en
Feedback
Azərbaycan Memarlıq və İnşaat Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Open in Telegram
1 410
Subscribers
No data24 hours
No data7 days
-1230 days
Posts Archive
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) universitetin beynəlxalq arenada tanınmasında və strateji inkişafında fəallıq göstərən tələbə könüllülərin təltif olunması mərasimi keçirilib. Mərasimdə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, Əcnəbi dillər kafedrasının müdiri dosent Aygün Məmmədova, Təcrübə və karyera mərkəzinin müdiri Xanlar Qəniyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva, Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli, Strateji planlaşdırma şöbəsi və Əcnəbi dillər kafedrasının əməkdaşları iştirak ediblər. Mükafatlandırılıan tələbələr Strateji planlaşdırma şöbəsinin könüllü komandasında fəaliyyət göstərərək AzMİU-nun beynəlxalq reytinq sistemlərində, xüsusilə QS platformasında irəliləməsinə əhəmiyyətli töhfələr veriblər. Şöbənin əməkdaşları və bu gənclərin dəstəyi ilə universitet ilk dəfə “QS Stars” proqramı üzrə 5 ulduza layiq görülüb və “QS World University Rankings 2026” siyahısında yer alıb. Çıxış edənlər tələbə könüllülərin universitetin idarəetmə proseslərinə inteqrasiyasını və göstərdikləri təşəbbüskarlığı yüksək dəyərləndiriblər. Bildirilib ki, bu tələbələr universitetin müxtəlif struktur bölmələri ilə birgə çalışaraq idarəçilik və informasiya axınında fəal rol oynayıblar. Rəqəmsal hesabatların hazırlanması, analitik məlumatların toplanması, beynəlxalq tərəfdaşlarla yazışmaların təşkili və digər mühüm vəzifələri yerinə yetirməklə, onlar həm komanda ruhunu nümayiş etdirib, həm də böyük məsuliyyət daşıdıqlarını sübut ediblər. Xüsusilə qeyd olunub ki, könüllülük fəaliyyəti tələbələrin şəxsi inkişafında da mühüm rol oynayıb. Liderlik, qərarvermə, komanda ilə işləmək, effektiv ünsiyyət və təqdimat bacarıqları kimi “soft skill” göstəriciləri bu prosesdə nəzərəçarpacaq dərəcədə güclənib. Beləliklə tələbə könüllülər universitet daxilində akademik heyət və inzibati strukturlarla əməkdaşlıq etməklə yanaşı, yerli və xarici tərəfdaşlarla peşəkar ünsiyyət bacarıqları da qazanıblar. Mərasim zamanı qonaqlar tələbələrin bu uğurlarını AzMİU-nun gələcək inkişaf strategiyaları üçün motivasiyaedici nümunə kimi qiymətləndiriblər. Yekunda tələbələrə sertifikatlar və təşəkkürnamələr təqdim olunub. Könüllülərin səyləri yüksək qiymətləndirilib və onların uğurlarına rəğbət ifadə olunub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və kimya kafedrasının müdiri professor Adil Abdullayev, professor Hüseynov Hüseynağa, dosentlər Təbriz Şəmilov, Fərhad Məmmədov, Şəhla Əhməd, Dilarə Qafarova, assistent Rəna Xankişiyeva və laboratoriya müdiri Sara Həsənova Türkiyənin Yıldız Texniki Universitetinin (YTU) Fen-Ədəbiyyat Fakültəsinin təşkil etdiyi TURAN–Temel Bilimler Simpoziumunda (TURAN25) iştirak ediblər. Simpozium çərçivəsində professor Adil Abdullayevin “Dielectric Relaxation and Conductivity Properties of TlGaTe₂ and TlInSe₂ Crystals Exposed to Radiation”, kafedranın assistenti Rəna Xankişiyevanın isə “Development of Lead-Free Epoxy Resin Composites for X-ray Shielding” mövzusunda elmi məruzələri dinlənilib. Hər iki təqdimat simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, elmi müzakirələrə