Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi nəhayət ki, açıqlandı.
Yeni qanun layihəsində müstəqil jurnalistlərin və ekspertlərin də gözlədiyi kimi qadağalar və yeni tələblər müəyyən edilib. Onların bəziləri;
▪ Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
▪ Azərbaycanın dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
▪ Dövlət dili normalarına riayət edilməlidir;
▪ İrqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
▪ Terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
▪ Əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
▪ Şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
▪ Şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
▪ Böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
▪ Sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
▪ Faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
▪ Parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
▪ Pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
▪ Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
▪ “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
▪ “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir.
Layihədə yer alan qanunlardan biri media orqanları və jurnalistin hansı məlumatları yayması ilə bağlı qaydadır.
Hansı məlumatlar yayıla bilməz:
▪ Şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına;
▪ Məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına;
▪ Təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına;
▪ Azərbaycanın Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına;
▪ Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına;
▪ “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına;
▪ İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına.
▪ Redaktor, jurnalist istintaqı aparılan yaxud məhkəmə icraatında olan işlə əlaqədar Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz.