Şərqə Baxış
Kanalga Telegram’da o‘tish
Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat
Ko'proq ko'rsatish2 635
Obunachilar
-124 soatlar
-77 kunlar
-2830 kunlar
Postlar arxiv
2 635
Tramp İran ilə bağlı “bu gecə bir sivilizasiya məhv ediləcək və geri dönüşü olmayacaq” ultimatumunu səsləndirib və razılaşma üçün İran tərəfinə çağırış edib (İran rəhbərliyinə Bakı vaxtı ilə saat 04:00-a qədər möhlət verilib).
Trampın İrana qarşı “ultimatum”ları Putinin Ukraynadakı “qırmızı xətləri”ni xatırladır. Təbiəti etibarilə ultimatumlar nə qədər çox dilə gətirilirsə, bir o qədər real təsirini itirir və psixoloji təzyiq vasitəsinə çevrilir.
Bu mənada, Trampın son ultimatumunun “anlaşma”ya hesablandığı şübhəsizdir. Aydındır ki, Tramp münaqişədən çıxış yolu axtarır. Üfüqdə hərbi həll yolu görünmür. Dünya iqtisadiyyatında və enerji bazarlarındakı gərginlik də müharibənin davamını çətinləşdirir.
Xüsusilə, Trampın son dövrlərdə səsləndirdiyi “İranda rejim artıq dəyişib, yeni hakimiyyət var” fikirləri İran məsələsində Vaşinqtonun kompromisi kimi qəbul oluna bilər. Yəni, Tramp müharibəyə başlayarkən qarşıya qoyduğu iki əsas məqsəddən biri olan “rejim dəyişikliyi”ni artıq başa çatmış kimi təqdim edir və bu çərçivədə İranın mövcud hakimiyyəti ilə “yeni rejim” kimi sövdələşməyə hazır olduğunu göstərir.
Əvəzində isə Tehrandan müharibənin digər əsas məqsədi olan “zənginləşdirilmiş uranium” məsələsində kompromis gözlənilir. İranın uranium ehtiyatlarını təhvil verməsi Tramp üçün münaqişəni “zəfər” narrativi ilə yekunlaşdırmaq və İsraili də “razı salmaq” baxımından kifayət edə bilər. Xüsusilə nəzərə alsaq ki, ötən günlərdə ABŞ xüsusi təyinatlılarının “pilot xilasetməsi” adı altında “zənginləşdirilmiş uranium”u İsfahandan çıxarmaq cəhdi uğursuzluqla nəticələnib, bu məsələdə qarşılıqlı razılaşmadan başqa yol qalmır.
İran rəhbərliyi üçün isə seçimlər daha mürəkkəbdir. Çünki ABŞ tərəfi əvvəlki razılaşmalara əməl etməyib. 2015-ci ildə Obama administrasiyası ilə imzalanmış sazişdən Trampın imtina etməsi bu gün hər hansı yeni razılaşmaya etimadı ciddi şəkildə zəiflədir. Trampla imzalanacaq sazişdən növbəti administrasiyanın çıxmayacağına heç kim zəmanət verə bilməz.
Belə bir reallıqda, İranın əlindəki əsas rıçaq olan “zənginləşdirilmiş uranium” ehtiyatlarını təhvil verməsi böyük qumardır. Ukrayna, İraq və Liviya nümunələri göstərir ki, nüvə məsələsində güzəştlər müəyyən pauza yaratsa da, uzun perspektivdə eyni sonluq ortaya çıxır. Amma indiki vəziyyət də son dərəcə kritikdir, İran gələcəkdə nüvə gücünə çevrilə bilmək imkanını qorumaq üçün mövcud infrastrukturunu zərbə altında qoymalıdır.
Bir sözlə, Vaşinqton müharibədən tezliklə çıxış yolu, İran isə uzunmüddətli “paket həll” variantı istəyir. İstənilən halda, mən hələ də eskalasiya yerinə, diplomatiya ilə nəticənin hasil olacağına daha çox ehtimal verirəm.
@serqebaxis
2 635
İran ordusu son saatlarda diqqətçəkici həmlələr edir.
Əvvəlcə, ölkədən 4000 km uzaqlıqda, Hind okeanında yerləşən ABŞ və Britaniyanın nəzarətindəki Diego Garcia hərbi bazası istiqamətində ballistik raket atmaqla, İran ordusu ilk dəfə 2000 km-dən daha uzaq məsafəyə raket atışı qabiliyyətini nümayiş etdirdi. İrandan 4000 km-lik məsafə Londona qədər əksər Avropa paytaxtlarını əhatə edir. Aydındır ki, Tehranın bu həmləsi ABŞ-ın İrana qarşı yaratmaq istədiyi koalisiyaya qoşulmaq fikrində olan Avropa ölkələrinə xəbərdarlıq məqsədi daşıyır.
Daha sonra İran ordusu tərəfindən İsrailin əsas nüvə infrastrukturunun yerləşdiyi Dimona şəhərinə atılan ballistik raketlər hava hücumundan müdafiə sistemlərini aşaraq şəhərə zərər vurdu. İran tərəfi Dimonaya yönələn zərbələrin özünün Natanz nüvə obyektinə edilən hücuma cavab olduğunu bildirsə də, bu, həm də münaqişənin nüvə müstəvisinə keçəcəyi təqdirdə Tehranın əlinin boş olmadığına işarədir.
Gərginliyin bu qədər yüksəlməsi danışıqlar ehtimalını artırır. Çünki bir qayda olaraq, tərəflər gözlənilən danışıqlar masasında mövqeyini gücləndirmək üçün meydanda yeni qabiliyyətlərini nümayiş etdirməyə çalışırlar.
Hərbi çəkindirmə vasitəsilə diplomatiya üçün əlavə manevr imkanlarının yaradılması Tehranda ciddi güc boşluğunun mövcud olduğuna və ordunun mərkəzdən asılı olmadan özbaşına hərəkət etdiyi barədə iddiaları da təkzib edir. Bununla da, İran tərəfi yüksək səviyyəli rəsmilərinin öldürülməsinin idarəçilik sistemində xaos yaratmadığına dair mesaj verir.
Bir sözlə, İran rəhbərliyi çoxtərəfli hərbi-psixoloji gedişlər edir. Doğru istifadə olunacağı təqdirdə, hərbi-psixoloji həmlələr müharibənin gedişatına hərbi-texniki imkanlardan belə güclü təsir göstərə bilir.
@serqebaxis
2 635
Trampın İranı “ələ keçirmək” təşəbbüsünü fiyasko kimi xarakterizə etmək yanlış olmaz. Müharibənin 17-ci günündə ABŞ hələ də İrandakı strateji hədəflərinə çata bilməyib. Ölkə daxilində nəzarəti qoruyan “Sepah” isə müharibənin bir nömrəli səbəbi olan 400 kq zənginləşdirilmiş uranı hələ də əlində saxlayır. Körfəzdə yaranan xaos və xüsusilə Hörmüz boğazı ətrafında formalaşan böhran ABŞ rəhbərliyinin bu müharibəyə tam hazırlıqlı olmadığını açıq şəkildə göstərdi.
