Emin Efendi
Відкрити в Telegram
Telefonu dəyişəndən sonra əvvəlki kanalıma girə bilmirəm. Qısmat.
Показати більше1 219
Підписники
Немає даних24 години
-27 днів
-1530 день
Архів дописів
1 219
Dünya yolu.
Bu dünyada daim bir az narahat yaşayırsan. Çünki gec-tez anlayırsan ki, burada hər şey müvəqqətidir. İnsanlar, münasibətlər, dostluqlar, sevgilər, planlar, vədlər… Bir sözlə, həyatın bizə “əbədi” kimi təqdim etdiyi hər şeyin sonu var. Sadəcə, biz bunu qəbul etmək istəmirik. Evlər tikirik, planlar qururuq, kiməsə bağlanırıq, illərlə sevdiyimiz komandanın çempionluğunu gözləyirik, həmişə kimdənsə nəsə umuruq, sonra da təəccüblənirik: niyə hər şey dəyişdi, niyə alınmadı? Halbuki həyatın tərifi bizdən Allah bilir neçə min il əvvəl bir üzüyün üzərinə yazılmışdı.
Yol isə bunu xatırlamaqdır. Sən buradan keçirsən. Sadəcə keçirsən.
Mən sizin hamınızı görməyə şadam. Sizinlə yaşamağa, gülməyə, ad günlərinizi qeyd etməyə, futbola baxmağa, gecə üçün yarısına qədər boş-boş yazışmağa da şadam :)
Amma mən getməliyəm. Çünki mənim evim burada deyil. Bura dayanacaqdır, mənzil deyil. Bunu başa düşəndə insan bir çox şeyə əvvəlki qədər ciddi yanaşmır. Kimin nə düşündüyü, kimin gəlib, kimin getdiyi, kimin səni sevdiyi, kimin unutduğu… Kimlər üçünsə bunların hamısı böyük məsələdir. Mənim üçün isə getdikcə yalnız bir sual qalır: “Yaxşı, bəs sonra?” Çünki yolda olan adam hər dayanacaqda ev tikmir.
Yol budur: “Mən getməliyəm. Bağışlayın.”
Qayıqda oturub çayın axını ilə irəliləməlisən. Ətrafda qorxulu insanlar, qəribə münasibətlər, izaholunmaz hadisələr, aqressiv adamlar, özünü dünyanın mərkəzi hesab edənlər var. Hamısı öz rolunu oynayır. Sən isə keçib gedirsən. Çünki həyatın ən böyük səhvi yanlış insanlarla qarşılaşmaq deyil. Ən böyük səhv onlarla birlikdə yanlış yerdə qalmaqdır.
İnsan bir yerdə həddindən artıq rahatlıq tapanda təhlükə başlayır. Çünki rahatlıq səni sakitləşdirir, sonra da yavaş-yavaş yolunu unutdurur. Bir gün görürsən ki, getməli olduğun halda qalmısan. Niyə qaldığını da bilmirsən. Sadəcə, hamı qalır deyə sən də qalmısan. Hamı belə yaşayır deyə sən də belə yaşamısan. Hamı nəyisə gözləyir deyə sən də gözləmisən. Sonra həyatın ortasında dayanıb özündən soruşursan: “Mən bura necə gəldim?”
Cavab sadədir: heç yerə gəlməmisən. Sadəcə yolunu itirmisən.
Mənim indi həyatda ən çox qorxduğum şey də budur: insanları itirmək yox, yolu itirmək. Çünki insan pulunu, evini, statusunu, sevgisini, dostlarını, hətta illərlə qurduğu həyatı belə itirə bilər. Bunların hamısını yenidən qurmaq olar. Amma insan yolunu itirəndə artıq hara qayıtmalı olduğunu da bilmir.
Və məncə, insanın başına gələ biləcək ən böyük faciə də elə budur.
1 219
Bu, sıradan bir məğlubiyyət deyil. Bu, növbəti bir sınaqdır…
12 il ərzində Qurban Qurbanov hər dəfə bu qapını müxtəlif açarlarla açırdı. Azərbaycan futbolunu Avropanın əsas səhnəsinə çıxarırdı. 12 il ərzində bir dəfə də olsun həmin qapının kənarında qalmadı.
Bu gün isə qapı açılmadı.
Bəlkə də ən ağır olan məhz budur. Çünki azarkeş öyrəşir. Uğura, Avropaya, son ana qədər mübarizəyə, Qurban Qurbanovun komandasının orada olmasına öyrəşir.
Amma futbolun gözəlliyi də elə bundadır. Dünənə qədər dəyişməz görünən ənənə bir gecədə qırıla bilir.
Mən bu klubun azarkeşi deyiləm. Mənim öz komandam var. Amma Qurban Qurbanov mənim üçün Azərbaycan futbolunda həmişə ayrı bir göstərici olub. Çünki o, Azərbaycan futboluna həm futbolçu, həm də məşqçi kimi xidmət edib və illər ərzində öz adı ilə böyük bir məktəb yaradıb.
Bu gün Qurban Qurbanov uduzdu. Amma onun Azərbaycan futboluna qazandırdığı 12 ili heç kim unuda bilməz.
İndi isə növbəti sınaq başlayır…
Bu məğlubiyyətdən sonra kimin həqiqətən bu komandanın yanında olduğu daha aydın görünəcək. Əsl azarkeş yalnız Avropa gecələrində tribunaya gələn deyil. Öz komandasının çətin günündə, Azərbaycan çempionatının adi oyunlarında da tribunada olan, komandasına və məşqçisinə dəstək verəndir.
Bəlkə də bu mövsümün ən böyük sınaqlarından biri də budur. Avropaya gedə bilmədiyin günlərdə komandanın yanında kimlərin qalacağını görmək.
