fa
Feedback
CSSC Baku

CSSC Baku

رفتن به کانال در Telegram

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az

نمایش بیشتر
2 875
مشترکین
+124 ساعت
-87 روز
-3330 روز
آرشیو پست ها
Ermənistanda parlament seçkiləri: Mürəkkəb seçki sistemi, namizədlər və proqnozlar Ermənistanda 2026-cı ilin iyun ayının 7-də keçirilməsi planlaşdırılan parlament seçkiləri, 2018-ci ildə baş verən Məxməri İnqilabdan bəri növbədənkənar keçirilməyən ilk parlament seçkisi olacaq. Ermənistan tarixinin ən vacib seçkisi olaraq qiymətləndirilən bu seçkiyə region ölkələri ilə yanaşı, Rusiya, Türkiyə, Aİ, İran və ABŞ-nin də böyük marağı var. Bu səbəbdən də, bir çoxları bu seçkini “Geosiyasi seçki” adlandırır. Bu səbəbdəndir ki, həm Rusiyada, həm də Aİ-də bu seçkiyə ciddi hazırlıq gedir. Belə ki, aprel ayının 1-də Moskvada keçirilən görüşdə Putin Paşinyana açıq şəkildə bildirmişdi ki, Ermənistanda Rusiyayönlü mövqeyə malik bir çox siyasi qüvvə var və Rusiya onların seçkilər zamanı bu daxili siyasi tədbirdə iştirak edə bilmələrini istəyir. Təbii ki, Rusiyanın Ermənistandakı seçkilərlə bağlı fəaliyyəti təkcə xahişdən ibarət deyil. Rusiya qonşu ölkələrdəki seçkilərə müdaxilə təcrübəsini Ermənistanda da istifadə etməyə çalışacaq. Bu səbəbdən də Avropa İttifaqı Ermənistana bu istiqamətdə yardım göstərməyə başlayıb. Belə ki, Avropa İttifaqı hələ 2025-ci ilin dekabr ayında Ermənistana seçkilərdən əvvəl Rusiyanın dezinformasiyasının qarşısını almaq üçün 12 milyon avro (təxminən 13,8 milyon dollar) ayırmağa hazırlaşdığını açıqlamışdı. Bu ilin mart-aprel aylarında Ermənistana səfər edəcək 9-14 nəfərlik ekspert qrupunun Ermənistanın Baş nazirinin ofisinə və Təhlükəsizlik Şurasına böhranların idarə olunması ilə bağlı məsləhətlər verməsi, eləcə də kiber təhlükələr və xarici müdaxilə, informasiya manipulyasiyası kimi riskləri nəzərə alaraq gələcək böhranların idarə olunması üçün qaydaların hazırlanmasına kömək etməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və vergi orqanları da bu prosesdə iştirak edəcək. Bir sözlə, hazırda Ermənistanda 7 iyun parlament seçkilərinə hərtərəfli ciddi hazırlıqlar gedir və bu seçkinin təkcə ölkənin deyil, bütövlükdə regionun gələcək geosiyasi konfiqurasiyasına həlledici təsir göstərəcəyi gözlənilir. Qeyd edək ki, Ermənistan olduqca mürəkkəb seçki sisteminə malikdir. Burada parlamentdəki yerlərin sayı sabit deyil. Partiya və blokların topladığı səslərin faizi əldə edilən mandatların faizi ilə uyğun gəlmir. Mandatların bölgüsü isə bir neçə mərhələ və alt mərhələlərdən keçir. Saytımızda dərc olunan yeni araşdırmada bu sistemin necə işlədiyi, Parlamentdəki yerlərin sayı və mandat bölgüsünün necə müəyyən edildiyi əyani şəkildə real nümunələrlə öz əksini tapıb. Həmçinin, məqalədə seçkilərdə iştirak edəcək namizədlər barədə məlumat verilib və onların şansları qiymətləndirilib. Bununla yanaşı, araşdırmada Ermənistanda keçirilən ən son rəy sorğuları əsasında seçicilərin əhval-ruhiyyəsi təsvir olunub ki, bu da seçkilərin mümkün nəticələri barədə müəyyən təsəvvürlər yaradır. Yeni araşdırmamızla saytımızda tanış ola bilərsiniz: https://cssc.az/az/view/2/73/

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas sual” verilişində “Ukraynaya 90 milyard, Rusiyaya yeni sanksiyalar” mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı: https://www.youtube.com/watch?v=MvXur5InZ9o