Yaxın Şərqdəki taktiki vəziyyəti bir kənara qoysaq, bu müharibənin Vaşinqton üçün ən ağır nəticəsi prestij itkisidir. Prestij böyük dövlətlər üçün sadəcə imic məsələsi deyil, beynəlxalq siyasətdə gücün əsas sütunlarından biridir. Çünki bir çox hallarda prestij vasitəsilə, hərbi güc tətbiq etmədən belə strateji nəticələr əldə etmək mümkündür. Prestij itkisi isə rəqibləri cəsarətləndirərək, statuskvonun dəyişməsinə yol açır.
Məhz buna görə də bəzi hallarda prestijin qorunması müharibənin hərbi nəticəsindən belə daha böyük siyasi əhəmiyyət daşıyır. Tarix göstərir ki, bu səbəbdən dövlətlər reallıqdan uzaq, hətta rasional olmayan qərarlar verməyə hazır olurlar. ABŞ-ın Vyetnamda, SSRİ-nin isə Əfqanıstanda uğursuzluqla bitən macəraları prestij amilinin dövlətləri çıxılmaz münaqişələrə sürüklədiyinə dair örnək kimi verilə bilər.
Hazırda Tramp Administrasiyasının İranda üzləşdiyi dilemma müəyyən mənada 2022-ci ilin martında Putin hakimiyyətinin Ukraynada qarşılaşdığı vəziyyəti xatırladır. Sürətli hərbi əməliyyatla Kiyevdə istədiyini əldə edə bilməyən Kreml rəhbərliyi əvvəlcə danışıqlar yolu ilə prestij itkisini minimuma endirməyə çalışdı. Lakin apreldə İstanbul danışıqlarının nəticəsiz qalmasından sonra Rusiya rəhbərliyi üçün genişmiqyaslı müharibə qaçılmaz oldu. Prestij itkisi Putini faktiki olaraq “Ukrayna Rusiyanın tələblərini qəbul etmirsə, bunun bədəlini ödəyəcək” yoluna sövq etdi.
Məncə, bənzər gedişatı ABŞ-ın daxili siyasi mühitində müşahidə etmək olar. Son həftələrdə Tramp Administrasiyası müharibə əleyhdarı “təcridçi” fiqurları kənarlaşdırır, əvəzində isə müharibə tərəfdarı olan İsrailyönümlü fiqurlar ön plana çəkilir. Bu isə Vaşinqtonda İrana qarşı uzunmüddətli və daha genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq getdiyinə işarə edir.
Güman ki, böyük eskalasiyadan əvvəl ABŞ və İran arasında müəyyən danışıqlar aparılır və ya tezliklə aparılacaq. Bu münaqişədə Tramp üçün prestijin qorunmasının ən real yolu İran rəhbərliyinin əlindəki 400 kq zənginləşdirilmiş uranın təhvil verməsi ola bilər. Aydındır ki, bu ssenari İsraili də qane edəcək. Lakin zənginləşdirilmiş uran ehtiyatları “Sepah”ın əlindəki ən mühüm strateji rıçaqdır və bəlkə də rejimin gələcəyi üçün yeganə təminat sayılır. Bu baxımdan üçüncü tərəflərin ciddi təhlükəsizlik zəmanətləri olmadan belə bir addımın atılması inandırıcı görünmür.
Bununla belə, strateji nəticəsindən asılı olmayaraq böyük güclə müharibə orta və kiçik miqyaslı dövlətlər üçün demək olar ki, həmişə faciə ilə nəticələnir. Aşkar hava üstünlüyünə malik ABŞ-la uzunmüddətli müharibə İran dövlətçiliyini həm hərbi, həm də mülki infrastruktur baxımından onilliklər boyu geriyə sala bilər. İran rəhbərliyinin ölkəni yeni Vyetnama, Əfqanıstana və ya Ukraynaya çevirmək niyyətində olduğuna, belə bir bədəl ödəmək istədiyinə inanmaq çətindir. Bu baxımdan, Ukraynadan fərqli olaraq, İran diplomatiyasının ölkənin poliqona çevrilməsinin qarşısını almaq üçün son anda lazımi manevri edəcəyini düşünürəm.
@serqebaxis
2 635
Həqiqətən də tarixi sınaqdan keçirik…
Görünən odur ki, yeni geosiyasi reallıqlar bölgənin mövcud xəritəsinə sığmır.
2 635
Türkiyənin mümkün İran strategiyasını təhlil edərkən iki amil mütləq şəkildə diqqətdə saxlanılmalıdır:
Birincisi, Türkiyə kimi regional ambisiyaları olan bir dövlətin qonşuluğunda, xüsusilə İran kimi müstəsna geostrateji önəm kəsb edən coğrafiyada baş verən böyük münaqişədən kənarda qalmaq istəyəcəyini və qalacağını düşünmək real deyil.
İkincisi isə, Ankaranın addımlarının yalnız spontan hadisələrə reaktiv şəkildə formalaşacağı inandırıcı deyil. Türkiyə rəhbərliyinin İran məsələsində uzun müddətdir hazırlıq gördüyü strateji planının olduğu şübhəsizdir.
Ehtimal etmək olar ki, bu hazırlıq prosesi “ikinci Çözüm süreci” ilə başlayaraq Suriyada Əsəd sülaləsinin devrilməsi və son nəticədə kürd muxtariyyətinin süqutuna qədərki mərhələni əhatə edib. İlin əvvəlində, Suriyada kürd muxtariyyətinin faktiki olaraq ləğv olunduğu günlərdə Türkiyənin İran məsələsində öz strateji qərarını verdiyi barədə müzakirələr də aparmışdıq.
Ətraflı təhlil olacaq…
@serqebaxis
2 635
İrana quru əməliyyatı müzakirə olunur…
Dünən əvvəlcə ABŞ-ın müdafiə katibi, daha sonra Prezident Tramp İrana quru əməliyyatının istisna olmadığını dilə gətirdi. İsraildən də quru əməliyyatının mümkünlüyünə dair açıqlamalar verilir. İsrail elitası müharibə fürsətinin bir də ələ düşməyəcəyini düşünür və İran məsələsinin tamamilə yekunlaşmasını istəyir. İsrail Ordusunun ehtiyatda olan 100 min əlavə əsgəri səfərbər etdiyi də bildirilir.
Quru əməliyyatı ehtimalı barədə daha öncə də müzakirə açmışdıq. Əlbəttə ki, İranın mürəkkəb relyefinə nəzər salsaq, quru əməliyyatı faktiki intihar kimi görünür. Bununla belə, ABŞ və İsrail rəhbərliyinin müharibə ilə bağlı elan etdiyi hədəflərə quru əməliyyatı olmadan çatmaq mümkün görünmür: rejimin dəyişilməsi; zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi; nüvə kompleksləri və ballistik raket proqramının məhv edilməsi. Təkcə hava qüvvələri ilə bu məqsədlərə nail olmaq real deyil. Beləliklə də, quru əməliyyatı istisna olunmur…
Böyük ehtimal ki, quru əməliyyatdan öncə ABŞ və İsrail tərəfindən həm İran daxilində separatizmin alovlandırılması, həm də fərqli istiqamətlərdən müxtəlif qüvvələrin müdaxiləsi nəzərdən keçiriləcək. Bu çərçivədə daxildə bəluç və kürd separatistlərin silahlandırılması, şərq sərhədlərindən Talibanın, Yaxın Şərqdən isə sələfi-cihadçı qrupların İrana yeridilməsi ehtimalı var.
Artıq mətbuatda ABŞ və İsrailin kürdlərə dair real planının olduğu, hətta İsrail qırıcılarının məqsədli şəkildə kürdlərin yaşadığı ərazilərdə Sepah mövqelərini bombardıman etdiyi iddia olunur.
Bir sözlə, geniş perspektivdə quru əməliyyatı proksi müharibəsi, yəni İranda 2013-14-cü illərin Suriya ssenarisinin həyata keçirilməsi deməkdir. Aydındır ki, belə bir gedişatda Sepah da region ölkələrindən şiə milisləri İrana cəlb edəcək.
Sözsüz ki, İranının Suriyalaşması baş verərsə, bizi yaxından maraqlandıran əsas məsələ həm Cənubi Azərbaycanda və həm də ümumilikdə İranda yaşayan soydaşlarımızın taleyidir. Burada iki real təhlükəni sezmək olar. Birincisi, Sepah tərəfindən Cənubi Azərbaycan gənclərinin proksi və ya məzhəb müharibəsinə cəlb edilməsidir. Burada söhbət yüzminlər və ya milyonlardan gedir.
İkincisi, İranın qərb sərhədlərində kürdlər və Cənubi Azərbaycan türkləri arasında bir müddətdir alovlanan toqquşmanın etnik müharibəyə çevrilməsidir. Tarixə qısa səfər etsək, XIX əsrin sonlarına doğru çöküş dövrünü yaşayan Osmanlı İmperiyasının şərq sərhədlərində alovlanan erməni separatizminə qarşı regionda yaşayan kürd yaraqlılarından istifadə etdiyini xatırlatmaq mümkündür. Yəni, böyük dövlətlər böhran anında daxildəki etnik münaqişələrdən məharətlə yararlana bilir. Bu baxımdan, İran mərkəzi hakimiyyəti də hər iki tərəfi zəiflətmək üçün kürd və türk etnik münaqişəsini qızışdıra bilər.
Ümid edək ki, belə bir tarixi sınaq ortaya çıxsa Azərbaycan-Türkiyə müttəfiqliyi doğru addımları seçəcək.
Təbii ki, bütün bunlar uzunmüddətli ehtimallardır, növbəti həftələrdəki gedişat həlledici olacaq. Hava müharibəsinin dalana dirənməsi münaqişənin yeni mərhələyə keçidini qaçılmaz edə bilər…
(Qeyd: Xəritədəki göstəricilər şərtidir)
@serqebaxis
2 635
Bir neçə saatdır ABŞ daxili siyasəti eyni məzmunlu iki fərqli açıqlama ilə çalxalanır. Həm spiker Mayk Conson, həm də dövlət katibi Marko Rubio bildiriblər ki, “İsrail İrana hücum etməyi qərarlaşdırmışdı və İranın cavab zərbələrində ABŞ-ı da hədəf alması qaçılmaz idi. Bu səbəbdən biz ilkin zərbə endirməli olduq”. Bu açıqlamalar ictimaiyyətdə “ABŞ-ın müharibə qərarını İsrail verib” etirazlarını alovlandırıb.
Daha da maraqlısı budur ki, 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibədə İsrail ilkin hücumu təkbaşına həyata keçirdiyi üçün İran cavab zərbələrində ABŞ bazalarını hədəfə almamışdı. İran yalnız ABŞ-ın B-2 bombardmançı təyyarələri nüvə obyektlərini vurduqdan sonra Qətərdəki Amerika bazasına əvvəlcədən məlumatlandırılmış, simvolik cavab zərbələri endirmişdi. Bu baxımdan Rubio və Consonun iddiaları şübhə doğurur. Böyük ehtimal ki, Trampın budəfəki müharibəyə qoşulmasının arxasında başqa səbəblər dayanır. İstənilən halda, Trampın yaxın çevrəsi vasitəsilə “müharibə İsrailin istəyi idi” mesajını ötürdüyü barizdir.
Təbii ki, bu açıqlamalar Trampın nüfuzuna ciddi mənfi təsir göstərir. Çünki ictimaiyyətdə onun İsrailə “yox” deyə bilmədiyi və Netanyahunun istəyi ilə hərəkət etdiyi barədə təsəvvür formalaşır.
Qısa perspektivdə bu geosiyasi proseslərin ən böyük qalibi isə Netanyahudur. İsrailin Baş naziri, 30 ildən çoxdur ölkəsinin hədəflədiyi məqsədə nail ola bilib: İsrail üçün ekzistensial təhdid sayılan İranla müharibəyə ABŞ-ı da cəlb etmək. Lakin bu müharibədə Netanyahu üçün daha vacib şəxsi motiv də var. Cari ilin payızında İsraildə seçkilər keçiriləcək. Aydındır ki, Netanyahu seçkilərə 7 oktyabr 2023-cü ildən etibarən başlatdığı İran və “müqavimət şəbəkəsi”nə qarşı mübarizədə topyekun qələbə ilə getmək istəyir. Əgər İranda da istədiyini əldə edərsə, onun seçkilərdə qalib gəlməsi və 2022-ci ildən bəri mürəkkəb koalisiyada olduğu radikal-dindar siyonist qüvvələrdən “qurtulması” real görünür.
Lakin Netanyahunun İran müharibəsi ilə bağlı bu riskli oyunu uzunmüddətli perspektivdə həm İsrail, həm də ABŞ-dakı yəhudi icması üçün ciddi təhlükələr yarada bilər. Çünki ABŞ ictimai dəstəyi İsrail üçün həyati əhəmiyyət daşıyır. Bayden dövründə Qəzza müharibəsi Demokrat Partiyanın seçici bazasının böyük hissəsində İsrailə və Netanyahuya qarşı mənfi münasibətin formalaşmasına səbəb olmuşdu. Böyük ehtimal ki, Trampın İranla müharibəyə cəlb olunması Respublikaçı Partiya və MAGA hərəkatında da İsrailə və Netanyahuya müsbət münasibəti kəskin dəyişdirə bilər.
Nə qədər qəribə səslənsə də, uzunmüddətli perspektivdə bu prosesin mümkün qazananlarından biri Türkiyə ola bilər. İsrailin Türkiyə ilə regional rəqabətə hazırlaşdığı məlumdur. ABŞ-da ictimai rəyin İsrail əleyhinə dəyişməsi Tel-Əvivin Ankaraya qarşı strategiyasında manevr imkanlarını zəiflədə və aqressivliyini azalda bilər. Bir sözlə, ABŞ və İsrail arasında mümkün soyuqlaşma Türkiyə üçün daha geniş diplomatik manevr sahəsi yarada bilər.