Bəzi yolların sonunda qapı bağlanır. Əsas məsələ isə həmin yola yenidən çıxacaq gücü tapmaqdır.
Qurban Qurbanovun bunu da bacaracağına şübhəm yoxdur.
Təşəkkürlər və uğurlar, Hoca.
1 219
İnsanlara öz dəyərinizdən nə qədər danışsanız da, əgər özünüz daxilən buna inanmırsınızsa, buna heç kəs inanmayacaq.
İnsan özünə verdiyi dəyər qədər həyat qurur. Öz içində ləyaqətini, gücünü və yerini hiss etməyən insan daim başqalarının təsdiqini gözləyir. Sonra isə düşünür ki, niyə həyatı istədiyi kimi deyil, niyə qarşısına daim yanlış insanlar çıxır.
Əslində məsələ çox vaxt insanlarda deyil. Məsələ bizim özümüzü necə gördüyümüzdədir.
Öz dəyərini içində hiss etməyə başladığın gün seçimlərin də dəyişir. Kimə yaxınlaşacağını, kimdən uzaqlaşacağını, nəyə razı olub, nəyə olmayacağını artıq başqalarının münasibəti deyil, öz daxilindəki ölçü müəyyən edir.
Çünki insan əvvəlcə öz yerini öz içində tapmalıdır. Ondan sonra həyat da yavaş-yavaş həmin yerə uyğunlaşmağa başlayır.
1 219
Müəyyən yaşdan sonra həyat fasiləsiz itkilər prosesinə çevrilir. Əvvəlcə gücün azalır, sonra arzuların, xəyalların, inancların bir-bir ixtisara düşməyə başlayır. Sevdiyin insanlar da gedir. Kimisi sağollaşaraq, kimisi heç xəbər vermədən. Və bir gün anlayırsan ki, itirdiklərinin heç birini geri qaytara bilməzsən.
Böyümək, bir az da bununla barışmaq deməkdir. Əslində “qocalmaq” yazmalı idim. Əlim gəlmədi…
Cavanlıqda öz dünyamızı son həqiqət hesab edirdik. Öz musiqimiz, öz geyimimiz, öz düşüncələrimiz bizə ən doğru görünürdü. Sonra illər keçir və vaxtilə sevdiyimiz mahnılar reklamlara çevrilir, geyimimiz və saç düzümümüz artıq retro adlandırılır :)
Əslində bizi əsəbiləşdirən yeni dünyanın özü deyil. Öz gəncliyimizin yavaş-yavaş keçmişə çevrildiyini görməkdir.
Hər nəsil özündən sonrakı nəslin hər şeyi xarab etdiyini düşünür. Çünki insan gənc olanda yalnız öz həqiqətinə inanır. Yaşlandıqca isə anlayır ki, vaxtilə doğru hesab etdiyimiz şeylərin bir qismi səhv, qəbul etmədiklərimizin bir qismi isə həqiqət imiş.
Sonra bir gün bütün bunların əslində həyatın öz qaydası olduğunu anlayırsan. Heç nə əvvəlki kimi qalmır. İnsanlar gedir, mahnılar dəyişir, biz dəyişirik. Sən də bütün itirdiklərinlə birlikdə yoluna davam edirsən.
Çünki həyat başqa cür olmur.
1 219
Həyatda elə bir qayda yoxdur ki, insan bir gün ondan uzaqlaşmaq istəməsin. Dünya öz səs-küyü, qayğıları və bitib-tükənməyən istəkləri ilə insanı özünə bağlayır. Biz də bütün bunları həyatın qaçılmaz hissəsi hesab etdikcə istəklərimiz artır, bədən yorulur, ruh isə dincliyini itirir.
Ömrümüzün böyük hissəsi əslində çox kiçik şeylərin arasında itib gedir. Vərdişlər, xırda qayğılar, kim nə deyər düşüncəsi, kimə necə görünmək ehtiyacı… İnsan bunların içində yaşaya-yaşaya bir gün başını qaldırır və görür ki, gün artıq batmaq üzrədir, yol isə hələ çox uzundur. Həyat da elə bil yolun ortasında büdrəməyə başlayıb.
Məncə, elə həmin an hər şeyi yenidən düşünməyin vaxtıdır. Bütün bağları qoparmaq, artıq mənasını itirmiş qadağalardan, borclardan və qaydalardan azad olmaq. Hamının gözündə düzgün görünmək həqiqətən bu qədər vacibdir?
Səni anlamayanlar bunu dəlilik adlandıracaq. Sağlam düşüncədən uzaqlaşdığını, dəyişdiyini, hətta soyuq olduğunu deyəcəklər.
Amma əslində hər şey çox sadədir, insan nə qınaqdan əzilməli, nə də tərifdən sevinməlidir.
Çünki insanın əsl azadlığı, başqalarının onun haqqında düşündüklərindən azad olmasıdır.
1 219
İnsanın öz ruhu ona həmişə çox qarışıq görünür. Elə bil uşaqlıqda baxdığımız kaleydoskopdur. İçində o qədər rəng, o qədər xırda parça var ki, hər dəfə bir az tərpənəndə tamam başqa mənzərə yaranır.
Özümüzü də belə tanıyırıq. Bu gün istədiyimiz bir şeyi sabah istəmirik. Bir söz eşidirik, fikrimiz dəyişir. Bir xatirə yada düşür, içimizdə illər əvvəl qalmış hansısa hiss yenidən oyanır. Heç gözləmədiyimiz bir şey bizi sevindirir, başqa bir şey isə bütün günümüzü korlayır. Bəzən özümüzün niyə belə davrandığımızı özümüz də bilmirik.
Amma başqasına baxanda hər şey bizə çox sadə görünür.
Elə bil onun içində iki-üç səbəb var və biz hamısını bilirik. Bu adam bunu ona görə etdi, bunu ona görə dedi, deməli məqsədi də budur.
Özümüz üçün yüz səbəb tapırıq, başqası üçün isə bir səbəb kifayət edir.
Qəribədir, özümüzün yanlış başa düşülməyimizə həmişə haqq qazandırırıq. Deyirik ki, məni anlamadılar, vəziyyət başqa cür idi, mənim də öz səbəblərim vardı.
Amma başqasına eyni haqqı çox vaxt vermirik.
Məncə insanı anlamağın ən çətin tərəfi elə budur. Öz içimizdəki qarışıqlığı qəbul edib, başqasının içində də bizim görə bilmədiyimiz bir qarışıqlığın olduğunu düşünmək.
Çünki insan heç vaxt kənardan göründüyü qədər sadə deyil.
Hətta çox vaxt özümüz də özümüzə göründüyümüz qədər aydın deyilik.
1 219
Futbol azarkeşləri adətən ilk olaraq futbola, daha sonra isə öz klubunu tapıb ona vurulurlar.
Mən və mənim kimilər isə əvvəlcə “Neftçi”yə, sonra isə futbola vurulmuşuq.
Bu formanı geyinən futbolçular bilməlidirlər ki, onların sinəsində təkcə klubun emblemi yox, minlərlə insanın uşaqlıq xatirələri var. Məğlubiyyətlərə baxmayaraq tribunaları tərk etməyən insanların inadı var.
Məhz buna görə belə oyunların mənası həmişə 90 dəqiqədən böyük olur.
Belə oyunlarda taktika da vacibdir, fiziki hazırlıq da. Amma elə oyunlar olur ki, hesabı bunlar yox, xarakter müəyyən edir. Futbol tarixində bunun yüzlərlə nümunəsi var.
Mən bu gün “Neftçi”nin məhz o xarakteri göstərəcəyinə inanıram.
Bəlkə də yanılaram. Futbol buna görə gözəldir. Amma mənim inamım nəticədən asılı deyil. Daxilimdə qəribə bir sakitlik var. Elə bil haradasa bu qələbə artıq yazılıb, biz isə sadəcə onu televizordan izləyəcəyik.
Bir də ki, bizim üçün “Neftçi” həmişə cədvəldə tutduğu yerdən daha böyük olub.
1 219
Qarşıda çoxdan gözlədiyi bir gün yaxınlaşanda, yaxud hansısa bayramı gözləyəndə və ya həyatını dəyişəcəyinə inandığı bir hadisə yaxınlaşanda insan yaşamağı sabaha saxlayır. Elə bilir ki, əsl həyat hələ başlamayıb və bu gün sadəcə onu həmin ana bir gün də yaxınlaşdırdı.
Beləcə çərşənbə keçir, cümə axşamı keçir, cümə də onun ardınca səssizcə uzaqlaşır. Günlər təqvimdən silinir, amma insan onların içində olmur. O, hələ gəlməmiş bir günün işığında yaşayır və ayaqlarının altından sürüşüb gedən ömrünü hiss etmir.
Halbuki dünyanın gözəlliyi heç vaxt dəyişmir. Sadəcə insan itirəndə, uzaqdan baxanda yaxud çox nadir görəndə onu hiss edir. Hər gün doğan günəş adi görünür. Amma bir gün doğmasa, hamı başını göyə qaldırar.
Sonra o çox gözlənilən gün gəlib çatır. İnsan istəyir ki, həmin gün gözlədiyi bütün həftənin, bəlkə də ayların əvəzini versin. İstəyir ki, bütün sevincini bir günün içinə sığışdırsın.
Amma həyat belə işləmir. Heç bir bayram, heç bir görüş, heç bir xoş xəbər yaşanmamış günlərin əvəzini qaytara bilməz. Ən böyük sevincin içində belə izah olunmayan bir boşluq qalır. Çünki həyat düz xətdən ibarətdir və geriyə yol yalnız bizim xəyallarımızda var.
Dağlara qalxan insan zirvəyə çatanda məmnuniyyətlə dincəlir. Çünki yorğunluq istirahətə məna verir. Amma həmin yolçuya desələr ki, bundan sonra ömrünün sonuna qədər yalnız dincələcəksən, həmin zirvə bir müddət sonra həbsxanaya çevrilər. Bizi xoşbəxt edən dayanmaq və geriyə baxmaq deyil. Bizi xoşbəxt edən yolun özüdür.
Gözləməyin də bir fəlsəfəsi var. Amma gözlədiyin günə görə bu günü qurban vermək düzgün deyil. Çünki sabah gələndə artıq bugünkü ömür olmayacaq.
Çox az şey var ki, zamanın qarşısında uzun müddət öz əhəmiyyətini qoruya bilsin. Qalan hər şeyi isə zaman sakitcə özü ilə aparacaq.
1 219
Çoxdan həyatını itirmiş müğənnilər.
Səhər hər şey adi başlamışdı. O tələsirdi. Şəhər yeni oyanırdı. Günəş hündür binaların arasından küçələrə süzülür, külək üzünə dəyirdi. Sükanı möhkəm tuturdu. Sağında stəkan yerində beş dəqiqə əvvəl alınmış takeaway kofedən cəmi bir qurtum içmişdi. Qarşıda onu uzun yol və çoxdan həyatını itirmiş müğənnilərin səsi gözləyirdi. O belə düşünürdü…
Sonra qulaqlarını batıran zərbə…
Təkərlərin cırıltısı.
Və səssizliyin səsi.
Gözlərini açanda ağ tavan gördü. Həkimlər, dərman iyi, uzaqdan gələn yaxın səslər.
“Təhlükə sovuşub.”
“Allah saxladı.”
Ancaq gecə düşən kimi başqa dünya öz qapılarını açırdı.
O artıq xəstəxanada deyildi.
Ayaqları palçığa batır, nəfəsi sinəsini yandırırdı. Əlində daş bıçaq var idi. Meşənin içində qaçırdı. Arxasınca gələnlər çoxdan həyatını itirmiş müğənnilər idi. Hərə öz mahnısını bərkdən pıçıldayırdı.
Onlar düşmən axtaran kor və kontuziyalı əsgərlərə bənzəyirdilər. Onların yaxınlaşdığını görmürdü. Amma hiss edirdi. Çünki bəzi mahnılar heç vaxt bitmir.
Səhər yenə xəstəxana.
Tibb bacısının təbəssümünə yaraşmayan makiyajı. Və gözü kor edən pomada rəngi.
Sonra iynələr.
Sonra “heç olmasa bunu iç.”
Hər şey sakit idi.
Amma çoxdan həyatını itirmiş müğənnilərin səsi qulaqdan ürəyə girirdi.
Bir-bir oxusaydılar, rahat ölmək olardı. Amma hamısı birdən oxuyanda dözmək olmurdu. Ürəyə salmasa, dözmək olardı.
Hər dəfə gözlərini yumanda özünü başqa həyatın içində tapırdı. Hansının yuxu, hansının gerçək olduğunu ayırd edə bilmirdi.
Günlər keçdikcə xəstəxana ona yuxu kimi görünməyə başladı. Buradakı insanlar qəribə danışırdı. Dəmir çarpayılar, parlaq lampalar, ağ divarlar… Və yersiz görünən pomada.
Hamısı həddindən artıq qəribə idi.
Əsl olan isə çoxdan həyatını itirmiş müğənnilər idi.
Bir gecə onu yaxalaya bildilər.
Əllərini qulaqlarından ayırıb belinə bağladılar.
Daş pilləkənlərlə yuxarı aparmağa başladılar.
Səmanın altında minlərlə alov yanırdı. Sanki hansısa rok ulduzunun xatirə konserti idi. Səhnə yox idi. Stadionun ortasında o tək idi. Əlləri bağlı idi. Tamaşaçıların hər birinin əlində bıçaq, gözlərində isə həmin pomada rəngində nifrəti vardı.
O son dəfə oyanmağa çalışdı.
Xəstəxanaya qayıtmaq istədi.
Ağ tavanı görmək istədi.
Tibb bacısının zövqsüz makiyajını görmək istədi.
Amma heç nə dəyişmədi.
O an başa düşdü ki, xəstəxana heç vaxt gerçək olmayıb. Avtomobil, küçələr, ölmüş müğənnilər, kofe… Bunların hamısı ölümə aparılan insanın son yuxusu imiş.
Elə olur ki, insan yuxudan oyanmır.
Sadəcə başqa həqiqətin içində gözlərini açır.
P.S. Bəlkə də nə vaxtsa hekayə yazmışam. Vallah, yadıma gəlmir. Yazmışamsa, növbətidir. Yazmamışamsa, birincidir. Hər iki halda, artıq dərəcədə və səmimi şəkildə xahiş edirəm, fikrinizi bildirəsiniz.
1 219
Dəqiqə həyatın bizə verdiyi ən qiymətli hədiyyələrdən biridir. Çünki insan cəmi bir neçə dəqiqənin içində bütöv bir ömrü anlaya bilir. Elə də olur ki, illərlə dəyişməyən bir adam bir dəqiqənin içində tamam başqa insana çevrilir. Kimisi ucalır, kimisi isə içində gizlətdiyi həqiqi simanı göstərir. Məncə, insanı ən çox elə dəqiqələr ifşa edir.
Biz saatlarla, günlərlə, illərlə yaşayırıq. Amma taleyimizi onlar yox, dəqiqələr həll edir. Bir dəqiqə ərzində verilən qərar ömrün qalan hissəsini müəyyən edə bilir. Bir fikir insanı yüksəldir, başqa bir fikir isə onu uçuruma aparır.
Hər şey düşüncədən başlayır, sonra sözə çevrilir, daha sonra əmələ. Böyük görünən hər hadisənin başlanğıcında isə cəmi bir neçə saniyə dayanır.
Bəlkə də buna görə zaman heç nəyi birdən məhv etmir. O, hər şeyi dəqiqə-dəqiqə izləyir. Ən böyük sevgini də, ən möhkəm dostluğu da, ən parlaq xatirəni də. Bəzən böyük dəyişiklikləri zaman yox, hər gün təkrarlanan kiçik rutinlər yaradır. Onlar insanın içindəki ən saf hissləri belə səssizcə dəyişdirir.
Axı bizim ömrümüz sonsuzluğun qarşısında cəmi bir andır. Ona görə də qarşımıza çıxan hər şeyi səbir və minnətdarlıqla qəbul etməyi bacarmalıyıq. Çünki insanın qoruya biləcəyi ən böyük sərvət nə var-dövlətdir, nə də şöhrət. Ən böyük sərvət daxilimizdəki xoşbəxt dəqiqələrdir.
Təəssüf ki, dəqiqələrin qiymətini çox vaxt onlar keçəndən sonra anlayırıq. O zaman geriyə baxanda anlayırsan ki, insanı yaşlandıran illər olmayıb. Onu yaşlandıran minlərlə görünməyən dəqiqə olub. Həmin dəqiqələrin hər biri səni ya özünə yaxınlaşdırıb, ya da özündən uzaq salıb.
Ona görə, məncə, həyatın həqiqi ölçüsü illər deyil. Dəqiqələrdir. Çünki insanın kim olduğunu tarix, necə biri olduğunu isə o qısa anlar yazır.
1 219
Tanıdığım və tanımadığım əksər blogerlər, yaxud mənim kimi “arada nəsə yazanlar” IV Şuşa Qlobal Media Forumunu bizim blogosfera səviyyəsində iki hissəyə böldü.
Birincilər yüksək dairələrin onları sayıb seçməsindən qürur duydu. İkincilər isə həmin o sayılıb seçilməyənlər sırasında olduqları üçün məyusluqlarını, bir az da birincilərdən utana utana müxtəlif formalarda ifadə etməyə başladılar.
Mən isə birinciləri səmimi qəlbdən təbrik edir, ikincilərə gələn il daha “uğurlu” olmağı arzulayıram.
Mən də IV Şuşa Qlobal Media Forumunda iştirak etdim.
Bəli, tamaşaçı kimi.
Televiziya tamaşaçısı kimi.
Bunu fürsət bilib, rahatlıqla forum barədə fikirlərimi ifadə edə bilərəm. Çünki, Şuşaya gedib oradan yalnız şəkillərlə də qayıtmaq olardı, qısa xülasələrlə də, yenilənmiş fikirlə də. Bunu isə insanın forumdan sonrakı ilk paylaşımı müəyyən edir. Əgər ilk yazın növbəti sosial şəbəkə qalmaqalı, misal üçün “Taleh Yüzbəyov vs Süni Estetik” haqqındadırsa, deməli, Şuşa sənə elə də çox şey verməyib. Yox, əgər beynində yeni suallar yaranıbsa, dünya siyasətinə, Azərbaycanın mövqeyinə başqa gözlə baxmağa başlamısansa, deməli, ora boş yerə getməmisən.
Çünki elə mesajlar var ki, onlar zalda əyləşənlər üçün yox, bütün dünya üçün verilir. Şuşada baş verən də məhz bu idi.
Hələ Prezident İlham Əliyev tribunaya yaxınlaşmamış beynalxalq ekspertlər eyni sualı verirdi: “Bakı nə deyəcək?” Çünki söhbət adi diplomatik bəyanatdan getmirdi. Söhbət yeni geosiyasi mərhələnin hansı sözlərlə ifadə olunacağından gedirdi.
Prezident danışdı.
Sonra isə əsl forum başladı. Yəni Prezidentin çıxışından sonra başlanan beynəlxalq müzakirələr.
Bəzilərimiz adətən dövlət başçılarının çıxışlarında yalnız rəsmi cümlələr eşitməyə öyrəşmişik. Şuşada isə tamam başqa mənzərə vardı. Prezident bir tərəfdən Rusiya, Ukrayna və Ermənistanla bağlı bütün dünyanın diqqətlə dinlədiyi mesajları verirdi, digər tərəfdən Mixail Qusmanla səmimi dialoq qurur, Sergey Markovla bağlı replika ilə zalı güldürürdü. Bu rahatlıq təsadüfi deyildi. Çünki öz mövqeyinə arxayın olan siyasətçi təkcə sərt danışmır. Lazım gələndə yumorla da mesaj verir.
Çıxış bitən kimi dünya mediası hər cümləni təhlil etməyə başladı. “Rusiya ilə Azərbaycan münasibətləri tam normallaşıb” fikri ayrıca müzakirə edildi. Ukrayna ilə bağlı “Heç vaxt işğalla barışmayın” çağırışı beynəlxalq medianın əsas sitatlarından birinə çevrildi. Ermənistanla bağlı səslənən fikirlər isə regionun gələcəyi kontekstində təhlil olundu.
Maraqlıdır ki, forumun əsas müzakirəsi Şuşada yox, elə Şuşadan sonra başladı. Analitiklər, politoloqlar, jurnalistlər hər cümlənin arxasında hansı mesajın dayandığını anlamağa çalışırdılar. Ukraynalı jurnalist Dmitri Qordon Prezidentin Ukrayna ilə bağlı fikirlərini ayrıca qabartdı. Kremlin sözçüsü Dmitri Peskov Prezident İlham Əliyevin Ukrayna ilə bağlı mövqeyini şərh etmək məcburiyyətində qaldı. ABŞ Prezidenti Donald Tramp isə “Truth Social” platformasında Şuşadakı çıxış haqqında dərc olunmuş məqaləni paylaşdı. Əslində bu ardıcıllığın özü çox şeyi deyirdi. Jurnalist, Kremlin sözçüsü və ABŞ Prezidenti. Dünyanın müxtəlif mərkəzlərindən gələn bu reaksiyalar göstərdi ki, Şuşada deyilən sözlər yalnız həmin zal üçün səslənməmişdi.
Bu çıxışın ən maraqlı tərəfi məncə təkcə deyilən sözlər deyildi. Onların deyilmə tərzi idi. Orada nə emosional ultimatum vardı, nə kiməsə nəsə sübut etmək cəhdi. Sadəcə sakit, özünə arxayın və nəticələrə söykənən dövlət dili vardı.
Azərbaycan Prezidentinin Dili.
Şuşa bir daha göstərdi ki, Azərbaycan artıq hadisələrə reaksiya verən ölkə deyil. Hadisələrin istiqamətini müəyyən edən ölkələrdən biridir.
Mən həmin zalda deyildim. Mən forumu ekran qarşısında izləyirdim. Amma forumdan sonra başa düşdüm ki, əsas məsələ zalda olmaq deyilmiş. Əsas məsələ dəyişən dünyanı hiss etməkdir.
Çünki bəzi çıxışlar alqışlarla bitir., bəziləri isə günlərlə davam edən müzakirələrlə yaşayır.
Şuşada da məhz belə oldu.
1 219
Məsələ təkcə bu parodiyanın qəsdən və ya bilməyərəkdən edilməsində deyil. Əsl aktyorluğun nə olduğunu anlamaq üçün təkcə bir nümunəni xatırlamaq kifayətdir: Dastin Hofman “Yağış adamı” filmində autizmli insanı təqlid etmədi. O, onu sevgi, dəqiqlik və dərin hörmətlə anlamağa çalışdı, onu yaşadı.
ƏSL AKTYORLUQ BUDUR.
Təəssüf ki, hələ də elələri var ki, autizm kimi həssas mövzunun istehza predmeti olmadığını anlamırlar. Sənətin vəzifəsi insanı alçaltmaq yox, onu anlamağa çalışmaqdır. Əsl səhnə insan ağrısını ucuz gülüşə çevirmir. O, ağrını görünən və duyulan edir.
Böyük aktyorlar da həmişə belə ediblər. Onlar mürəkkəb taleləri və fərqlilikləri lağa qoymayıblar. Əksinə, həqiqəti və mərhəməti təbliğ ediblər. Bunun üçün təkcə səhnə texnikası yox, həm də mədəniyyət, mütaliə və vicdan lazımdır. Çexovu və Şekspiri tanımaq sadəcə məşhur adları bilmək deyil. Problem ondadır ki, bəziləri onları nəinki oxumayıb, heç tanımır. Məhz bu mənəvi və mədəni boşluq insan ağrısını ucuz effektə çevirir və həqiqi sənətlə saxtasının arasındakı uçurumu göstərir.
Autizmli uşağın parodiyası zarafat deyil. Bu, artıq yumorun sərhədini keçməkdir. Bir tərəfdə insanı ucaldan sənət dayanır, digər tərəfdə isə bizi nə qədər aşağı yuvarlandığımızla üz-üzə qoyan belə səhnələr. Ən pisi isə budur ki, bu uçurum təkcə səhnədə deyil, həm də insanın içində yaranır.
Lakin bu eybəcərliyi görmək ona təslim olmaq demək deyil. Əksinə, o, bizi həm qınadığımız insanı anlamağa, həm də özümüzə qarşı daha tələbkar olmağa çağırır. Axı insan bəzən nə etdiyini və nə dediyini heç özü də dərk etmir.
Bu cür səhnələr həmişə olacaq. İnsan gah yüksələcək, gah da yerin içinə girməyə deşik axtaracaq. Amma buna görə yaşamaqdan, anlamağa çalışmaqdan və həqiqi sənətə inanmaqdan vaz keçmək olmaz. “Yağış adamı” filmində deyildiyi kimi: “Rey, bütün aviaşirkətlərdə təyyarə qəzaları olur. Amma bu, demək deyil ki biz uçmamalıyıq”.
Məncə, insanın yanılması da mərhəmətdən və həqiqətdən üz döndərmək üçün səbəb ola bilməz.
1 219
Hər kəsin öz yolu var.
Çox vaxt yolla gedirik, amma onun hara apardığını bilmirik. Qarşımıza çıxan enişləri, yoxuşları, daşları, çuxurları adiləşdirib keçirik. Elə bilirik ki, əsas məsələ doğru yolu tapmaqdır.
Amma məsələ doğru yolu tapmaqda deyil. Məsələ getdiyin yolu sevməkdədir.
Hər kəs öz yolu ilə gedir. Amma sonda bütün yollar nə Romaya, nə də başqa bir yerə çıxır. Bir gün hər yolun sonu gəlir. Bəlkə də buna görə həyatın mənası yolun sonunda deyil, elə yolun özündədir.
Əgər bu yolu ürəklə gedirsənsə, deməli, o sənin yolundur. Əgər sənə əziyyət verirsə, nə qədər uzağa getməyindən asılı olmayaraq, istədiyin anda ondan ayrıla bilərsən. Və bu normaldır.
İnsan həyatı sevməyi bacaranda xoşbəxt olur. Yoxuşları da, enişləri də, ayağının altındakı daşları da yolun bir hissəsi kimi qəbul edirsənsə, deməli, doğru yoldasan.
Çünki xoşbəxtlik harasa çatanda deyil. Xoşbəxtlik hər səhər yenidən yola davam etmək istəyindədir.
1 219
Xəstə olduğum günlərdə ən adi gecələr belə çox vaxt narahat fikirlərlə keçirdi. Elə bil içimdə dibi görünməyən böyük bir boşluq var idi. Sanki dünya insan səsi eşidilməyən nəhəng bir zaldı və mən o zalın ortasında tək qalmışdım.
Belə anlarda adam çox düşünür. Hətta özünə elə suallar verir ki, cavabını eşitmək belə istəmir. Halbuki bəzi cavablar çoxdan məlumdur, sadəcə onları qəbul etmək çətindir.
Zaman keçdikcə başa düşürsən ki, insanı ən çox yoran şey baş verənlərin səbəbini həmişə başqalarında axtarmaqdır. Öz duyğularını başqalarının əhvalına, münasibətinə, diqqətinə bağlayanda, istər-istəməz onların əsirinə çevrilirsən.
İnsan başqalarının onu xoşbəxt edəcəyinə inandığı müddətcə, içindəki o boşluğu doldura bilmir. Çünki xoşbəxtlik qapını döyüb içəri girən qonaq deyil. O, insanın öz içində sakitcə böyütdüyü, hər gün bir az da qayğı göstərdiyi bir hissdir.
Bunu başa düşəndən sonra isə gecələr özünə gic-gic suallar vermirsən. Çayını süzüb oturub, Kabo-Verdenin Uruqvayla oyununa baxırsan :)
1 219
Adətən insan bu günü ilə elə məşğul olur ki, oturub uşaqlığını xatırlamağa nə vaxtı olur, nə də həvəsi. Böyüklərin həyatında ümumiyyətlə boşluq olmur. Hər gün yeni qayğı, yeni fikir, yeni problem. Elə bil həyatın bütün yerləri artıq nə iləsə dolub.
Amma çox nadir hallarda, səhər tezdən yuxudan oyananda və gözünü açıb hər gün gördüyün hansısa mənzərəyə baxanda qəribə bir hiss gəlir. Məsələn, qarşıdakı divara. Birdən yadına düşür ki, bu divar vaxtilə tamamilə başqa cür görünürdü. Üstündə oboyu olmayan vaxtını xatırlayırsan. Halbuki nə divar dəyişib, nə də yeri. Sadəcə onu görən adam dəyişib.
Ona görə də insanın ağlına zaman haqqında fikirlər daha çox gəlir. Əslində mən həmişə düşünmüşəm ki, qırx yaşında ölməklə səksən yaşında ölmək arasında elə də böyük fərq yoxdur. Səndən sonra yenə insanlar yaşayacaq, güləcək, sevəcək, mübahisə edəcək. Dünya minilliklər boyu necə gedibsə, elə də davam edəcək. İndi də olsa, iyirmi min ildən sonra da olsa, son nəticə dəyişmir.
Amma qəribəsi budur ki, bu məntiqlə razılaşdığım halda, içimdə başqa bir hiss də yaşayır. Nə vaxt fikirləşirəm ki, bəlkə qarşıda hələ iyirmi-otuz il də var, içimdə nəsə dərhal dəyişir. Elə bil insan ömrün sonlu olduğunu ağlı ilə qəbul edir, amma ürəyi bununla heç cür razılaşmır.
1 219
Uşaq olanda məktəbə getməmək üçün alnımı qaz plitəsinə yaxınlaşdırıb bir neçə saniyə saxlayar, sonra da qaça-qaça anamın yanına gedib deyərdim ki, qızdırmam var. O da bütün analar kimi həssas idi, inanardı. Düzü, xəstələnməkdən də xoşum gəlirdi. Evdə hamı qayğıma qalır, nazımla oynayırdı…
İndi isə qaz plitəsinə ehtiyac qalmayıb. Son bir ildə o qədər xəstələnmişəm ki…
Yenə evdəyəm. Yenə dərmanlar, çaylar, saysız-hesabsız futbol. Və ən əsası, düşüncələr.
Xəstəlik adamı istər-istəməz özü ilə üz-üzə qoyur. Vaxt keçir, hara baxsan beynində eyni sual fırlanır: biz niyə yaşayırıq?
Mənə elə gəlir ki, insan öz həyatını idarə edən qüvvələri heç anlamır. Tərəqqi dediyimiz şey də qəribə yerə gətirib çıxarıb bizi. Təbiətdə yaşayan heyvan gün ərzində hərəkət edir, özünə uyğun mühitdə yaşayır, acanda yeyir, yorulanda dincəlir və sabah haqqında ümumiyyətlə düşünmür. Biz isə bütün bunları itirib, əvəzində sonsuz qayğılar qazanmışıq.
İnsan ömrünün böyük hissəsini işləməklə keçirir. Ev almaq üçün işləyir, sonra o evi saxlamaq üçün işləyir, sonra da övladlarının eyni yolu getməsi üçün çalışır. Bir gün də baxırsan ki, ömür keçib. Özünə ayırmağa vaxt tapmadığın həyat artıq arxada qalıb.
Bakı isə belə talelərin milyonlarla dəfə təkrarlanmış formasıdır. Hamı harasa tələsir, amma çox az adam dayanıb özündən soruşur ki, hara və nə üçün?
Bəlkə də müharibə ilə sülhün fərqi də buradadır. Həyatın mənasızlığı ölüm qorxusunu üstələyəndə müharibələr başlayır. Ölüm qorxusu daha güclü olanda isə yenidən sülh olur.
Bilmirəm. Bəlkə də bütün bu fikirlər dərmanların, qızdırmanın və yorğan-döşəyin təsiridir. Amma xəstəlik mənə bir şey deyir: insan özü ilə tək qalanda daha çox həyat haqda düşünür. Belə çətin sualların cavabı da olmur.
Bilmirəm, bu xəstəlik düşüncələridir, yoxsa “xəstə düşüncə”dir?
Amma onu dəqiq bilirəm ki, normal adam məktəbə getməmək üçün alnını plitənin ocağına yaxınlaşdırmaz 😄
Çalışın xəstələnməyin 🙏🏻
1 219
Uşaq olanda məktəbə getməmək üçün alnımı qaz plitəsinə yaxınlaşdırıb bir neçə saniyə saxlayar, sonra da qaça-qaça anamın yanına gedib deyərdim ki, qızdırmam var. O da bütün analar kimi övladına qarşı həssas idi. Ümumiyyətlə, xəstələnməkdən xoşum gəlirdi. Evdə hamı nazımla oynayır, qayğıma qalırdı…
Son vaxtlar, xüsusən də bu son ildə isə qaz plitəsinə ehtiyac qalmayıb. Bu il çox xəstələndim. Yenə evdəyəm, yenə dərmanlar, çaylar, yorğan-döşək. Amma yaş artdıqca insan anlayır ki, xəstəliyin özü o qədər də ağır deyil. Əsl ağır olan tək qalmaq, ümidsizliyə düşmək, sevgidən məhrum olmaqdır.
Xəstəliyin dərmanı var. Həkimi var, resepti var. Amma tənhalığın, ümidsizliyin və çarəsizliyin yeganə dərmanı qayğı və sevgidir.
Qorxulu olan xəstəliyin özü deyil. Biz çox vaxt öz beynimizdə hər şeyi olduğundan daha dəhşətli görürük. Halbuki insanın içində sevgi, yanında ailəsi varsa, ən ağır günlər belə bir az yüngülləşir.
Mənim bu günlərdəki reseptim sadədir: bol futbol, bir az səbir və məni sevən ailəmin varlığı. Düzü, bundan yaxşı dərman ola bilməz.
Deyəsən, uşaq vaxtı xəstələnməyi sevməyimin səbəbi də elə bu imiş. Xəstəliyin özü yox, onun gətirdiyi qayğı :)
Çalışın, xəstələnməyin 🙏🏻
1 219
Bizim cəmiyyətdə incimək mexanizmi də deyəsən pozulub. Adam sənin səlahiyyətində və ümumiyyətlə səninlə heç bir əlaqəsi olmayan bir şeyə görə məhz səndən inciyir. Sonra da buna bəraət qazandırmaq üçün deyir ki, “uman yerdən küsərlər”.
Uman yer olum, problem yoxdur. Amma küsməyin də bir məntiqi olmalıdır axı. İnsan ən azı qarşısındakı adamdan nə umduğunu, niyə umduğunu və həmin gözləntinin nə dərəcədə əsaslı olduğunu özü üçün aydınlaşdırmalıdır. Yoxsa hər təsadüfi gözləntini ümid, hər qarşılanmayan istəyi də inciklik adlandırsaq, onda bu dünyada yaşamayaq. :)
Bəzən adama elə gəlir ki, problem heç də umduğunuz adamda deyil. Sadəcə, sizi incidən məsələ ilə bağlı gedib birbaşa aid olduğu ünvana söz deməyə cəsarətiniz çatmır. Ona görə də oturub özünüzə “uman yer” axtarırsınız. Sonra da ən rahat hədəfi tapıb bütün narazılığı onun üstünə yükləyirsiniz. Halbuki inciklik də, irad da yerini tapanda mənalı olur. Əks halda, bu artıq küsmək yox, sadəcə məsuliyyəti yanlış ünvana göndərməkdir.
Yaponiya - Hollandiya oyununa baxıram. Hələ ki hesab 0:0-dır. Hollandiya uduzsa, Yasamalda ya da ABŞ səfirliyində bir “uman yer” tapıb mütləq inciyəcəyəm 😄
1 219
Saat 02:30-du. Səhər tez oyanmalıyam. Adətim üzrə kanalları fırladıb heç nə tapmayıb yatmalıydım… Qabağıma “Küləklə sovrulanlar” çıxmasaydı…
Gözəl əsər və ondan da gözəl film. 1939-cu ildə çəkilən bu şedevr məni oyaq saxladı.
Filmə baxdıqca tez-tez özümə bir sual verirdim. Bu doğrudan da 1939-cu ildə çəkilib?
Çünki ekranda gördüklərim nə aktyor oyununa görə, nə operator işinə görə, nə də ümumi səviyyəsinə görə bu gün çəkilən filmlərdən geri qalır. Əksinə, bir çoxundan daha canlı, daha səmimi görünür.
Biz elə bilirik ki, zaman keçdikcə hər şey mütləq daha yaxşı olur. Texnologiya inkişaf edir, imkanlar artır, büdcələr böyüyür. Amma bəzi filmlər adama, əsl sənətin texnologiya ilə əlaqəsini o qədər də böyük olmadığını göstərir. İstedad, zövq və peşəkarlıq varsa, onların ömrü onilliklərlə belə ölçülmür.
Aradan təxminən bir əsr keçib. Amma film yenə də insanı ekran qarşısında saxlaya bilir. Mənim kimi səhər tez durmalı olan birini gecənin yarısı yuxudan ayırıb öz dünyasına aparırsa, deməli söhbət sadəcə yaxşı filmdən getmir…
1 219
Bir dəfə “Neftçi”də işlədiyim illərdə oyun zamanı skyboxda Sadıq Sadıqovla qarşılaşmışdım. Yanında qonaqlar da var idi. Komanda istədiyimiz oyunu oynamırdı. Bəlkə də hesabda geri idik, indi dəqiq xatırlamıram.
Şəxsi tanışlığımız vardı. Ona həmişə böyük rəğbətim olub. Çünki sevdiyim klubun əfsanəvi prezidenti idi.
Çox səmimi görüşdük, söhbətləşdik. Söhət əsnasında ona elə bil hələ də klub prezidentidir kimi bir sual verdim. Cavab vermək istəyərkən yanında olan qonaqlardan biri istehza ilə:
“Sadıq müəllim çoxdan ‘Neftçi’dən gedib’. Bəyəm bilmirsən?” dedi.
O an Sadıq müəllimin dediyi bir cümlə illərlə yadımda qaldı:
“Mən klubdan getməmişəm. Sadəcə klubdakı işimdən getmişəm.”
Və sonra sualıma ölkənin ən köklü klubunun prezidenti kimi cavab verdi.
O vaxt bu cümlənin ağırlığını tam anlamamışdım.
İllər sonra futbolçu dostumun kitab təqdimatında mənə:
“Sən də artıq ‘Neftçi’dən getmisən?” deyəndə eyni cavabı verdim:
“Mən klubdan getməmişəm. Sadəcə klubdakı işimdən getmişəm.”
Çünki bəzi insanlar üçün klub sadəcə iş yeri olmur. Həyatlarının bir hissəsinə çevrilir.
Sadıq Sadıqov da “Neftçi” üçün belə adamlardan idi.
2009-2015-ci illərdə onun rəhbərliyi altında “Neftçi” 3 dəfə Azərbaycan çempionu oldu, 2 dəfə ölkə kubokunu qazandı. Amma ən vacibi, 2012-ci ildə Azərbaycan futbol tarixində ilk dəfə bir klub Avropa Liqasının qrup mərhələsinə yüksəldi. Bu, sadəcə nəticə deyildi. Bir nəslin yaddaşına çevrilən tarix idi.
Və qəribədir. Bəzi insanlar həyatdan gedəndə anlayırsan ki, onlar çoxdan bir klubun tarixinə çevriliblər. Adları artıq vəzifə ilə yox, bir dövrlə xatırlanır.
Sadıq Sadıqov “Neftçi”dən heç vaxt getmədi.
Sadəcə bir gün həyatdan getdi.
Allah sənə rəhmət eləsin, Əfsanəvi Başkan.