səbəb olub və yüksək qiymətləndirilib. Bundan əlavə kafedranın digər əməkdaşları da maraqlı poster təqdimatları ilə çıxış edərək simpozium iştirakçılarının diqqətini çəkiblər. AzMİU nümayəndə heyəti simpoziumun müxtəlif sessiyalarında fəal iştirakla yanaşı, YTU-nun Fen-Ədəbiyyat Fakültəsinin akademik heyəti və digər iştirakçılarla faydalı fikir mübadilələri aparıblar. Eyni zamanda Fizika və Kimya kafedralarının elmi-tədqiqat laboratoriyalarında görülən işlərlə yerində tanış olublar. Fizika bölümü rəhbəri professor Zeynep Güven Özdemirlə keçirilən görüş zamanı əməkdaşlarımız birgə elmi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Kimya laboratoriyasının müdiri Sara Həsənova isə YTU-nin Kimya bölməsində çalışan dosent Türkan Budağın laboratoriyasında istifadə edilən müasir avadanlıqlarla tanış olub, gələcək layihələr ətrafında söhbət aparıb. TURAN25 simpoziumu AzMİU və xüsusilə Fizika və kimya kafedrası üçün beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, Yıldız Texniki Universiteti ilə əməkdaşlığın gücləndirilməsi və yeni elmi layihələrin formalaşdırılması baxımından əhəmiyyətli olub.

AzMİU-nun yaradılmasının 50-ci ilində təntənəli Məzun Günü — 2400-dən çox gənc yeni mərhələyə qədəm qoydu Ətraflı: https://share.google/Mz3ezzahS2VLfD7R9

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Mərakeş Krallığının nüfuzlu ali təhsil müəssisələrindən biri – İbn Tofail Universitetində səfərdə olublar. Səfər çərçivəsində AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri akademik İslam Mustafayev və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə beynəlxalq reytinqlərdə yüksək mövqe tutan İbn Tofail Universitetinin rəhbər heyəti ilə rəsmi görüş keçiriblər. AzMiU əməkdaşlarını İbn Tofail Universitetinin rektoru professor Məhəmməd Larbi Kərkəb və rektor müavini professor Adil Əşşəlx qəbul edib. Görüş zamanı tərəflər iki universitet arasında əməkdaşlıq imkanlarını müzakirə edib, birgə elmi layihələrin təşkili, professor-müəllim və tədqiqatçı mübadiləsi məsələlərinə toxunublar. Tərəflər xüsusilə interdisiplinar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Dünya Robot Çempionatının (WRC) Azərbaycan finalında uğurla iştirak ediblər. Yarışma Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IRIA) və Azərbaycan Robotexnika və Avtomatlaşdırma Cəmiyyəti (AREA) tərəfindən dəstəklənib. AzMİU-nu bu nüfuzlu texnoloji yarışmada təmsil edən iki komanda – “Phoenix Bakı” və “Prime.tech”, yüksək texniki hazırlıq, komanda işi və mühəndislik bacarıqları nümayiş etdiriblər. Komandaların hər biri universitetin müxtəlif mühəndislik ixtisaslarında təhsil alan və Tələbə Elmi Cəmiyyətinin fəal üzvləri olan tələbələrdən ibarət olub. “Phoenix Bakı” komandasının tərkibində Nuray Abdullayeva, Cavad Əliyev və Vaqif Axundzadə olub. Bu komanda yarışmanın bir neçə mərhələsindən uğurla keçərək finalda III yerə layiq görülüb və 2025-ci ildə Hindistanın Dehli şəhərində keçiriləcək Dünya Finalına vəsiqə qazanıb. Final mərhələsində komanda Qarabağ Universiteti və Bakı Mühəndislik Universitetinin INHA komandası ilə qarşılaşaraq gərgin mübarizə aparıb, texniki və strateji baxımdan güclü çıxışları ilə fərqlənib. “Prime.tech” komandasında isə Əli Mustafayev və Emil Məmmədzadə, eləcə də Nicat Hətəmli yer alıb. Komanda yarışmanın