@serqebaxis
2 635
Görünən odur ki, Tramp bu dəfə baltanı daşa vurub. İran ordusu müharibəni genişləndirməyi və uzatmağı bacarıb. İranın xüsusilə, Körfəzi ağır bombardıman etməsi gedişata ciddi təsir göstərə bildi.
Tramp hökuməti üç məsələdə yanıldı: siyasi və hərbi liderlərin öldürülməsi Tehranda rejim dəyişikliyi üçün güc boşluğu yaratmadı; geniş xalq üsyanı başlamadı; İrandakı proseslərin qısamüddətli həll yolu mövcud deyil.
Böyük ehtimal ki, Tramp hökuməti Xameneyinin öldürülməsindən dərhal sonra yeni rəhbərlik ilə razılıq əldə olunacağını və müharibənin sonlanacağını planlaşdırmışdı. Amma hadisələr fərqli gedişat üzrə inkişaf edir. Tramp dünən axşamkı çıxışında “Sepah”ı silahı yerə qoymağa çağırdı. Bu da göstərir ki, İranda iplər siyasi rəhbərliyin yox, hərbçilərin əlindədir. Güman olunur ki, ölümündən öncə Xameneyi formal hakimiyyəti adları ictimaiyyətə məlum olan şəxslərə versə də, de-fakto hərbi-siyasi idarəçilik “Sepah”dan təşkil olunmuş hərbi şuraya ötürülüb.
Şübhə etmirəm ki, ABŞ və İsrail yeni İran hakimiyyəti ilə razılaşma masasına “Sepah-ın tamamilə ləğv edilməsi” şərtini gətirmək istəyindədir. Yəni, gedişat “Sepah” üçün həm də mövcudluq məsələsidir, bu baxımdan hərbçilərin sonadək müqavimət göstərməsi gözləniləndir.
Tramp hökuməti üçün iki seçim var. Birincisi, müharibəni dayandırmaq üçün gərginliyi azaltmaq yolunu seçməlidir. Belə olan halda, ABŞ və İsrail başlıca hədəflərinə çatmayacaq: Tehranda rejim dəyişikliyi baş verməyəcək; ən əsası 400 kq zənginləndirilmiş uran “Sepah”ın əlində qalacaq.
Tramp üçün ikinci seçim isə əl yüksəldib müharibəni genişləndirməkdir. Bu da ABŞ daxilində narazılığı artıra bilər. Artıq ABŞ elitasında İran ilə müharibənin mahiyyətinə dair ciddi etirazlar səsləndirilir. Digər tərəfdən, müharibəni genişləndirmək İranda İraq ssenarisinin təkrarlanması deməkdir ki, bu da böyük itkilər və hadisələrin nəzarətdən çıxması təhlükəsi daşıyır.
Bir sözlə, Trampın “sürətli nəticə” strategiyası istənilən nəticəni doğurmadı: Tehranda rejim dəyişmədi, əksinə daha da hərbiləşdi. İndi ABŞ-ın qarşısında siyasətçilər deyil, əlində 400 kq zənginləşdirilmiş uranı saxlayan və mövcudluq mübarizəsi aparan bir hərbi şura var.
Tarixi təcrübələr onu göstərir ki, Yaxın Şərqdə sürətli hərbi həll axtarışları əksər hallarda uzunmüddətli strateji bataqlıq riski daşıyır. Vaxtilə İraqda baş verənlər kimi, hərbi üstünlük siyasi nəticəyə çevrilmədikdə, müharibə artıq həllə yox, çıxılmaz dalana aparır.
@serqebaxis
2 635
İsrailin bir öncəki müdafiə naziri (2022-2024) Yoav Qallant İrana qarşı hücumdan bir gün öncə, 27 fevralda “Yaxın Şərqdə növbəti geosiyasi dəyişiklik: İranın zəifliyi Türkiyə üçün fürsətdir” başlıqlı məqalə paylaşıb.
Yazıda Qallant, İranın zəifləməsi fonunda Türkiyənin Yaxın Şərqdə əl-qolunun açıldığını, bu çərçivədə Ankaranın həm siyasi-diplomatik, həm ticari-iqtisadi, həm də hərbi-təhlükəsizlik əlaqələrindən aktiv şəkildə istifadə etdiyini vurğulayır.
Qallanta görə, İsrailin Yaxın Şərqdəki ənənəvi hərbi strategiyaları dəyişən reallıqlara cavab vermir, buna görə də Türkiyənin artan imkanlarını nəzərə alan yeni regional doktrinaya keçid zəruridir.
Müəllif, İrandan fərqli olaraq Türkiyənin Qərb sisteminin bir parçası və NATO üzvü olduğuna diqqət çəkərək, İsrail ilə Türkiyə arasında toqquşma yerinə, tərəflərin birgə işləyə biləcəyi bir regional balansın formalaşdırıla biləcəyini iddia edir: hər iki ölkə qarşılıqlı olaraq maraqları nəzərə alacaq və bir-birini təhdid edən addımlardan yayınacaq.
Qallant bildirir ki, əgər Türkiyə rəhbərliyi toqquşma yolunu seçsə, güc balansını dəyişməyə çalışsa və İsraili regionda sıxışdırmağa çalışsa, Təl-Əviv buna qətiyyətlə cavab verəcək.
Təbii ki, Qallantın bu yazısı sadəcə analitik məqalə kimi qiymətləndirilməməlidir. “İrandan sonra sıra Türkiyənindir” tezisi bir müddətdir İsrail elitası tərəfindən açıq şəkildə səsləndirilir. HƏMAS-ın 7 oktyabr 2023-cü ildə təşkil etdiyi “Əqsa Tufanı” əməliyyatına cavab olaraq İsrailin başlatdığı regional müharibənin komandanı olmuş bir şəxsin - Qallantın bu mesajı məhz İrana qarşı hərbi əməliyyatdan bir gün öncə ictimailəşdirməsini İsrailin hərbi-siyasi eşalonunda uzun müddətdir formalaşmış ortaq mövqenin Ankaraya bildirilməsi kimi oxuna bilər.
“İrandan sonra sıra Türkiyənindir” tezisi Ankara üçün də sürpriz deyil, bu mövzu 1990-cı illərdən Türkiyə elitasında aktual müzakirə edilir. Bəs Türkiyə necə bir yol seçəcək? Qərbin dəstəklədiyi İsrail ilə toqquşma Türkiyə üçün seçim ola bilərmi?
Tarixi təcrübə göstərir ki, Misir, İraq və İran başda olmaqla, İsrailə qarşı mübarizədə üstünlük qazana bilməmiş dövlətlərin bir ortaq cəhəti var: nüvə silahına çata bilməmək. İsrailin regionda nüvə ambisiyası olan ölkələrə qarşı aqressiv və preventiv strategiya izləməsi də məhz bu üstünlüyü qorumağa xidmət edir.
