi. Qapı qoymur, pəncərə qoymur, myau-myau! Elə hey səs edir. Hacətimi ver, hacətimi ver! Mən də riqqətə gəlir, hacətini verirəm. Lakin Allah ki riqqətə gəlməz, duyğulanmaz, acımaz, kin bəsləməz və s. Sadəcə çalışqanlığı mükafatlandırar. Sən də bu pişik qədər öz hədəfində israrlımısan?

Rəcəb ayı boyunca nə edək?

Həqiqətən də, gözəl duadır: İlahi, dəyişə bilməyəcəyim şeyləri qəbul edə bilməyim üçün mənə səbir və aramlıq ver. Dəyişə biləcəyim şeyləri dəyişə bilməyim üçün mənə cəsarət ver. Bu ikisini bir-birindən ayıra bilməyim üçün mənə hikmət və müdriklik ver.

Nə qədər qəribə səslənsə də, nikahın bəri başdan sevgilə heç bir əlaqəsi olmayıb. Nikah dini-dövlət institutudur. (Adətən sevgi üzərində qurulmağa cəhd edən ailələrin çoxunun sonu yaxşı bitmir) Çünki bu gün sevirəm, sabah sevmirəm adlı nəsnənin üzərində böyük maddi-hüquqi institut uşaq, mülkiyyət və pulla birlikdə dura bilməz. --- Bu fikir bir videoda rastıma çıxdı. Rasional fikirdir. Necə ki bir çox dinlərdə fiqh (hüquq) irfanı (mərifət, eşq və s) ciddiyə almadığı kimi, əslində insanları təkcə sevgi və nifrətin ümidinə buraxmaq eynilə uşağı başlı-başına buraxmaqdır.