müxtəlif mərhələlərində fəal iştirak edərək universitetimizi layiqincə təmsil edib. Komandaların yarışa hazırlanmasında və təşkilati işlərin həyata keçirilməsində Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva mühüm rol oynayıb. Bu uğur tələbələrimizin texnoloji bilik və bacarıqlarının, eyni zamanda AzMİU-da həyata keçirilən elmi-texniki fəaliyyətin və yaradıcı mühəndislik mühitinin parlaq göstəricisidir. Universitet olaraq tələbələrimizin beynəlxalq səviyyəli yarışlarda iştirakını hər zaman dəstəkləyir və onların nailiyyətləri ilə qürur duyuruq.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları İslam Dünyası Universitetlərinin 6-cı Rektorlar Forumunda iştirak ediblər. Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında təşkil olunan forum Pakistanın Ali Təhsil Komissiyası ilə tərəfdaşlıq çərçivəsində keçirilib. “İslam Dünyasında Ali Təhsilin Yenidən Təsəvvürü: İnnovasiya, Davamlılıq və Qlobal Təsir” mövzusuna həsr olunan tədbirdə Azərbaycandan olan nümayəndə heyəti də yer alıb. AzMİU-nu bu əlamətdar tədbirdə universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri akademik İslam Mustafayev və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə təmsil ediblər. Forumun açılışında ICESCO-nun Baş direktoru Dr. Salim Al Malik, Pakistanın Planlaşdırma və Xüsusi Təşəbbüslər naziri professor Ahsan İqbal, Pakistan Ali Təhsil Komissiyasının sədri professor Dr. Muxtar Əhməd, Nobel mükafatçısı Ouided Buşamaui və Mavrikiyin sabiq prezidenti Amina Qurib-Fakim kimi tanınmış şəxslər çıxış ediblər. Tədbir çərçivəsində süni intellekt, məsafədən təhsil və texnoloji dəyişikliklərə dair plenar sessiyalar və tematik panel müzakirələri keçirilib. HBMSU Universitetinin rektoru professor Dr. Mansoor Al Awar ali təhsildə innovasiyaların inkişafı istiqamətində altı strateji sütunu təqdim edib. Forum zamanı Pakistan Ali Təhsil Komissiyası tərəfindən 1332 təqaüdün ayrıldığı elan olunub. Bu addım İslam dünyasında təhsil sahəsinə göstərilən dəstəyin əyani sübutu kimi dəyərləndirilib. Nümayəndə heyətlərinin geniş fikir mübadiləsi apardığı və strateji əməkdaşlıq imkanlarının müzakirə olunduğu Forum İslam dünyasında ali təhsilin gələcəyinə dair mühüm beynəlxalq platforma kimi yadda qalıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Gebze Texniki Universitetinə rəsmi səfər edib. Səfər iki ali məktəb arasında mövcud əlaqələrin daha da genişləndirilməsi və elmi əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyıb. Səfər çərçivəsində keçirilən görüşdə tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, təhsil və tədqiqat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, xüsusilə memarlıq ixtisası üzrə tərəfdaşlıq imkanları müzakirə olunub. AzMİU-nu bu səfərdə universitetin elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova, Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə və Texnologiyaların Transferi Mərkəzinin direktoru professor Abbas Quvalov təmsil ediblər. Nümayəndə heyəti ilə görüşdə Gebze Texniki Universitetinin rektor köməkçisi professor Hasari Çelebi, Memarlıq fakültəsinin dekanı professor Elif Özlem Oral, Nanotexnologiya İnstitutunun müdiri professor Leyla Çolakerol Arslan, Riyaziyyat bölməsinin professoru Mansur İsmayılov, Beynəlxalq əlaqələr üzrə koordinator Ceren Sarısaltık və Beynəlxalq əlaqələr ofisinin mütəxəssisi Halid Çeliktaş iştirak ediblər. Tərəflər arasında aparılan geniş müzakirələrdə tələbə və müəllim mübadiləsi, ortaq elmi-tədqiqat layihələrinin icrası, innovasiya təşəbbüsləri və digər əməkdaşlıq formatları ətrafında söhbət aparılıb. Səfər çərçivəsində AzMİU nümayəndələri universitetin texnoparkı, müasir laboratoriyaları, elmi tədqiqat mərkəzləri və digər innovativ strukturları ilə tanış olublar. Qeyd edək ki, səfər Azərbaycan və Türkiyə universitetləri arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı elmi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Bununla əlaqədar olaraq ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru diplomu təqdim edilib. Orxan Naqdiyevin “Azərbaycan Respublikasında tikinti müəssisələrinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsində investisiya-innovasiya fəaliyyətinin idarə edilməsi və təkmilləşdirilməsi istiqamətləri” mövzusunda hazırladığı elmi araşdırma ölkə iqtisadiyyatının strateji sahələrindən olan tikinti sektorunda innovativ idarəetmənin yeni metodlarını elmi əsaslarla ortaya qoyur. Tədqiqatda tikinti məhsullarının rəqabət üstünlüklərinin artırılması məqsədilə reproduktiv-təkamül yanaşması əsasında strateji model hazırlanıb. Bu model tikinti müəssisələrinin texnoloji inkişafı, innovativ fəaliyyətin aktivləşdirilməsi, beynəlxalq keyfiyyət standartlarına uyğunluq və sosial məsuliyyət prinsiplərinin tətbiqi kimi vacib istiqamətləri əhatə edir. Dissertasiya işinin nəticələri həm də praktiki baxımdan əhəmiyyətlidir. Tədqiqat nəticəsində əldə olunan təklif və tövsiyələr tikinti müəssisələrində innovasiya-investisiya fəaliyyətinin daha səmərəli idarə olunması və bu sahədə milli inkişaf strategiyasının təkmilləşdirilməsinə töhfə vermək imkanına malikdir. Araşdırmanın nəticələri, həmçinin sahə üzrə metodoloji sənədlərin və normativ bazanın hazırlanmasına dəyərli töhfələr verə bilər. Alimlik dərəcəsini qazandıqdan sonra Orxan Naqdiyev gələcək fəaliyyətində elmi-pedaqoji sahədə işlərini daha da genişləndirməyi, mövzu ilə bağlı nüfuzlu beynəlxalq elmi bazalarda məqalələrinin sayını artırmağı qarşısına məqsəd qoyub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İqtisadi nəzəriyyə və marketinq kafedrasının dosenti Rumella Cəfərova İstanbul Yıldız Texniki Universitetində keçirilən TURAN–Əsas Elmlər Simpoziumunda (TURAN25) iştirak edib. Dosent Rumella Cəfərova simpoziumda “Tikintidə risklərin idarə edilməsi üçün qeyri-səlis məntiqdən istifadə” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində qeyri-deterministik şəraitdə qərarların qəbul edilməsi, qəbul mexanizmləri və tıxacların aradan qaldırılması istiqamətində risklərin azaldılması ilə bağlı apardığı elmi tədqiqatların nəticələrini iştirakçıların diqqətinə çatdırıb. Simpozium “Bir millət, iki dövlət” prinsipi əsasında türk dövlətləri arasında elmi əməkdaşlığın genişləndirilməsi, akademik əlaqələrin möhkəmləndirilməsi və ortaq elmi platformaların yaradılması məqsədi daşıyıb. Beynəlxalq tədbirdə biologiya, fizika, kimya, riyaziyyat və bu sahələrin tətbiqinə dair ümumilikdə 70-dən çox təqdimat səsləndirilib. 10-dan çox ölkədən alim və tədqiqatçıları bir araya gətirən simpozium təcrübə və ideya mübadiləsinə, eləcə də yeni elmi əməkdaşlıqların qurulmasına şərait yaradıb.