901
订阅者
-124 小时
-17 天
无数据30 天
帖子存档
🇳🇴 Deyəsən, Norveç yığması ABŞ yeməyinə etibar etmir.
🇳🇴 Norveçlilər futbol üzrə dünya çempionatına öz yeməyini özləri gətiriblər. Skandinavlar Amerikaya 300 kilo balıq, 116 kilo pendir və 6 min ədəd portağal gətiriblər.
✅ Ermənistan parlamentinə ilk seçkilər 1919-cu ildə keçirilib.
✅ Seçkilərdə “Daşnaksütyun” 90 faiz səs toplamışdı. Maraqlıdır ki, həmin vaxt Ermənistan parlamentinə azərbaycanlılar da seçilmişdi. İndiki prizmadan baxanda bu, qəribə görünsə də, o zaman üçün kifayət qədər normal hadisə idi. Axı hazırkı Ermənistan ərazisində yüz minlərlə azərbaycanlı yaşayırdı. Ermənistan parlamentinə 80 deputat seçilmişdi. Onlardan 2-si azərbaycanlı idi.
✅ Azərbaycanlı əhalinin Ermənistan parlamentindəki yeganə səsləri Mir Bağır Mirbabayev və Əsəd bəy Ağabababəyov idilər.
✅ 1918-ci ilin bu günü Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında Batum müqaviləsi imzalanmışdı. Beləcə, Osmanlı AXC-i rəsmi olaraq tanımışdı.
✅ Həmin gün Osmanlı Gürcüstan və Ermənistanla da müqavilələr imzalamışdı. Ermənistanla imzalanmış sazişdə bir məqam diqqətimi çəkdi. Orada deyilir ki, Ermənistanda bütün müsəlmanların din və adətlərinə hörmət edilməlidir. Osmanlı padşahının adı Ermənistan məscidlərində, xütbələrdə zikr olunmalıdır. Baş müfti İrəvanda oturacaq ve Ermənistandakı müsəlmanların hüququnun digər dinlərə mənsub şəxslərdən az olmamasına nəzarət edəcəkdi.
✅ Maraqlıdır ki, bu barədə yazan professor Enis Şahin öz məqaləsini “Osmanlı’nın ‘Unutulmuş Son Diplomasi’ Zaferi” adlandırıb.
@sakit_redaktor
✅ Milyonçu Şəmsi Əsədullayevin nəvəsi Züleyxa Əsədullayeva yazır ki, “Anamın 18 qulluqçusu və bir ləzgi aşpazı var idi. Bütün bunlara baxmayaraq, anam heç vaxt bizə icazə verməzdi ki, qulluqçulara əmr edək. Bizə öyrətmişdi ki, həmişə nəzakətli olaq və bütün xahişlərimizi "zəhmət olmasa" ifadəsi ilə başlayaq”.
✅ Maraqlıdır ki, adam çox oxuduğu, filmlər izlədiyi, podkast dinlədiyi məsələlər haqqında nə qədər çox yeni məlumat əldə edirsə, bir o qədər həmin mövzuya az bələd olduğunu anlayır.
✅ Bu günlərdə 1919–1921-ci illərdə baş vermiş Rusiya–Polşa müharibəsi haqqında mühazirə dinlədim. Həmin müharibə Polşanın qələbəsi ilə bitmişdi. Özü də maraqlıdır ki, bolşeviklər Varşavaya qədər gəlib çatmış və qələbənin bir addımlığında məğlub olmuşdular.
✅ Həmişə tarixçilər deyirdilər ki, bolşeviklər gərək bütün qüvvələri birləşdirib Varşavaya hücum edərdilər. Bunun əvəzinə Lvov istiqamətində də ayrıca cəbhə açılmışdı. Mühazirəni deyən tarixçi danışır ki, son illərdə bunun səbəbi bilindi. Səbəb də unikal səbəbdir!
✅ Deməli, o vaxt Lvov istiqamətinə gedən qoşunun siyasi rəhbərliyində Stalin də vardı. 1920-ci ilin iyulunda Lenin Stalinə teleqram vurur ki, o tərəfə getmişkən İtaliyanı da tuta bilərsiniz? Bəli, bəli! İtaliyanı!
✅ Stalin də cavab verir ki, yolüstü Rumıniya, Macarıstan, Çexiyanı da tutarıq. Qayıdanbaşı İtaliyanı da ələ keçirərik. Sən iştaha bir bax!
✅ Bütün bu planlar təbii ki, baş tutmadı. Çünki İtaliya bir yana, bolşeviklər heç Polşanı işğal etməyi bacarmadı.
🇦🇿 Azərbaycan tarixində onlarla dövlət olub: Albaniya, Şirvanşahlar, xanlıqlar və s. Biri əsrlərlə, biri on illərlə yaşayıb. Amma maraqlıdır ki, tariximizdə cəmi 23 ay yaşamış dövlətə qarşı xüsusi hörmət, xüsusi sevgi var...
🇦🇿 Azərbaycan Xalq Cümhuriyyəti bu sevgini niyə qazanıb? Onlarla səbəb göstərmək mümkündür. Səbəblərdən birini deyim: Həmin dövləti quranların əksəriyyətinin niyyəti elə səmimi, elə içdən idi ki, bunu indiyə kimi hiss edirik.
🇦🇿 Atasından pul istəyən Nəsib bəyi, ömrü boyu bir pencəkdə gəzən Xudadat bəyi, ağır mühacirət illərində amalından dönməmiş Əlimərdan bəyi olub həmin dövlətin. Vətəndən ayrı düşsə də, həyatının sonuna kimi müstəqillik uğrunda mübarizə aparan lideri — Məhəmməd Əmin Rəsulzadəsi olub həmin cümhuriyyətin.
🇦🇿 Azərbaycan Respublikası məhz belə təməllər üzərində qurulub. Və buna görə də biz Azərbaycan Xalq Cümhuriyyəti ilə fəxr edir, həmin dövlətin yarandığı günü Müstəqillik Günü kimi bayram edirik.
🇦🇿 Bayramımız mübarək olsun!
✅ RƏSMİ!
✅ Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.
✅ Azərbaycan Dəmir Yolları yazıb ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlər yaxın zamanda satışa təqdim olunacaq.
✅ Ümumdünya Şəhərsalma Forumuna gələn qonaqlardan biri - Fələstinin Yerli İdarəetmə naziri Sami Həccavi bildirib ki, o, Bakıda təhsil alıb və 10 il Yasamalda yaşayıb.
✅ Kitab yazarkən bir sıra məqamları araşdırmaq çox çətin idi. Onlardan bəzilərini bölüşmək istərdim.
✅ Azərbaycan Xalq Cümhuriyyəti dövründə — 30 yanvar 1920-ci ildə hərbi ordenlərin layihələrinin hazırlanması haqqında qərar qəbul edilmişdi. Müsabiqəyə “Müstəqillik” ordeninin 100-ə yaxın eskizi təqdim olunmuşdu. Həmin eskizlərə baxanda bəzi məsələləri anlamadım.
✅ Məsələn, eskizlərdən birinin üstündə “Yuliya devizi altında Müstəqillik ordeni” yazılıb. Kimdir bu Yuliya? Nəyə görə onun adı yazılıb? Bilmədim, açığı.
✅ Daha sirli bir məsələ: Orden eskizlərinin birində “1857-ci il devizi altında” sözləri var. Nə qədər axtarsam da, həmin ilin niyə bu qədər əhəmiyyətli olduğunu anlamadım.
✅ Yazdığım məsələlərə dair bir fikriniz varsa, bölüşsəniz, sevinərəm.
🟥 1920-ci ilin bu günü Azərbaycan Sovet Sosialist Respublikası yaradılmışdı. Bir neçə gün sonra — mayın 5-də Lenin Azərbaycanın Sovet hökumətinə teleqram göndərmişdi. Teleqramda “Yaşasın MÜSTƏQİL Azərbaycan Sovet Respublikası“ sözləri də yazılmışdı. Leninin bu teleqramı yerli bolşeviklər tərəfindən Azərbaycan SSR-in RSFSR tərəfindən tanınması kimi qarşılandı.