Bu dəfə “Sülh Körpüsü” təşəbbüsü Qəbələyə çatdı Aprelin 10-12-də Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində həyat
+9
Bu dəfə “Sülh Körpüsü” təşəbbüsü Qəbələyə çatdı Aprelin 10-12-də Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində həyata keçirilən Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin dördüncü görüşü baş tutub. Ermənistandan olan iştirakçılar bütün hüquqi prosedurlara riayət etməklə Qazaxda quru sərhədini keçərək avtobusla Gəncəyə, Gəncədən qatarla Qəbələyə gediblər, geriyə avtobusla qayıdıblar. Bu marşrut Qazax, Ağstafa, Tovuz, Qovlar, Şəmkir, Gəncə, Yevlax, Ağdaş və təbii ki, Qəbələ şəhərlərindən keçən səyahəti əhatə edib. Proqramdan göründüyü kimi, 4 müzakirə sessiyası baş tutub, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş və mətbuat konfransı keçirilib. Qeyri-rəsmi ünsiyyətə çox vaxt sərf olunub. Müzakirələr əsasən regiondakı proseslər, qonşu ölkələrdəki müharibələr səbəbiylə artan qeyri-müəyyənliklər, daxili və xarici amillərin sülh prosesinə təsiri ətrafında olub. Ayrı-ayrı sessiyalar təşəbbüs iştirakçılarının öz ölkələrində gördüyü işlərə, iki ölkə cəmiyyətlərinin sülh gündəmi, maneələr və sülh üçün imkanlar haqqında təsəvvürlərin necə yayılmasına həsr olunub. Sülh prosesinin növbəti mərhələsində qarşılıqlı fəaliyyət forması ilə bağlı da fikir mübadiləsi aparılıb. Təbii ki, sülh gündəmini müəyyən edən əsas amil sülh gündəmini razılaşdıran iki ölkə hökumətlərinin legitimliyidir. İyunun əvvəli bu legitimliyin nə dərəcədə davamlı olacağı, vətəndaş cəmiyyəti nümayəndələrinin hansı şəraitdə birgə fəaliyyətlərini davam etdirə biləcəkləri aydınlaşmalıdır. Bu amil sülh prosesinin bünövrəsini təşkil edir və prosesin geriyə çevrilə biləcəyi, yoxsa dönməz xarakter alacağı sualına cavab verməlidir. Belə görüşlərin keçirilməsi bizə bir-birimizi anlamağa, reallıqlarla tanış olmağa, gələcək addımlarımızı müəyyən etməyə imkan verir. Bu gün deyə bilərik ki, sülh gündəliyi artıq aydın çərçivələr qazanır və real perspektivlər müəyyənləşdirilir. Müzakirələrdə münaqişənin dərin travmaları, həssas mövzular və cəmiyyətlərin sülhə hazırlığı araşdırılır. Məhz belə səmimi və etimad doğuran müzakirələr vasitəsilə hansı istiqamətlərdə irəliləyişin mümkün olduğunu anlamaq olar. Hər kəsə aydındır ki, bu, səbr, ardıcıllıq və dözüm tələb edən uzun bir yoldur. Sülh prosesinin dinamikası yüksəkdir, indiki şəraitdə edilə biləcək hər şey edilir. Vətəndaş cəmiyyəti də bu prosesin tərkib hissəsidir və həm birgə fəaliyyətləri həyata keçirir, həm də ölkələr daxilində öz rolunu müəyyənləşdirməyə çalışır. @cssc_cqtm

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Rusiyadan Ermənistana açıq təzyiq: Paşinyan hakimiyyəti qoruya biləcəkmi?"  mövzusunda keçirilən müzakirələrdə iştirak edib və öz fikirlərini bölüşüb. Daha ətraflı: https://www.youtube.com/watch?v=krI1aqRosXg

Ermənistan və Azərbaycan arasında sülhün əhəmiyyəti Məqalənin müəllifləri "Sülh Körpüsü" təşəbbüsünün koordinatorları Areq Koçinyan və Fərhad Məmmədovdur. "Sülh Körpüsü" Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin təşəbbüsüdür və iki ölkənin hökumətlərinin dəstəyi ilə həyata keçirilir. Təşəbbüsün məqsədi Ermənistan və Azərbaycan ekspertləri, media nümayəndələri, qeyri-hökumət təşkilatları və digər qurumlar arasında birbaşa ikitərəfli dialoq üçün şərait yaratmaqdır. "Sülh Körpüsü"nün fəaliyyət istiqamətlərindən biri ikitərəfli gündəliyin əsas mövzuları üzrə birgə məqalə və araşdırmaların hazırlanmasıdır. https://news.milli.az/politics/1319972.html

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov: “Türkiyə ilə Azərbaycan razılaşıblar ki, İrandan hücum təkrarlanarsa…” “Naxçıvana hücum riskinin tam aradan qalxdığını demək çətindir. İranın məqsədi daha çox ölkənin ABŞ-a təzyiq göstərməsinə nail olmaqdır. Digər tərəfdən, İran bu hücumlarla ABŞ-a göstərmək istəyir ki, onun hərbçiləri regionda heç bir yerdə tam təhlükəsiz deyil. Əlbəttə, bu addımlar İran üçün ciddi mənfi nəticələr də doğura bilər. Məsələn, Türkiyə belə hallarda İrana qarşı daha sərt addımlar atar. Lakin indiki mərhələdə görünən odur ki, Türkiyə hər vasitə ilə müharibənin birbaşa iştirakçısına çevrilmək istəmir. Hətta belə hücumlardan biri zamanı ərazi zərbə alsa və müəyyən itkilər baş versə belə, Ankara emosional reaksiya verməkdən çəkinə bilər. Son 24 saat ərzində Azərbaycan və Türkiyə arasında, ən azı siyasi diskurs səviyyəsində, müəyyən mövqe dəyişiklikləri də müşahidə olundu. Belə ki, Naxçıvana edilən hücumdan sonra Azərbaycan ali səviyyədə daha sərt açıqlamalar verdi, Türkiyə isə daha çox balanslaşdırıcı mövqe nümayiş etdirdi. Türkiyəyə edilən son zərbədən sonra isə Ankarada ritorika müəyyən qədər sərtləşdi, Azərbaycan isə Türkiyəni sakitləşdirməyə çalışan mövqe ortaya qoydu. Hər iki ölkə, düşünürəm ki, mövcud vəziyyətin mahiyyətini yaxşı anlayır. İranın zərbələri davam etsə belə, Türkiyə və Azərbaycan öz təhlükəsizliklərini təmin etmək üçün birgə fəaliyyət göstərə bilərlər. Başqa sözlə, İranın bu hücumları müəyyən mənada Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdıran amilə çevrilib. Hətta demək olar ki, iki ölkə arasında belə bir konsensus formalaşıb: mümkün itkilərlə müşayiət olunan hücumlar baş versə belə, tərəflər vəziyyəti nəzarətdə saxlayaraq birbaşa müharibəyə cəlb olunmamağa çalışacaqlar. Azərbaycan bu məsələdə kifayət qədər operativ addım atıb bəyan etdi ki, ölkə ərazisi İrana qarşı istifadə olunmayacaq. Bu mesajı gücləndirmək üçün həm humanitar yardım göstərildi, həm də tranzit yüklərlə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırıldı. Digər tərəfdən, bu addımların məqsədlərindən biri də Azərbaycanla danışıqlar aparan şəxsin mövqeyini gücləndirmək idi. Yəni İranda hər kəs görməli idi ki, Pezeşkiana həvalə edilən missiya müəyyən nəticələr verib. Rəsmi Bakı da bu zəngi qəbul etməklə bir tərəfdən Pezeşkianın İrandakı mövqeyinin möhkəmlənməsinə töhfə verdi, digər tərəfdən isə Tehran üçün onun Bakı ilə münasibətlərdə mühüm fiqur olduğu mesajını çatdırdı. Azərbaycanın əsas məqsədi Naxçıvana edilən hücumların təkrarlanmamasına nail olmaqdır. Çünki belə bir riskin tam aradan qalxdığını demək çətindir və bu ehtimal hər zaman mövcud ola bilər. İranın hücumları ilə bağlı Azərbaycan və Ermənistanın mövqeləri müəyyən mənada oxşar oldu. İranla bağlı bəyanatlar demək olar ki, eyni vaxtda verildi. Hətta ali dini rəhbər Əli Xameneinin vəfatı ilə bağlı iki ölkə lideri eyni vaxtda başsağlığı mesajı yayımladı. Bununla belə, bəzi fərqlər də oldu: məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan İranda yerləşən səfirliyə getmədiyi halda, Azərbaycan Prezidenti İlham Əliyev səfirliyi ziyarət edərək başsağlığı verdi. Bu isə daha çox dini və ortaq tarixi-mədəni əlaqələrlə bağlı amillərlə izah oluna bilər. Digər tərəfdən, yeni ali rəhbərin təbrik edilməsi məsələsində də hər iki ölkə oxşar mövqe nümayiş etdirdi. Bütün bunları nəzərə alaraq demək olar ki, mövcud situasiyada Azərbaycan və Ermənistanın bu məsələyə baxışları müəyyən dərəcədə paralellik təşkil edir və bu, təbii siyasi proses kimi qiymətləndirilə bilər. Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlər hazırda sülh gündəliyinə uyğun şəkildə davam edir. Bu gündəlikdə sülh sazişi imzalanmazdan əvvəl bir sıra mərhələlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlara yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi münasibətlərin formalaşdırılması və vətəndaş cəmiyyəti səviyyəsində dialoqun təmin edilməsi daxildir. https://globalinfo.az/turkiye-ile-azerbaycan-razilasma-elde-edibler-ki-irandan-hucum-tekrarlanarsa-ferhad-memmedov/

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov: “Əsas sual budur: ABŞ-ın İran planı nədən ibarətdir?” “Əli Xameneidən sonra onun oğlu Müctəba Xameneinin ali rəhbər seçilməsi müəyyən mənada taktiki qərar kimi də qiymətləndirilə bilər. Məsələ ondadır ki, ABŞ və İsrail əsasən Əli Xameneini hədəf kimi görürdülər. Lakin o vəfat etsə belə, onun yerinə oğlu ali rəhbər seçildi. Bu isə bir növ “Xameneini yenə Xamenei əvəz etdi” mesajı kimi təqdim olunur. Yaxın gələcəkdə ABŞ müharibəni bitirmək istəsə, o zaman öz cəmiyyətinə bu müharibənin məqsədlərinə çatması ilə bağlı izahat verməli olacaq. Həmin izahlardan biri də Əli Xameneinin aradan qaldırılması ilə bağlı ola bilər. İranda qərar qəbul edən şəxslər isə belə bir siyasi narrativin qarşısını almaq üçün keçmiş ali rəhbərin oğlunun hakimiyyətə gətirilməsini taktiki addım kimi dəyərləndirmiş ola bilərlər. Əli Xameneinin yaratdığı müəyyən bir idarəetmə sistemi var idi. Bu sistemdə paralel institutlar fəaliyyət göstərirdi. Həmin paralel institutların fəaliyyəti zamanı tez-tez ziddiyyətlər yaranırdı və Əli Xamenei özünü bu problemləri həll edən əsas fiqur kimi təqdim etməyi bacarırdı. Onun qurduğu bu sistemə baxmayaraq, hakimiyyət daxilində narazılıqlar yaranır, cəmiyyət isə bir neçə dəfə etirazlara qalxırdı. Lakin hər dəfə sistem müəyyən elastiklik nümayiş etdirərək bu narazılıqların qarşısını almağa nail olurdu. Məsud Pezeşkianın prezident seçilməsi də müəyyən mənada İranda mövcud olan etnik qrupların narazılığını azaltmaq məqsədi daşıyan siyasi addım idi. Bu yolla etnik qruplar arasında yaranmış narazılıqları qismən aradan qaldırmaq planlaşdırılırdı. Müctəba Xameneinin isə müharibə şəraitində bu birliyi hansı formada təmin edə biləcəyi daha fərqli və mürəkkəb məsələdir. Çünki o, keyfiyyətcə fərqli bir siyasi və təhlükəsizlik mühitində fəaliyyət göstərəcək. Hazırda görünən odur ki, onu dəstəkləyən SEPAH daha radikal addımların tərəfdarıdır. Keçmişdə SEPAH-ın radikal addımlar atması üçün müəyyən dövrlər mövcud olub və Əli Xamenei bu vəziyyətdən öz siyasi strategiyasında istifadə edirdi. Eyni zamanda, lazım gəldikdə SEPAH-ın təsirini məhdudlaşdırır, parlament institutunu ön plana çəkərək siyasi diskursu daha çox institusional müstəviyə yönəldirdi. Düşünürəm ki, Müctəba Xameneinin qarşısında duran əsas çağırışlardan biri də SEPAH-ın imkanlarından istifadə etməklə yanaşı, zəruri məqamda onun təsirini balanslaşdırmaq bacarığı olacaq. Çünki yalnız kəskin və sərt addımlar vasitəsilə siyasi prosesləri uzunmüddətli şəkildə idarə etmək mümkün deyil. Əsas sual budur: plan nədən ibarətdir? Bunu dəqiq bilən varmı? Əslində, “plan üzrə gedir” ifadəsi kifayət qədər mücərrəd səslənir. Amma ortada müəyyən nəticələr var. Məsələn, İranın ali dini rəhbəri məhv edilib və onun ölümündən sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq sistemin dayanıqlılığı ilə bağlı müəyyən suallar yaranıb. Müharibənin dayandırılmasının tərəfdarları belə arqument irəli sürürlər ki, İranın siyasi sistemi artıq kifayət qədər zəiflədilib. Onların fikrincə, yaxın aylarda ölkə daxilində sosial-iqtisadi problemlərin dərinləşməsi fonunda İran cəmiyyəti öz mövqeyini ortaya qoyaraq sistemi daha da sarsıda bilər. Digər tərəfdən, ABŞ-ı narahat edən əsas məsələlər İranın raket proqramı, nüvə proqramı və proksi qüvvələrə verdiyi dəstəkdir. İstər 12 günlük müharibə zamanı, istərsə də sonrakı dövrdə ABŞ bu üç istiqamətdə müəyyən nəticələr əldə edib. Lakin demək olmaz ki, hər üç istiqamət üzrə məqsədlərə tam şəkildə nail olunub. İranda rejim köklü şəkildə dəyişərsə, ABŞ öz strateji məqsədlərinə daha asan çata bilər. Digər tərəfdən, müharibə şəraitində yeni seçilmiş liderin aradan götürülməsi ehtimalı da ABŞ-da müəyyən dairələrə belə bir ümid verir ki, bu yolla istədikləri nəticəni əldə edə bilərlər. Məhz buna görə də hazırda müharibənin dayandırılması ilə bağlı səsləndirilən bəyanatları tam əsaslı hesab etmək çətindir. https://globalinfo.az/esas-sual-budur-abs-in-iran-plani-neden-ibaretdir-bunu-deqiq-bilen-varmi-ferhad-memmedovla-musahibe/

İranın Naxçıvana zərbəsi və Azərbaycan Prezidentinin reaksiyası barədə… İranın Naxçıvana zərbəsi, Azərbaycan Prezidentinin reaksiyası və sonrakı hadisələr Azərbaycan cəmiyyətində gərginlik yaratdı. Avropadakı İranpərəst qruplar, İrandakı informasiya resursları Azərbaycana qarşı genişmiqyaslı informasiya kampaniyası aparır və burada artıq köhnəlmiş tezislərdən istifadə olunur: “Azərbaycanda İsrail hərbi bazaları”, casus şəbəkələri, diversiyalar və s. Təəssüf ki, Türkiyədə də bu kampaniyaya qoşulan çoxlu danışan başlar, keçmiş admiral və generallar tapıldı. Bu “ekspertlər” elə qorxuya düşüblər ki, onların donanmanı və hərbi hissələri necə idarə etdikləri təəccüb doğurur. Gəlin vəziyyəti və Azərbaycanın reaksiyasının səbəbini anlamağa çalışaq. Prezident İlham Əliyevin çıxışını diqqətlə dinləməyə dəyər: - İrana münasibətdə jestlər: Səfirliyi ziyarət, İran diplomatlarının Livandan təxliyəsinə yardım, Azərbaycan ərazisinin və hava məkanının İrana qarşı istifadəsinin yolverilməzliyi barədə bəyanat; - Azərbaycanın müharibəyə cəlb olunmaq niyyətində olmadığı barədə aydın bəyanat; - Qəzəbin açıq nümayişi və qabaqlayıcı addımların bəyan edilməsi; Çıxışın kəskin tonu Azərbaycan Prezidenti İlham Əliyev İranda qərar qəbul edən insanların anladığı dildə danışdı. Diqqət yetirin ki, artıq xeyli müddətdir İran ABŞ və İsrailin zərbələrinə cavab olaraq Körfəz ölkələrini vurur. Lakin bu müddət ərzində İran rəhbərliyində açıq-aydın fikir ayrılığı yox idi. Yalnız Prezident İlham Əliyevin kəskin bəyanatından sonra biz İran rəhbərliyində qonşulara zərbələr endirilməsi mövzusunda fikir ayrılığını görürük. Hərbi hazırlıqlar Bakı İrandakı daxili proseslər və İrandakı daxili qrupların Azərbaycana qarşı münasibəti barədə kifayət qədər məlumatlıdır. Azərbaycan DTX-nın Bakıda planlaşdırılan terror aktları barədə məlumatı ötən ilin payızına aiddir. Bunu operativ çəkilişdəki geyimdən də anlamaq olar. O zamankı məlumatda “xarici dövlət” qeyd olunurdu, indi isə konkret ad açıqlandı - SEPAH! İranın Naxçıvana zərbəsindən sonra Azərbaycan rəhbərliyinin əsas məqsədi Körfəz ölkələri timsalında olduğu kimi zərbələrin təkrarlanmamasıdır. Həm diplomatik missiyanın bağlanması, həm tranzit üçün sərhədin bağlanması, həm də təcavüzü dəf etmək üçün silahlı qüvvələrin 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməsi məhz bu səbəbdəndir. Yəni, Azərbaycan eskalasiya artdıqca həyata keçirilməli olan bütün addımları lap başlanğıcdan atdı. Bu, Azərbaycan mövqeyinin ciddiliyinin göstəricisi və Tehrana, İrandakı bütün qruplara zərbələrə davam etməmək barədə açıq siqnaldır! Azərbaycan rəhbərliyinin atdığı addımlar İranın növbəti zərbəsini yaxınlaşdırmır, əksinə onun həyata keçirilməsi halında fəsadlarını minimuma endirir. Əgər İranda kiminsə Azərbaycana növbəti zərbələr endirmək niyyəti varsa, Bakının heç bir addımı onları dayandıra bilməz. Bu qrupları yalnız daxili qruplararası qarşıdurma dayandıra bilər. Azərbaycanın addımları isə vəziyyətə uyğun olaraq adekvatdır və İrandakı daxili qruplara açıq mesajdır. Vəziyyət son dərəcə mürəkkəbdir və bu gün İranda formalaşmış bir çox dəyişənlərdən asılıdır. İranın və onun rəhbərliyindəki qrupların gözlənilməzliyi onun qonşuları üçün təhlükə yaradır. Bu təhlükələrə qarşı hazırlıqlı olmaq, zərbələri qəbul edib onlara alışmaqdan daha yaxşıdır. Bir sözlə, bizi çətin bir dövr gözləyir və bu dövrü regiondakı mövqelərimizi qoruyaraq keçməliyik. @cssc_cqtm