Digər tərəfdən, nüvə silahı olmayan Türkiyə ilə nüvə arsenalına sahib İsrail arasında qurulacaq regional balans da sözsüz ki, ikincinin xeyrinə olacaq. Əslində Qallantın mesajının alt mətni də budur: Türkiyə İsrailin hərbi üstünlüyünə əsaslanan regional balansı qəbul etməli və nüvə silahı kimi güc balansını dəyişə biləcək "macəralardan" uzaq durmalıdır.
@serqebaxis
2 635
İsrail rəsmiləri İran ali lideri Xameneyinin öldürüldüyünü və cəsədinin görüntüsünün Netanyahu və Trampa təqdim olunduğunu iddia edirlər. Əli Xameneyi ilə yanaşı, bəzi ailə üzvlərinin və bir sıra yüksək vəzifəli şəxslərin də həlak olduğu bildirilir.
İran mənbələri isə Xameneyinin sağ olduğunu və əməliyyatlara şəxsən rəhbərlik elədiyini iddia edirlər.
Bir çoxları Xameneyinin ölümünün İranda sürətli rejim dəyişikliyinə səbəb olacağına şübhə ilə yanaşır. İddia olunur ki, İran elitası belə bir ssenariyə hazır idi və rəhbərlik üçün yeni namizədlə bağlı daxili anlaşma mövcuddur. Maraqlıdır ki, Tramp da son açıqlamasında İranın yeni liderinin kim olacağı barədə məlumatlı olduqlarına eyham vurub.
Netanyahunun isə son çıxışında İran əhalisini hakimiyyəti devirmək üçün küçələrə səsləməsi rejim dəyişikliyi üçün indiki şərtlərin kifayət etmədiyini göstərir. Müharibənin ilk günündə İranın çox geniş miqyaslı cavab əməliyyatları təşkil etməsi də rejimin öz strukturunu qoruduğunun, hətta daha aqressiv xarakter aldığının göstərici sayıla bilər.
İstənilən halda, hər nə qədər fərqli şərhlər olsa da, fikrimcə Şərqdə fiqurların önəmi çox böyükdür, bəzi hallarda fiqurlar struktur və ya sistemdən daha təsirli qüvvə olurlar. Əslində elə Qasım Süleymaninin 2020-ci ildə öldürülməsindən sonra SEPAH və ümumilikdə İran siyasi sistemində yaşanan tənəzzülü buna örnək verə bilərik. Süleymaninin ölümündən sonra İranın müqavimət şəbəkəsi Qəzza, Beyrut və Dəməşqdən Tehran bunkerlərinə qədər geriləməli oldu.
Bu mənada, 40 ilə yaxındır ölkəni idarə edən Xameneyinin sistem üzərindəki əhəmiyyətini azaltmaq doğru yanaşma deyil. Açığını desəm, Xameneyidən sonra İranda vilayəti-fəqih sisteminin, yəni teokratiyanın davam edəcəyini düşünmürəm. Əsas ehtimalım budur ki, yaxın gələcəkdə İranın idarəçiliyi hərbçilərin əlinə keçəcək.
@serqebaxis
2 635
Netanyahu və Tramp hərbi əməliyyatla bağlı ilkin çıxışlarında İranda rejim dəyişikliyinə dair çağırış etdilər. Aydındır ki, ABŞ və İsrail İranda post-müharibə üçün ortaq plan üzərində razılışıblar.
Maraqlıdır ki, bu plan İranın mövcud elitasındakı yeni qüvvənimi yoxsa sürgündəki Pəhləvilər sülaləsinimi hakimiyyətə gətirməyi nəzərdə tutur?
Eyni zamanda, təkcə hava bombardımanı ilə İranda yarım əsrdir hakimiyyətdə olan qüvvələrin devrilməsi və ya nüvə proqramının məhv edilməsi inandırıcı deyil. Yəqin ki, ABŞ və İsrail müharibə planına quru əməliyyatları da daxildir.
Hər halda, müharibənin gedişatını və yekununu İranın müdafiə potensialı müəyyən edəcək. Görünən odur ki, İran rəhbərliyi müharibəni uzatmaq və arealını genişləndirmək istəyir. Ümid edək ki, bu müharibə İranın şimalına sıçramayacaq.
@serqebaxis
2 635
İrana qarşı regiona böyük miqyasda hərbi qüvvələrin cəmləşdirilməsinə paralel olaraq, diplomatik danışıqların aylardır davam etdirilməsi ABŞ rəhbərliyində İranla müharibənin mümkün nəticələrinə dair əminliyin olmadığını göstərir. ABŞ elitasındakı İsrailyönümlü qruplar İrana qarşı hərbi əməliyyatların dərhal başlanması üçün Ağ Evə açıq təzyiq göstərirlər. Təcridçi çevrələr isə İsrailin diktəsi ilə başlanacaq genişmiqyaslı müharibənin ABŞ-ın strateji maraqlarına zidd olduğunu və payızda keçiriləcək ara seçkilər ərəfəsində iqtidarı zəiflədəcəyini iddia edirlər.
Belə bir şəraitdə, Tramp ötən ilin iyununda olduğu kimi, məhdud miqyaslı “danışıqlı döyüş” ssenarisi ilə həm İsrailin təzyiqlərini qismən neytrallaşdırmaq, həm də regional müharibədən yayınmaq üçün çıxış yolu axtarır. Lakin İsrail rəhbərliyi bu ssenarini qəbul etmir və İranda rejim dəyişikliyinə yol aça biləcək qətiyyətli, irimiqyaslı hərbi hücum tələb edir.
Beləliklə, İranla müharibə ABŞ rəhbərliyi üçün geosiyasi zərurətdən daha çox, daxili siyasi güc mübarizəsinin predmetinə çevrilib. Trampın seçəcəyi ssenari təkcə İran hakimiyyətinin taleyini deyil, eyni zamanda Respublikaçı Partiyanın və “MAGA” hərəkatının siyasi gələcəyini də müəyyən edəcək.
“Qaranlıq keçmişi” mütəmadi olaraq gündəmə gətirilən Trampın İsrailə qarşı sonadək müqavimət göstərə biləcəyi inandırıcı deyil. Bu baxımdan, ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi hücumu qaçılmaz görünür.
@serqebaxis
2 635
16 ildir davam edən Suriya münaqişəsi sonluğa yaxınlaşır.
ABŞ-ın 2014-cu ildən bəri Suriya kürdlərinə (SDF/YPG) göstərdiyi dəstəyi dayandırması fonunda Türkiyə dəstəkli hökumət qüvvələri sürətlə SDF-nin nəzarətindəki əraziləri ələ keçirir. Yaranmış yeni reallıq Suriyada kürd muxtar dövlətinin formalaşması ehtimalını faktiki olaraq aradan qaldırıb. Deyə bilərik ki, Türkiyə Suriya cəbhəsindəki əsas strateji məqsədlərinə çatdı: Əsəd ailəsi devrilərək, sünni qüvvələr hakimiyyətə gətirildi; PKK mərkəzli kürd muxtariyyəti layihəsi reallaşmadı.
Son vəziyyət ilə bağlı ciddi suallar var: ABŞ bu proseslərə niyə yaşıl işıq yandırdı və İsrail niyə açıq reaksiya vermir? Görünən odur ki, ABŞ-İsrail-Türkiyə üçbucağında bir razılaşma əldə olunub. Aydındır ki, bu razılaşmanın əsas istiqaməti İrandır.
İrandakı son hadisələr göstərdi ki, İsrailin təkbaşına fəaliyyətləri statuskvonu dəyişməyə kifayət etmir. ABŞ-ın İrana qarşı gözlənilən hücumlarını təxirə salması da bunu təsdiq edir. Vaşinqton hələlik eskalasiyanı yox, daha geniş və nəzarətli bir strateji çərçivəni üstün tutur. Mövcud gedişat ona işarə edir ki, ABŞ rəhbərliyi İrana qarşı formalaşdırılan cəbhəyə Türkiyəni də daxil etmək niyyətindədir.
Son hadisələrədək Türkiyə rəhbərliyi İran məsələsi ilə bağlı Tehranı dəstəkləyən xətt izləyirdi. Bu xüsusda, Hakan Fidanın “İrandakı proseslər nəticəsiz qalacaq və İsrail istədiyinə çatmayacaq” sözləri, həmçinin Türkiyə kəşfiyyatının İrana sızmağa çalışan kürd silahlılarına dair məlumatı Tehrana ötürməsi ilə bağlı xəbərlər Ankaranın İran məsələsindəki mövqeyini göstərirdi. Məlumdur ki, Türkiyə rəhbərliyi İranın parçalanmasından və buradan da yeni bir kürd muxtar dövlətinin ortaya çıxmasından ehtiyatlanır.
Bu kontekstdə Suriyada kürd muxtariyyəti layihəsinin faktiki olaraq ləğv edilməsi təsadüfi görünmür. Ehtimal etmək olar ki, Tramp hökuməti SDF-ni qurban verməklə, Türkiyəyə göstərir ki, ABŞ regionda “kürd dövləti” xəritəsi çəkmir və yeni bölgə nizamını Ankaranın qırmızı xətlərini nəzərə alaraq qurmağa hazırdır. Güman ki, Suriyada kürd muxtariyyəti ehtimalının sonlandırılması Türkiyə elitasında mövcud olan “İrandan sonra sıra Türkiyədədir” narahatlığını aradan qaldırmağa hesablanıb.
Bir sözlə, Suriyadakı son hadisələr İran məsələsinə hazırlıq kimi oxuna bilər.
İddia edə bilərik ki, Suriyada kürd muxtariyyətinin önünün kəsilməsi Türkiyə üçün təkcə strateji qələbə deyil, həm də İran mərhələsinə keçidin psixoloji təminatıdır. Ehtimal ki, bundan sonra Ankaranın Tehranla bağlı siyasəti əvvəlkindən kəskin fərqlənəcək.
@serqebaxis
2 635
Ötən gün belə bir fikrə rast gəldim: “Tramp hökuməti ABŞ-ın zəif ölkələrə qarşı hərbi üstünlüyünün, Çinə qarşı iqtisadi üstünlükdən daha tez nəticə verdiyini öyrənir”.
Bir müddətdir ki, amerikan elitasında ABŞ-ın hegemon olduğu mövcud liberal dünya nizamının Çinə sərf etdiyi, Çinin bu nizamın boşluqlarından istifadə edərək supergücə çevrildiyi ilə bağlı narahatlıqlar səsləndirilirdi. Bu kontekstdə, əsasən iki həll yolu təklif olunurdu. Birincisi, Çini sıxışdırmaq, çevrələmək və iqtisadi potensialını zəiflətmək. İkincisi, mövcud dünya nizamını dağıtmaq. Aydın görünür ki, Tramp hökuməti ikinci yolun daha tez nəticə verdiyinə inanır.
ABŞ elitasındakı hazırkı durumu italyan siyasətşünas Antonio Qramşinin hegemoniya və dominasiya yanaşması əsasında dəyərləndirmək istərdim. Qramşiyə görə, hegemoniya hakimiyyətin öz dünya görüşünü idarə olunanlara “təbii” və “məntiqli” kimi qəbul etdirməsidir. Bu halda idarə olunanlar hegemonun ideoloji və mədəni dəyərlərini mənimsəyir və onun idarəçiliyinə könüllü şəkildə razılıq verirlər.
ABŞ-ın liberal dünya nizamındakı hegemoniyası da məhz bu mexanizm üzərində qurulmuşdu. Azad bazar “normal”, liberal demokratiya “məntiqli”, ABŞ-ın liderliyi isə “təbii” görünürdü. Amerikan hegemoniyası təkcə hərbi və iqtisadi güclə deyil, təhsil sistemi, mədəniyyət və kütləvi informasiya vasitələri ilə idarə olunanların zehniyyətində oturuşmuşdu. Bu çərçivədə idarə olunanlar təkcə itaət etmir, eyni zamanda özlərini bu sistemin iştirakçısı kimi görürdülər.
Bu baxımdan, ABŞ-ın ötən dövr ərzində etdiyi səhvlər, yol açdığı dağıntılar və törətdiyi qətliamlar belə, idarə olunanlar tərəfindən hegemoniyanın qorunması naminə “zəruri” və ya “faydalı” addımlar kimi qəbul edilirdi. Elə Qramşinin əsas diqqət çəkdiyi məqamlardan biri də bu idi: hegemoniyanın ən vacib yönlərindən biri hakimiyyətin zorakılığını görünməz etməsidir.
ABŞ rəhbərliyi isə artıq zorakılığın görünməz qalmasında maraqlı deyil. Əksinə, qlobal hakimiyyəti məhz zorakılıq vasitəsilə davam etdirməyə başlayıb. Bu isə Qramşinin terminologiyasında hegemoniyadan “zorakı hakimiyyət” kimi təsvir olunan dominasiya mərhələsinə keçid deməkdir. Razılığa əsaslanan hegemoniyadan fərqli olaraq, dominasiya sərt güc vasitəsilə itaəti təmin edir.
ABŞ-ın “modus operandi”si, yəni hərəkət tərzindəki son dəyişikliyi bu çərçivədə oxumaq olar. Deyə bilərik ki, hazırda ABŞ elitasını maraqlandıran əsas məsələ dünya liderliyinin istənilən vasitə və qiymət bahasına qorunması, bu xüsusda Çinin yüksəlişinin qarşısının alınmasıdır. Bu baxımdan da “dominasiya” çıxış yolu kimi seçilib. Qramşiyə görə isə zorakılığa söykənən dominasiya hegemoniyanın alternativi deyil, onun böhran mərhələsidir. Yəni dominasiya hegemoniyanı bərpa edən bir müalicə yolu yox, onun tükəndiyini göstərən simptomdur.
@serqebaxis
2 635
İrandakı proseslər barədə narahatedici gözləntilərdən biri də regionumuzdakı geosiyasi balansın dəyişmək ehtimalıdır. Əgər İranda Qərbin istədiyi kimi “yumşaq keçid” baş tutsa, yəni, Tehranda qərbpərəst qüvvələr hakimiyyətə gəlsə, bunun Azərbaycanın strateji önəminə mənfi təsirləri olacaq.
Məlumdur ki, Rusiya və İranın anti-qərb siyasət səbəbindən sanksiyalar altında qalması Şərq-Qərb (Çin-Avropa) keçidi üçün alternativ olan Azərbaycana müstəsna strateji dəyər qatır. Bu da son illərdə Mərkəzi Asiya ilə sürətli yaxınlaşmağa və Türk Dövlətləri Təşkilatının böyük sıçrayış əldə etməsinə gətirib çıxartdı. Bunlar da öz növbəsində həm Orta Dəhliz (Trans-Xəxər), həm də Zəngəzur dəhlizi layihələrini aktuallaşdırıb və Qərbin böyük diqqətini cəlb edib.
Bu baxımdan, Mərkəzi Asiya ilə quru bağlantısı olan İranda qərbpərəstlərin hakimiyyətə gəlməsi və sanksiyaların ortadan qalxması bütün balansı dəyişə bilər. Mərkəzi Asiya ilə Xəzər dənizi üzərindən multimodal bağlantı yerinə, İran üzərindən birbaşa quru bağlantısı Qərb ölkələri, hətta Türkiyə üçün daha cazibədar və ucuz varianta çevrilə bilər.
Bir sözlə, İranın beynəlxalq sistemə geri dönməsi Azərbaycan üçün təkcə enerji məsələsində deyil, həmçinin Zəngəzur dəhlizi və Türk Dövlətləri Təşkilatı kimi strateji məsələlərdə də rəqabət yaradacaq.
Düşünürəm ki, regiona sıçraya biləcək vətəndaş müharibəsi ehtimalı ilə yanaşı, İranın bu təlatümlərdən bir “bütün” kimi çıxması da Azərbaycan üçün risklər daşıyır.
@serqebaxis
2 635
İranda hadisələrin gedişi barədə müxtəlif versiyalar dilə gətirilsə də, hələ ki, təmkinli olmaqda fayda var. Xalq üsyanlarının hökuməti devirməsi və ya inqilaba çevrilməsi çox nadir hallarda baş verir. Bu proseslərdə əsas həlledici amil ordu və təhlükəsizlik qüvvələrinin tutduğu mövqedir. Ordunun tam şəkildə loyal qaldığı bir hakimiyyəti xalq hərəkatının devirməsi demək olar ki, mümkünsüzdür.
Belə olduqda, xalq üsyanının nəticəyə çatması iki halda baş verə bilər: birincisi, ordu xarici düşmənlə müharibədə məğlub olmalı və zəiflədilməlidir; ikincisi isə ordu rəhbərliyinin hakimiyyətin gələcəyinə dair ümidi qalmamalıdır. İnqilablar tarixinə baxsaq, əksər uğurlu inqilabların birinci variantdan sonra baş verdiyini görərik. Məsələn, 1789-cu il Fransa inqilabı, 1917-ci il Rusiya inqilabı və 1918-ci il Almaniya inqilabı kimi nümunələr göstərilə bilər.
İkinci variant çərçivəsində də uğurlu inqilablar baş verib. 1979-cu il İran inqilabı, eləcə də 2011-ci ildəki Misir və Tunis inqilabları ordu ilə hakimiyyət arasındakı inamsızlıq nəticəsində uğur qazanmışdı.
Lakin ikinci variant həmişə xalqın xeyrinə yekunlaşmır. Burada fərqli bir gedişatın da ortaya çıxması mümkündür: hakimiyyətin xalq üsyanı qarşısındakı zəifliyini görən ordunun siyasi gücü birbaşa ələ keçirməsi. Digər ifadə ilə, hərbi xunta rejiminin formalaşması. Məsələn, Misirdə inqilabdan qısa müddət sonra ordunun hakimiyyəti ələ keçirməsi buna nümunə kimi göstərilə bilər. Oxşar ssenarilər Türkiyə və Pakistan siyasi tarixində dəfələrlə təkrarlanıb.
Yuxarıdakı çərçivə əsasında İrana qayıtdıqda, hazırda ordu və təhlükəsizlik qüvvələrinin hakimiyyətə loyallıq nümayiş etdirdiyi görünür. Ölkədə ordunun iki fərqli quruluşu – həm Ərteş, həm də SEPAH – rəhbərlik səviyyəsində ali lider Xameneyiyə sadiqliyini bildiriblər. Ordu hələ ki, sadiqdir. Lakin açığı, əsas ehtimalım proseslərin sonunda İranda hərbi xunta modelinin ortaya çıxmasıdır. Düşünürəm ki, ordu vilayəti-fəqih sisteminin zəifliyini açıq şəkildə gördüyü anda, lideri və konsepsiyası olmayan bir inqilaba keçid vermək əvəzinə, siyasi gücü öz əlində saxlamağa çalışacaq.
Mövcud vəziyyətdə isə xalq üsyanının uğura çatmaq şansı elə də yüksək görünmür. Gedişatı yalnız birinci variant, yəni ordunun xarici müdaxilə nəticəsində zəiflədilməsi dəyişə bilər.
ABŞ prezidenti Tramp az öncə İrana qarşı hərbi müdaxilənin anonsunu verib. Sözsüz ki, Trampın əsas məqsədi İran ordusunu üsyana müdaxilə etməyəcək qədər zəiflətməkdir. Bəs, Tramp hədəfləri doğru seçə biləcəkmi? Hər halda, ABŞ və İsrailin mümkün ortaq hücumlarından sonra İrandakı mənzərə daha aydın görünəcək.
@serqebaxis
2 635
Tramp Administrasiyasının qısa müddətdə Qrenlandiyanı ilhaq edərək, ABŞ-ın rəsmi ərazisinə çevirməkdəki israrı maraq doğurur.
Düşünürəm ki, əgər məsələ təkcə Arktika regionundakı təhlükəsizliklə əlaqədar olsa, hazırda NATO üzvü Danimarkanın suverenliyində olan Qrenlandiya ABŞ-ın hərbi istifadəsinə verilə bilər. Hətta, Danimarka hökuməti də dəfələrlə NATO çərçivəsində Qrenlandiyanı ABŞ-ın istifadəsinə verməyə hazır olduqlarını bəyan edib. Amma Tramp hökuməti Qrenlandiyanı sırf ilhaq etmək və yeni bir ştata çevirmək istəyir. ABŞ hökuməti eynilə, 19-cu əsrdə Luiziana, Alyaska və Floridanı satın aldığı kimi, Qrenlandiyanın əvəzində Danimarkaya pul ödəməyi də təklif edir. Yəqin ki, Danimarka razılıq verməsə, ABŞ işğal yolu ilə Qrenlandiyanı ilhaq etməyi seçəcək.
Parçaları bir-birinə birləşdirsək, belə bir məntiqi sonluq ortaya çıxır: ABŞ Qrenlandiyanı NATO çərçivəsində asanlıqla hərbi nəzarətə götürmək imkanına malik olduğu halda, ilhaq yolunu seçirsə, deməli, Vaşinqton həqiqətən də NATO-nu tərk etməyə hazırlaşır. Onsuzda ABŞ-ın Qrenlandiyanı zorakı yolla işğalı, Danimarka Baş nazirinin bu gün ifadə etdiyi kimi, “NATO-nun sonu olacaq”.