🟥 Bir müddət sonra Azərbaycanın tamamilə Rusiyanın tərkibinə daxil edilməsi məsələsi qalxanda Nəriman Nərimanov Leninə məktub yazacaqdı: “Əziz Vladimir İliç, məgər " müstəqil Azərbaycan" Sizin dilinizdən çıxmamışdırmı?... "
+2
✅ Sovet dövründə Azərbaycanda nə qədər və hansı tirajla kitabların çap olunduğuna heyrət edirəm. Məsələn, 1959-cu ildə “Bir qalanın sirri” filmi çəkilib. Filmdə Elşən rolunu Gündüz Abbasov canlandırıb.
✅ Ekran əsərinin çəkildiyi ildə “Uşaqgəncnəşr” Gündüz Abbasovun “Papasının qızı” adlı kitabını buraxıb — özü də 10 min tirajla!
✅ Satirik hekayələr toplusu olan 57 səhifəlik həmin kitab o vaxt 1 manata satılırdı.
✅ İctimai Televiziyada yayımlanan "Milyonların Şousu" verilişində "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt" kitabından sual səsləndi.
✅ Sizin fikrinizcə düzgün variant hansıdır?
✅ Xanlıqlar dövründə evlənmək asan iş deyilmiş.
✅ Qarabağ xanlığında kəndli öz ailəsində olan toya görə 10 manat ödəməli idi. Üstəlik, ağa ya onun övladı toy eləsə, ona da 10 manat bəxşiş verəcəkdi. 10 manat həmin dövrdə çox böyük pul sayılırdı.
✅ Car-Balakən azad icmalarında və İlisu sultanlığında kəndlilərin ödədikləri toy pulu vergisi də narazılığa səbəb olurdu. Bəyin icazəsi olmadan kəndli evlənə bilməzdi. Evlənmək istəyən oğlan, başqa yerdən gəlməsə belə gəlin üçün mülkədara 5 manat verməli idi. Qız mülkədarın icazəsi olmadan qonşu və başqa sahibkarın kəndlisinə ərə getdikdə, mülkədarın qarşılıqlı razılığına əsasən, hər birindən ayrılıqda olmaqla gəlindən və evlənən bəydən, yaxud onların valideynlərindən 10 manatdan 30 manata qədər, yaxud bir at cərimə alınırdı. Evlənmək üçün qız qaçıran oğlan mülkədara 50 manat cərimə verir və şəriət qanunu ilə cəzalandırılırdı.
@sakit_redaktor
✅ 1961-ci ilin yazında kosmosa uçmağa 6 namizəd vardı. Uçuşa az qalmış baş konstruktor Sergey Korolyov onlardan soruşmuşdu ki, tapşırığı yerinə yetirməyə hazırdırlarmı? Hamı "hazırıq" demişdi. Yalnız Yuriy Qaqarın demişdi ki, səhərdən başım ağrıyır. Amma mən də hazıram.
✅ Korolyov izah etmişdi ki, səhər yeməyi zamanı onlara baş ağrısı yaradan dərman verilib. Əslində, indi hamının başı ağrıyır. Həqiqəti isə yalnız Qaqarin dedi.
✅ Uzaq 2006-cı ildə, düz 20 il öncə, 8-ci sinifdə oxuyanda söz, onun dəyəri barədə inşa yazmışdım. Həmin inşanı "Azərpoçt"un keçirdiyi respublika inşa müsabiqəsinə yollamışdıq. 1-ci yer tutduğumu tədbir zamanı öyrəndim. Elə həyəcanlanmışdım ki, çıxış zamanı cəmi 3 cümlə demişdim - onların da ikisini təkrar səsləndirmişdim. 😂
✅ Az öncə "Azərpoçt"un yazı müsabiqəsi elanını görəndə həmin anlar yadıma düşdü. Elanda yazılıb ki, müsabiqədə 9-15 yaş arası məktəblilər iştirak edə bilər. Sizin də həmin yaşlarda övladınız və ya qohumunuz varsa, bəlkə ona maraqlı olar. Yazı maksimum 800 söz həcmində olmalı, əl yazısı ilə ingilis dilində yazılmalıdır. Elan həmçinin bildirir ki, 1-ci yerin qalibi beynəlxalq mərhələdə Azərbaycanı təmsil edir. Açığı, detalları bilmirəm. Ona görə linki şərhdə sizinlə bölüşürəm. İştirak edəcək hər kəsə bolluca uğurlar ♥️
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