Xamneyi öldü, yaşasın Xamneyi... Nəhayət, İranın yeni ali dini rəhbəri məlum oldu. Bu vəzifəyə öldürülən Əli Xamneyinin oğlu Müctəba seçildi. Heç kim Ekspertlər Şurasının iclasını və səsvermə prosesini izləyə bilmədi. Müctəba ali dini rəhbər təyin edilsə də, o ən yüksək dini rütbəyə malik deyil. Hələ ki, İranda real gücə malik qrupların heç biri seçkinin nəticələri şübhə altına almayıb. Amma bu, mümkündür. Belə ki, müxtəlif informasiya resurslarında Müctəbanın namizədliyinə qarşı olanların mövcudluğu barədə məlumatlar yayılırdı. Ən azından, İranın hakimiyyət iyerarxiyasını bərpa etmək şansı var, lakin bunu müharibə və kütləvi xəyanət şəraitində etmək olduqca çətindir. ABŞ yeni rəhbərlə danışıqlar aparmağa cəhd edə bilər, yəqin ki, buna bir neçə gün vaxt ayıracaq, lazımi mesajları çatdırıb cavab gözləyəcək. Bu iki gün ərzində İranda Xamneyinin rəhbərliyi ilə razılaşmayan daxili qruplar tərəfindən ABŞ-yə müəyyən təkliflər verilə bilər. Xamneyinin danışıqlardan imtina edəcəyi təqdirdə, o, növbəti hədəfə çevriləcək. Azərbaycana gəlincə, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevə zəngi eskalasiyanın azaldılmasına ümid yaradır. Lakin yeni ali dini rəhbərin Azərbaycana münasibətdə mövqeyini anlamaq lazımdır. Bu zəngə Müctəba Xamneyi tərəfindən icazə verilibmi?! Hazırki şəraitdə isə Pezeşkianı İranda tamamilə nüfuzdan salmaq məqsədilə Azərbaycana zərbə təkrarlana bilər. @cssc_cqtm

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində İranda baş verən hadisələrə dair müzakirələrdə iştirak edib və öz fikirlərini bölüşüb. Daha ətraflı: https://youtu.be/JarGzoyLjDw?si=W1igAtEQZvUEzlUq

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas sual” verilişində “Qanlı müharibənin 5-ci ili” mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı:  https://www.youtube.com/live/6_9QjQa73uI?si=amcDCAzqMm5XLEdM

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Azərbaycanlılarla ermənilərin barışığı mümkündürmü və sülh Azərbaycana niyə lazımdır?" mövzusundakı müzakirələrdə iştirak edib və öz fikirlərini bölüşüb. Daha ətraflı: https://youtu.be/zONpJAX997w?si=pTXOHcAaLXtsoRQY

"Sülh Körpüsü" çərçivəsində Ermənistandakı son görüş haqqında... "Sülh Körpüsü" təşəbbüsünün bir hissəsi olaraq, Azərbaycan v
+7
"Sülh Körpüsü" çərçivəsində Ermənistandakı son görüş haqqında... "Sülh Körpüsü" təşəbbüsünün bir hissəsi olaraq, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin daha bir görüşü baş tutub. Bu dəfə hər iki tərəfdən beş təşəbbüs üzvünə əlavə olaraq, iştirakçıların sayı artırılıb və toplam 39 nəfərə çatdırılıb. Sərhəd məsələsi sülh gündəliyinin nailiyyətlərindən biri olduğu üçün Azərbaycandan olan iştirakçılar Ermənistana delimitasiya edilmiş və demarkasiya olunmuş quru sərhədi ilə keçiblər. Keçid proseduru sərhəd və gömrük nəzarətindən ibarət olub. COVID-19 məhdudiyyətləri səbəbindən keçid üçün rəsmi icazə alınıb. Azərbaycan nümayəndə heyəti Ermənistanda təxminən 35 saat keçirib. Bu vaxt dörd saatlıq hotel gediş-gəlişi transferi, dörd müzakirə sessiyası, rəsmilərlə iki görüş, mətbuat konfransı və daimi qeyri-rəsmi dialoqu əhatə edib. İşçi dillər ingilis və rus dilləri olub. Ermənistan mediası üçün keçirilən mətbuat konfransında erməni nümayəndələr öz dillərində, azərbaycanlı nümayəndələr isə Azərbaycan dilindən tərcümə olmadığı üçün rus dilində çıxış ediblər. Tədbir çərçivəsində proqramdakı mövzular və cəmiyyətlərimizi narahat edən məsələlər müzakirə olunub, sülh gündəliyinə yanaşmalar, maneələr və çətinliklər, eləcə də gələcək fəaliyyətlər izah edilib. Forma və məzmun Görüşdə həm dialoq platformalarında təcrübəyə malik mütəxəssislər, həm də ilk dəfə bu tipli tədbirlərə qatılanlar iştirak ediblər. Tərəflər arasında nailiyyətlər, gözləntilər, çətinliklər və fikir ayrılıqları barədə səmimi dialoq aparılıb. Bu gün təhlükəsizliyin təmin edilməsi, müstəqilliyin və suverenliyin artırılması və sülh gündəliyindən faydalanmaq baxımından Azərbaycan və Ermənistan cəmiyyətlərinin gözləntiləri demək olar ki, üst-üstə düşür. Sülh gündəliyi artıq bir çox nailiyyətlər əldə edib, lakin gözləntilər artır, qeyri-müəyyənliklər davam edir və bir çox problemlər hələ də qalmaqdadır. "Sülh Körpüsü" təşəbbüsü ikitərəfli dialoqu rəsmiləşdirmək cəhdidir; dialoqun mümkün olduğunun və müəyyən bir məqamda hətta institusional forma ala biləcəyinin nümayişidir. İş iki istiqamətdə davam edir: Cəmiyyətlərimizlə ünsiyyət və birgə fəaliyyətlər. Nələrsə alınır, nələrsə işə yaramır... və bu normaldır. Şübhəsiz ki, Ermənistandakı parlament seçkiləri bir dönüş nöqtəsi olacaq və bundan sonra sülh gündəliyinin genişləndirilməsi, dərinləşdirilməsi, yaxud da əldə edilən nailiyyətlərdən geri çəkilmək barədə müzakirələr aparmaq mümkün olacaq. Bu gün yüksək səviyyəli siyasi dialoq və artan iqtisadi qarşılıqlı əlaqə ilə yanaşı, vətəndaş cəmiyyəti səviyyəsində ikitərəfli dialoq da öz formasını alır. Sülh mümkündür! Gələcək dünyanın parametrləri artıq formalaşır. Azərbaycan sülh gündəliyinə sadiqdir və milli maraqları çərçivəsində addımları ardıcıl olaraq həyata keçirəcək. Cəmiyyətdə sülh gündəliyinin təşviqi səbir və məsuliyyət tələb edən uzunmüddətli iş olacaq. Elə bir vəziyyət yaranıb ki, artıq hökumətlər dayanmaq qərarına gəlib... və sülh gündəliyini dəstəkləyən cəmiyyətlərin nümayəndələri dialoq və birgə fəaliyyəti qurmağa çalışır. Bu cür səfərlər hökumət resurslarının toparlanmasını, iştirakçıların təşəbbüsünü və konstruktiv fəaliyyəti tələb edir. Bu baxımdan səfər iştirakçılarına, təhlükəsizliyi təmin edən və dialoq üçün şərait yaradan qurumlara minnətdarlığımızı bildiririk. @cssc_cqtm