Bu mənada demək olar ki, ABŞ Avropadakı “protektorat” rolunu tərk etməzdən əvvəl, Avropanın əlində qalan ən strateji ərazilərdən biri hesab etdiyi Qrenlandiyanı birbaşa öz suverenliyinə qatmaq niyyətindədir.
İstisna deyil ki, Tramp ilə Putin arasında NATO-nun faktiki olaraq sonlanmasına dair müəyyən müzakirələr aparılıb. Bəlkə də, ABŞ-ın hərbi cəhətdən Avropadan çəkiləcəyinə dair gözləntini ardıcıl geosiyasi itkilər fonunda Rusiyanın nümayiş etdirdiyi nisbi susqunluğun səbəbi kimi izah etmək olar.
Bu baxımdan Qrenlandiya məsələsini təkcə Arktika kontekstində deyil, “Soyuq Müharibə” dövründə formalaşmış təhlükəsizlik arxitekturasının faktiki sonlanmasına doğru atılmış addım kimi dəyərləndirmək mümkündür.
@serqebaxis
2 635
Tramp Venesuela lideri Maduronun və həyat yoldaşının həbs edilərək ölkədən çıxarıldığını bəyan edib. İddialar doğrudursa, Venesuelada rejim dəyişikliyi qısa müddətdə baş tutmuş sayılır. Görünən odur ki, generallar və xarici müttəfiqlər Maduronun taleyi ilə bağlı əvvəlcədən ABŞ-la müəyyən sövdələşmələr aparıblar.
Düşünürəm ki, Vladimir Putin də 24 fevral 2022-ci ildə Kiyevə müdaxilə edərkən bənzər ssenariyə ümid edirdi. Lakin Ukrayna ordusunun hərəkətsiz qalacağına dair kəşfiyyat məlumatları onu ciddi şəkildə yanıltmışdı. Təbii ki, burada Britaniyanın Zelenskiyə hərtərəfli dəstəyi də xüsusi rol oynamışdı.
Aydındır ki, Tramp Venesuela əməliyyatından öncə məqsədli şəkildə İrana qarşı dünənki xəbərdarlığını yaymışdı. Ehtimal etmək olar ki, Maduronun aqibəti İran rəhbərliyi üçün praktik bir gözdağı xarakteri daşıyır.
Əlbəttə ki, dövlətçilik baxımından Venesuelanı İranla, siyasi təcrübə baxımından isə Maduronu Xameneyi ilə müqayisə etmək mümkün deyil. Amma nəzərə alsaq ki, hər ikisinin əsas strateji müttəfiqləri Rusiya və Çindir, ABŞ-ın mümkün müdaxiləsi zamanı İranın da real dəstəkdən məhrum qalması ehtimalı çox böyükdür.
@serqebaxis
2 635
ABŞ Ordusu Venesuelanın paytaxtı Karakası bombalayır. Xüsusi təyinatlı qüvvələrin də quru əməliyyatı keçirdiyi iddia olunur.
ABŞ-ın mümkün işğalının əsas səbəbi şübhəsiz ki, Venesuelanın nəhəng neft ehtiyatlarını ələ keçirməkdir. Bu baxımdan, Rusiya-Çin xəttinin müttəfiqi Maduronun devrilməsindək hərbi əməliyyatın davam edəcəyi gözlənilir.
Məlumdur ki, ABŞ rəhbərliyi öz təsir zonası kimi gördüyü Latın Amerikasına “əl gəzdirmək” istəyir, bu xüsusda regionun digər ölkələrinə də müdaxilələr gözlənilir.
Beynəlxalq nizamın çökməsindən böyük dövlətlər arasında resurs və mövqe bölüşdürülməsi gedir. Məncə, belə bir vaxtda kiçik dövlətlər üçün ən doğru taktika kənara çəkilib, beynəlxalq gündəmdən uzaqda qalmaqdır.
@serqebaxis
2 635
ABŞ prezidenti Tramp İranda etirazçılara qarşı zorakılıq törədiləcəyi təqdirdə, İrana hərbi müdaxiləyə hazır olduqlarına dair mesaj paylaşıb. Görünən odur ki, “Epşteyn faylları” səbəbilə daxili siyasətdə küncə sıxışdırılan Tramp həm diqqətləri xarici münaqişəyə yönəltməklə, həm də İsrail lobbisinin dəstəyinə sığınmaqla vəziyyətdən çıxmağa çalışır.
Netanyahunun ABŞ-a səfəri ərəfəsində İranda etirazların başlanması və Trampın bu səfərdən dərhal sonra etirazları bəhanə edərək hərbi müdaxilə anonsu verməsi, İran ətrafında baş verənlərin əvvəlcədən hazırlanmış plan çərçivəsində cərəyan etdiyini göstərir.
Düşünürəm ki, mümkün gedişatı anlamaq üçün ilk növbədə İsrailin İranla bağlı başlıca məqsədini müəyyənləşdirmək lazımdır. Daha əvvəl də müzakirə etdiyimiz kimi, İsrailin əsas hədəfi İranın əlindəki 400 kiloqramlıq, 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirməkdir.
Bu isə yalnız üç ssenari çərçivəsində mümkündür. Birinci ssenaridə, İranın hazırkı hakimiyyəti nüvə proqramını dayandırır və əlində olan zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü ölkəyə təhvil verməyə razılaşır. İkinci ssenaridə Tehranda Qərbin dəstəyi ilə rejim dəyişikliyi baş verir və nəticədə hakimiyyətə gələn yeni siyasi rəhbərlik İranın əlindəki zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməyi qəbul edir. Üçüncü ssenaridə isə İrana qarşı quru əməliyyatı həyata keçirilir, xarici qoşunlar ölkə ərazisinə daxil olaraq nüvə materiallarını ələ keçirir və İran ərazisindən çıxarır.
Barizdir ki, İsrail rəhbərliyi məhz, ikinci ssenarini tətbiq etməyə çalışır.
Ola bilsin ki, Tramp administrasiyası proseslərə müdaxilə etməklə, İran rəhbərliyini ikinci ssenari ilə qorxudaraq, birinci ssenariyə razı salmağa çalışır. Çünki İranda rejim dəyişikliyi o qədər də asan və qısa müddətli proses deyil, bu ssenari illərlə davam edə biləcək vətəndaş müharibəsi riski daşıyır. Açığı, hər nə qədər İsrailin güclü təzyiqi olsa da, ABŞ elitasının Yaxın Şərqdə uzunmüddətli və böyük xərc tələb edən yeni bir müharibə axtarışında olduğuna inanmaq çətindir.
Gedişatı İran rəhbərliyinin seçimi müəyyən edəcək. Nüvə proqramının dayandırılması və zənginləşdirilmiş uranın təhvil verilməsi, yoxsa ki, sonadək müharibə?!…
@serqebaxis
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
