Allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığı, reaksiyasıdır. Bu, immun sisteminin patalogiyasıdır. Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir. Pollinoz bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Buna fəsli xəstəlik də deyilir. Pollinozun əlamətləri ilin müxtəlif fəsillərində gözlərin ətrafının, burnun qaşınması, çoxlu sayda asqırma, burnun tutulması kimi özünü göstərir. Bu xəstəlik əsasən yaz, yay və payız aylarında üzə çıxır, qışda isə yox olur. Həmin fəsillər başlananda xəstəlik də yenidən baş qaldırır.

SEMdə müxtəlif tozcuqları görünüşü. Polenler ən bilinən alerjenlerdendir.
Allergik xəstəliklərin digər növü il boyu davam edən allergik rinitdir. Onun törədiciləri məişət allergenləri – ev tozu, kitab tozu, məişət gənəcikləri və digərləridir. Bu, sifətin, burnun qaşınması, asqırma, burun tutulması və axması əlamətləri ilə müşayiət olunur. Allergik xəstəliyin başqa növü bronxial astmadır. Lakin bronxial astmanın bütün növləri allergik xəstəlik deyil. Onun yalnız bir forması – atopik bronxial astma allergik bronxial astmadır. Onun törədiciləri bitki, məişət tozları, epidermal allergenlər, yəni heyvan tükü, kəpəyi, yunu, təbii iqlim şəraiti, insanın işlədiyi və ya düşdüyü qoxulu mühitdir. Atopik bronxial astmanı törədən allergenlərdən uzaqlaşdıqda xəstəlik də yox olub gedir. Bütün allergik xəstəliklər üçün ən xarakter bir əlamət var: allergenlərlə təmasda olanda xəstəlik baş qaldırır, onlardan uzaq olduqda xəstəliyin əlamətləri də keçib gedir.
Qida allergiyası zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Meyvə-tərəvəz, bostan bitkilərindən, sitrus meyvələrindən, süd, bal, bişmiş yeməklərdən, şirniyyat məhsullarından və digər qida məhsullarından bu xəstəliyə tutulmaq mümkündür.

Toz axar.
Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır. Bu xəstəlik hazırda ən ciddi problemlərdən birinə çevrilmişdir. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir. Bu xəstəlik əsasən həkimin təyinatı olmadan özbaşına dərman qəbul edildiyi, orqanizmdə digər xəstəliklər olduğu halda və onlar nəzərə alınmadan həblər qəbul edildiyi zaman baş verir. Belə vaxtda xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilər.
Dərman allergiyasını yaradan bir səbəb də əhalinin həddindən artıq dərman qəbul etməsidir. Uzun illərin allerqoloqu kimi məsləhətim odur ki, əhali imkan daxilində dərmanlardan uzaq olsun.
Ümumiyyətlə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi növləri fəsli xarakter daşıdığından əsasən yaz, yay və payız aylarında özünü daha qabarıq göstərir. Qida allergiyasına tutulmalar meyvə-tərəvəzin bol olduğu yay aylarında daha çox olur. Hər kəs hansı meyvənin, tərəvəz, bostan bitkisinin ona allergiya verdiyini bilməli və onu qəbul etməməlidir. Bəzən əhali müxtəlif səbəblərdən dəridə baş verən hər hansı şişmə, səpmə və qızarmanı allergiya hesab edir. Bu, allergiyanı həddindən artıq şişirtməkdir. Dəri xəstəliklərinin 90 faizi, o cümlədən qoturluq, fotodermatoz da qaşınma verir. Məsələn, yayda günün ultrabənövşəyi şüaları bədənin açıq yerlərinə dəyərək onu qıcıqlandırır və bu zaman səpki, qızarma və qaşınma baş verir. Bu, allergiya deyil, dəri xəstəliyi olan fotodermatozdur. Belə hallar baş verərkən özbaşına dərman qəbul etməkdən uzaq olmaq və həkimə müraciət etmək lazımdır. Yalnız həkimin qoyduğu düzgün diaqnoz və ona münasib təyin etdiyi müalicə nəticəsində sağlamlığınızı bərpa edə bilərsiniz.
🤧