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "ABŞ Cənubi Qafqazda nəyi dəyişir?" mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı: https://www.youtube.com/watch?v=VotBRDPHBCI

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Sülhə doğru addım: Əliyev-Paşinyan görüşünün pərdəarxası" mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı:  https://www.youtube.com/watch?v=RSukVLYiRKM&t=30s

Azərbaycanın öz iradəsinə qarşı cəlb oluna biləcəyi müharibələr Cənubi Qafqaz münaqişə potensialı çox yüksək olan bir bölgədir. Bu region qitələr, hərbi-siyasi və iqtisadi bloklar, böyük və güclü qonşular arasında sərhəd rolunu oynayır. Azərbaycan otuz il ərzində Ermənistanla münaqişə vəziyyətində olub. Ərazisini işğaldan azad etməklə ilə yanaşı, Bakı əsasən Rusiya, daha az dərəcədə isə ABŞ və Avropa tərəfindən tətbiq edilən münaqişə yolu ilə idarəetmə taktikasının buxovlarından azad olmaq üçün səylər göstərib. İşğal olunmuş ərazilərə və Ermənistanla münaqişəyə baxmayaraq, Azərbaycan maksimum suverenliyə və toparlanmağa nail olub. 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin antiterror tədbirləri regionda dəyişikliklər üçün şərait yaradıb və bu dəyişikliklər region ölkələrinin əsas rol oynadığı dinc atmosferdə baş verir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: "... Əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq". Ermənistanla sülh gündəliyi genişlənir və dərinləşir. 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri sülh prosesinin geridönməz nöqtəsi olmalıdır. Lakin Cənubi Qafqaz ətrafında və ümumiyyətlə beynəlxalq münasibətlərdə Azərbaycanı müharibəyə cəlb edə biləcək proseslər cərəyan edir. Mümkün ssenariləri onların aktuallıq sırası ilə nəzərdən keçirməyə çalışacağıq. İran - ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatlar. 2025-ci ilin 12 günlük müharibəsi zamanı Cənubi Qafqaz aktiv hərbi əməliyyatlardan kənarda qaldı. Hazırkı zərbələrin İran rejimini dəyişdirməyi hədəfləyə biləcəyini nəzərə alsaq, İran hakimiyyəti müharibəyə fərqli yanaşa bilər. Ən azı, son müharibənin təcrübəsinə əsaslanaraq, zərbələr İranın hərbi və siyasi rəhbərliyinə qarşı təxribatla başlayacaq ki, bu da yeni şəsxlərin vəzifəyə gəlməsi ilə nəticələnə bilər. Onların qərarları isə son dərəcə gözlənilməz olmaqla yanaşı, Azərbaycana da təsir edə bilər. - İranda vətəndaş müharibəsi. Mövcud hökumətin tərəfdarları ilə onların müxtəlif rəqibləri arasında qarşıdurma halında sərhəd bölgəsində xaos mümkündür. Belə ki, sərhədi düşmənin sıxışdırılmalı olduğu bir nöqtə kimi qəbul edəcək nəzarətsiz silahlı qrupların yaranması ehtimalı var. Azərbaycan burada ön cəbhə ola bilər və Bakı sərhəd təhlükəsizliyini qorumaq üçün cavab verməli olacaq. Rusiya - Cənubi Qafqaz ölkələrindən birinə birbaşa hərbi müdaxilə və ya Venesuelaya bənzər xüsusi hərbi əməliyyatın təkrarlanması. Düzdür Rusiyanın ukraynadakı xüsusi hərbi əməliyyatı uğursuz olur və nəticədə ənənəvi təcavüzkar müharibəyə çevrildi. Lakin Ukraynadakı yarımçıq “nailiyyətlərə” baxmayaraq, bu ssenari aktual olaraq qalır. - Putin və Tramp arasında münasibətlər pisləşərsə, Rusiya ABŞ-nin təhlükəsizlik öhdəlikləri olmayan bölgələrdə cavab verməli olacaq. Sadə dillə desək, əgər Rusiya Cənubi Qafqaz ölkələrindən birini işğal edərsə, ABŞ Kremli nüvə silahı ilə təhdid etməyəcək. Ermənistan - Rusiyapərəst qüvvələr Ermənistandakı parlament seçkilərində qalib gələrsə, Rusiya müttəfiqlik öhdəliklərinin bir hissəsi olaraq Ermənistandakı hərbi mövcudluğunu artıra və vəziyyəti gərginləşdirmək üçün sərhəd mübahisələrindən istifadə edə bilər. - Ən ekstremal ssenari budur ki, Rusiyapərəst qüvvələrin seçkilərdə məğlub olmasına baxmayaraq, Rusiya onları qalib və qanuni hakimiyyət kimi tanıya və hərbi müdaxilə üçün müraciətlərindən istifadə edə bilər. Hərçənd, hazırda Moskvanın belə riskli bir variant üçün resursları çatışmır. Türkiyə Azərbaycan Türkiyənin hərbi və siyasi müttəfiqidir, tələb olunarsa hərbi yardım göstərmək öhdəliyi daşıyır. Əksər hallarda bu müqavilələr Türkiyənin Azərbaycana hərbi yardımı kimi qəbul edilir, lakin mövcud tarixi dövr Azərbaycanın Türkiyəyə hərbi yardımını da aktuallaşdıra bilər. NATO-nun dağılması Qara dənizdə və Şərqi Aralıq dənizində təhlükəsizlik boşluğu yaradacaq. Cari vəziyyət Türkiyə üçün əlverişli şərait yaratsa da, Yaxın Şərq hələ də qeyri-sabitlik ocağı olaraq qalır. @cssc_cqtm

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "ABŞ İranı vuracaqmı? İranda yaşayan soydaşlarımız hansı təhlükələrlə üzləşə bilər?" mövzusunda fikirlərini bölüşüb. Daha ətraflı:  https://youtu.be/ENNDxFY5q_o?si=HMVGQ5BXZbfqhgkw

İranda etirazlar və Azərbaycan Respublikası İrandakı etirazlar ölkədəki sistemli böhranın nəticəsidir. İran rejimi etirazları qan içində boğmaq üçün qanlı tədbirlərə əl atıb. Sistemli böhran bütün digər böhran növlərindən fərqlənir, çünki bəzi iştirakçılar qarşıdurma səviyyəsini mövcudluq problemi hesab edirlər. İranın ali lideri Xamenei və SEPAH rəhbərliyi mövcudluqları uğrunda mübarizə aparırlar. İranın qanuni lideri olan prezident bu qrupun bir hissəsi deyil, lakin o, ali liderin gündəliyinə tabe olmağa məcburdur. Prezident Pezeşkian hətta etirazları yönləndirməyə çalışır, lakin onun son bəyanatları bu cəhdin uğursuz olduğu təəssüratını yaradır. Beləliklə, ilk etiraz dalğasına hakimiyyət qəddar tədbirlərlə cavab verdi. İkinci etiraz dalğasının olub-olmamasından çox şey asılıdır! Etirazlar uzanacaqmı?! Hərəkat Pəhləvinin qorxaq oğlundan başqa bir sima qazanacaqmı?! Hələ ki, etirazlar kritik həddə çatmayıb. Bu, daxili amildir. Amma vəziyyətə təsir göstərə biləcək xarici amillər də var. Məsələn, ABŞ və İsrailin mümkün addımlarını xarici amillər kimi qeyd etmək olar. Gəlin onların İranla bağlı məqsədlərinə nəzər salaq. ABŞ-nin məqsədləri: • İranın raket proqramını məhv etmək. • İranı Çinlə ittifaqdan ayırmaq. • İranı regionda proqnozlaşdırıla bilən bir dövlətə çevirmək. İsrailin məqsədləri: • İrandan gələn təhdidləri (onun raket proqramını) minimuma endirmək üçün tarixi bir fürsət (Suriya və İraq vasitəsilə sərbəst hava dəhlizi var ikən). • İranda vətəndaş müharibəsi ilə dövlətin resurslarını ölkə daxilində lokallaşdırmaq (lakin bu, həm də ən gözlənilməz vəziyyətlər yarada bilər). • İranı regionda proqnozlaşdırıla bilən bir dövlətə çevirmək. Beləliklə, ABŞ və İsrail İranın raket proqramını məhv etmək məqsədini bölüşürlər. İranda etirazları yumşaltmaq yalnız ali liderin və SEPAH rəhbərliyinin aradan qaldırılması yolu ilə mümkündür. Etirazların ikinci dalğası başlayarsa, Tramp administrasiyası buna əl ata bilər. Türkiyənin yanaşması Ankara İranın çöküşündə, buradakı vətəndaş müharibəsində, yaxud İranın aciz bir dövlətə çevrilməsində maraqlı deyil. Türkiyə etirazların ikinci dalğasını gözləyəcək və seçilmiş, qanuni İran hakimiyyəti - Prezident və hökumətlə öz siyasətini davam etdirəcək. Vətəndaş müharibəsi və ya aciz dövlət ssenarisinin reallaşacağı halda Türkiyə reaksiya verməyə və proseslərdə iştirak etməyə məcburdur, çünki burada sərhəd bölgə və humanitar vəziyyətdir amilləri var. Azərbaycanın mövqeyi Azərbaycanın mövqeyi Türkiyənin mövqeyi ilə eynidir. Azərbaycan cəmiyyəti İrandan gələn xəbərlərə emosional reaksiya verir. Lakin başa düşmək lazımdır ki, Bakı ilə Tehran arasındakı münasibətlərin səviyyəsi elədir ki, Bakı İranın daxili işlərinə qarışa bilməz, çünki Tehranın öz işlərinə qarışmamasını tələb edir. Hazırkı şəraitdə Azərbaycanın İrana qarşı hərbi əməliyyatlarda və ya etirazlara təsir mexanizmlərində iştirakı istisna olunur! Azərbaycan sabit və proqnozlaşdırıla bilən İranda maraqlıdır. Azərbaycan İsrail ilə güclü münasibətlərə malikdir və həmçinin ABŞ ilə keyfiyyətcə yeni münasibətlər inkişaf etdirir. Lakin İrana qarşı hərbi əməliyyat mövzusu əvvəllər də olmadığı kimi, bu münasibətlərin gündəliyində ola bilməz və olmamalıdır. Digər tərəfdən, İran bu vəziyyətdən necə çıxacaq?! Bakının mövqeyi bundan asılıdır. Biz Bakının təsir göstərə bilmədiyi və buna çalışmadığı hadisələrin nəticələri ilə üzləşəcəyik. Etirazlar sakitləşərsə, ölkənin qanuni rəhbərliyi ilə qarşılıqlı əlaqə davam edəcək. Vətəndaş müharibəsi və aciz dövlət ssenarisi halında, İrandakı azərbaycanlılar məsələsi tamamilə fərqli çalarlar qazanacaq və Bakı öz təhlükəsizliyini təmin etmək üçün istənilən kontekstdə həmvətənlərini dəstəkləyə bilər. İrandakı mövcud vəziyyət imkanlardan daha çox təhdid yaradır. Belə vəziyyətlərdə öz təhlükəsizliyini təmin etmək vacibdir. 2026-cı ilin əvvəli Azərbaycan və Türkiyə arasında, ən azı Hərbi Hava Qüvvələrinin iştirakı ilə təlimlərlə başlaya bilər. @cssc_cqtm

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsində toxunduğu xarici siyasətin aktual mövzularına dair öz fikirlərini bölüşüb. Daha ətraflı: https://youtu.be/Y0Fqw7nzE2k?si=BR47aUYokL7FYPiy

Sülh prosesinə kənar təsirlər və bununla nə etməli?! Cənubi Qafqaz, bir qayda olaraq, münaqişəyə yüksək dərəcədə həssas olan bir bölgədir. Coğrafiya, tarix, iqtisadi potensial (nəqliyyat yolları və enerji) və qonşuluq - bütün bunlar xarici aktorlar arasında region uğrunda daimi rəqabət üçün zəmin yaradır və bəzən bu rəqabət açıq qarşıdurmaya keçir. Başlanğıc üçün, münaqişənin intensivliyinə əsasən, regionda kimin kiminlə rəqabət apardığını və rəqabətin mövzusunu (geosiyasi, iqtisadi, hərbi-siyasi amillər) müəyyən edək: Üç qonşu - Türkiyə, Rusiya, İran... Bir-biri ilə rəqabət aparır, situativ tərəfdaşlıq edirlər. Burada rəqabətin bütün komponentləri - geosiyasi, hərbi-siyasi və iqtisadi ölçüləri mövcuddur. Bu münasibətləri rəqabətli tərəfdaşlıq kimi xarakterizə edək. Region qonşularının bir-biri ilə ünsiyyət kanalları və geniş ikitərəfli münasibətləri mövcuddur. Cənubi Qafqaz isə maraqların qovuşduğu bölgələrdən biridir. Aİ vs Rusiya - geosiyasi və iqtisadi rəqabət. Qarşıdurmanın ortamüddətli xarakterini nəzərə alsaq, rəqabətin yalnız güclənəcəyi gözlənilir. ABŞ vs Rusiya - geosiyasi və iqtisadi rəqabət. Prezident Trampın rəhbərliyi altında münasibətlər qarşıdurmadan rəqabətli tərəfdaşlığa keçə bilər. ABŞ vs İran, İsrail vs İran - geosiyasi və hərbi komponentlər. ABŞ, İsrail və İran arasındakı münasibətlər birbaşa hərbi münaqişənin zirvəsindədir. Lakin Cənubi Qafqaz münaqişə zonasından kənarda qalır. Hindistan vs Pakistan - geosiyasi və müəyyən dərəcədə iqtisadi. Cənubi Qafqaz bu ölkələr üçün uzaq bölgə olaraq qalır. Lakin hər iki ölkə Azərbaycan və Ermənistanın militarizasiyasında iştirak edir və beynəlxalq təşkilatlardakı mövqelərindən regiondakı rəqabətləri üçün istifadə edir. Çin vs ABŞ - geosiyasi və iqtisadi. Cənubi Qafqaz nəhənglər üçün üçüncü dərəcəli məkandır. Lakin ABŞ və Çin regiona daha çox cəlb olunduqca rəqabət nəzərə çarpır. Fransa vs Türkiyə, Yunanıstan vs Türkiyə - geosiyasi. Paris və Afina davamlı olaraq Şərqi Aralıq dənizində Ankaraya qarşı koalisiyalar yaratmağa çalışır və burada Ermənistan üçün də yer hazırlanır. İsrail vs Türkiyə - geosiyasi. Yaxın Şərqdə davam edən qarşıdurma müntəzəm olaraq Cənubi Qafqaza, xüsusən də Azərbaycana təsir göstərir. Azərbaycan və Ermənistan arasında sülh gündəliyi region üçün yeni parametrlər yaradacaq və xarici aktorlar arasında rəqabət ya güclənə, ya da mənasızlaşa bilər. Hazırda xarici aktorlar sülh gündəliyinə nəzər yetirirlər. Bəziləri prosesdə iştirak edir, bəziləri onun nəticələrinin həyata keçirilməsinə hazırlaşır, digərləri isə münaqişələrin idarə olunmasından başqa maraqlarını reallaşdırmağın alternativ yollarını görməyərək sülhə müqavimət göstərməyə çalışırlar. Xarici aktorlar tərəfindən güc proyeksiyasını qadağan etmək mümkün deyil, onların niyyətlərini görməzdən gəlmək də mümkün deyil. Lakin, bu güc proyeksiyasını onun həyata keçirilməsi üçün çərçivə yaratmaq və praqmatik yanaşmadan istifadə etməklə idarə etmək mümkündür. Azərbaycan və Gürcüstan daha güclü xarici aktorların güc proyeksiyasını milli maraqlarla uzlaşdırmaqda geniş təcrübəyə malikdirlər. Bu gün Azərbaycan və Ermənistan arasında, sonradan isə üçtərəfli səviyyədə bu çərçivənin formalaşdırılması ən aktual məsələdir. Söhbət faktiki olaraq regional ölkələr arasında qarşılıqlı əlaqə prinsiplərinin yaradılması, xarici aktorların riayət etməyə məcbur olacağı oyun qaydalarının müəyyən edilməsindən gedir. TRIPP layihəsi bu kontekstdə nümunəvidir. Azərbaycan və Ermənistan ABŞ-nin kommunikasiyaların açılması layihəsində iştirakı barədə ikitərəfli razılığa gəliblər. TRIPP-in uğuru Əsrin Müqaviləsinin uğurunu təkrarlaya bilər və etməlidir. Xarici aktorların regional ölkələrdən vasitə kimi istifadə edərək digər aktorlarla rəqabəti daha da dərinləşmək istəyi və resursları ola bilər, lakin buna imkanları olmamalıdır. Ölçüsündən və gücündən asılı olmayaraq xarici aktorlar regional ölkələrin müəyyən etməli olduqları proseslərin qaydalarını və çərçivələrini anlamalıdırlar. @cssc_cqtm